Xaçmazda qadın intihar edib

28/03/2019 - 14:34 8 824 0   0  
 

Mərhumun bacısı və qardaşı dəfələrlə mətbuat konfransı keçirərək analarının qətlinin qəsdən araşdırılmadığını bildirib.

Martın 28-də Xaçmaz rayon (Bakıdan 160 kilometr şimal) sakini Təranə Həbibova yaşadığı beşmərtəbəli binanın damından özünü atıb. Yerli mənbələrin fikrincə, gənc qadını bu addımı atmağa yerli hakimiyyət və hüquq-mühafizə orqanlarının onun ailəsinə qarşı ədalətsiz münasibəti vadar edib.

Xaçmaz rayon polis şöbəsi Təranə Həbibovanın intihar etdiyini Amerikanın Səsi radiosuna təsdiqləyib. İstintaq gedir.

Mərhumun bacısı Gülnarə və qardaşı Fuad Həbibovlar dəfələrlə mətbuat konfransı keçirərək bildiriblər ki, hüquq-mühafizə orqanları onların anası Nəcibə Həbibovanın qətlini qəsdən araşdırmır. Nəcibə Həbibova 2010-cu il noyabrın 15-də öz mənzilində qətlə yetirilib. O, Xaçmazda yerləşən “Arzu” Ticarət Mərkəzinin sahibi olub. Övladları əmindir ki, qətl bu obyekti ələ keçirmək üçün törədilib. 

Həbibovlar bildiriblər ki, 2002-ci ildə rayona Şəmsəddin Xanbabayev rəhbərlik etdikdən sonra “Arzu” Ticarət Mərkəzinin onlardan alınması məqsədilə ailəyə təzyiqlər edilib.

Bununla yanaşı, bacısının ölüm xəbərini eşidən Cavid Xaçmaz rayon icra hakimiyyəti başçısı Şəmsəddin Xanbabayevə hücum çəkib, onu sillə ilə vurub. Bu barədə Cavid özü jurnalistlərə bildirib. 

“Mən bacımın ölüm xəbərini eşidəndə bir anda şoka düşdüm, nə edəcəyimi bilmirdim. İcra hakimiyyətinə getdim və Şəmsəddin Xanbabayevi vurdum. İcra hakimiyyətinin işçiləri isə məni sakitləşdirmək əvəzinə yetərincə döydülər”, - deyə o qeyd edib. 

Xaçmaz rayon prokurorluğundan bildiriblər ki, Təranə Həbibovanın ölümü ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Tapdıq Fərhadoğlu