1 aprel Gülüş günüdür

01/04/2019 - 09:10 3 622 0   0  

Hər il aprel ayının 1-də Avropada və bir çox Asiya ölkələrində Gülüş günü keçirilir. 
Bu gün rəsmi bayram kimi heç bir ölkənin təqviminə daxil edilməsə də, dünyanın bir çox dövlətlərində qeyd edilir. Böyük Britaniyada “Səfehlər günü”, Fransada isə “Aprel balığı günü” adlandırırlar. 
Bəzi mənbələrə görə, 5 əsrlik tarixi olan gülüş günü ilk dəfə Fransada təşəkkül tapıb. 1564-cü ildə Fransa Kralı IX Çarles, il başlanğıcının yanvar ayının birinci günü olması barədə qərar verdi. Bundan əvvəl Fransada yeni ili 1 apreldə qeyd edirdilər. O zamankı rabitə şərtlərində IX Çarlesin bu qərarı ölkədə çox da yayılmadı. Məsələn xəbərdar olanlar isə protest məqsədi ilə köhnə adətlərinə davam etdilər. 1 apreldə şənliklər keçirtdilər. Digərləri isə onları aprel axmaqları kimi qəbul etdilər.1 aprelə “bütün axmaqların günü” adını verdilər. 
Bu gündə mühafizəkarlara sürpriz hədiyyələr verdilər, təşkil olunmamış qonaqlıqlara dəvət etdilər, gerçək olmayan xəbərlər yaydılar.Uzun illər sonra yanvarın ilk ay olmasına öyrəşdilər və 1 aprel gününü mədəniyyətlərinin bir parçası kimi görərək gülüş günü kimi davam etdirdilər. 
İndi bütün dünyada 1 Aprel Beynəlxalq Gülüş Günü kimi qeyd olunur.
Başqa rəvayətə görə hələ qədim Romada 17 fevralı “Avamlar bayramı kimi” keçirirmişlər. Şərqi Hindistanda isə bu bayram martın 31-nə təsadüf etmişdi. Rəvayətə görə, belə qeyri-adi ənənəyə təbiətin özü səbəb olmuşdu. Havanın yaz şıltaqlıqlarını əhali gülüş və zarafatlarla qarşılamaq məqsədilə bu günü özlərinə xoş ovqat yaratmaq üçün seçiblər.
Bir çox ölkələrdə isə ildə bir dəfə- məhz aprelin 1-də “İtaətsizlik bayramı” keçirilirdi. Həmin gün adamlar cəzasız olaraq öz hökmdarlarını lağa qoya bilər, gündəlik davranış qaydalarını poza bilər, öz mənfi emosiyalarını “söndürə” bilərdilər. Eyni zamanda “Səfehlər kralı” və ya “Zarrafatlar kralı” təyin edər, şənlənər, lətifələr söyləyərdilər. Həmin gündə maska geyinmək qayda idi. Çünki belə etdikdə daha təhlükəsiz halda “xuliqanlıq” etmək mümkün idi.
Azərbaycanda isə bu gün daha çox insanların bir-birlərini aldatması ilə müşahidə olunur.