Müğənni Afətə bu cəsarəti kim verib - üç xalq artistini birdən təhqir etdi

27/03/2019 - 23:43 14 455 0   0  

Yasin Qarayev: “Afət bütün vasitələrdən istifadə edərək dönə-dönə hər üç sənətkardan, xalq artistindən üzr istəməlidir”

img

“Lap kimlərisə minnətçi salmalıdır ki, həm Rasim Balayev, həm Flora Kərimova, həm də Brilliant Dadaşova onu bağışlasın”
Elşad Aydınoğlu:”Afətin onu tənqid edən üç xalq artistinə qarşı səsləndirdiyi təhqiramiz fikirlər qətiyyən qəbuledilən deyil”

 

Bir neçə aydır ki, efirlərdə və sosial şəbəkələrdə Afət Fərmanqızı adlı müğənninin davranışları, xüsusən də dahi Azərbaycan şairi İmadəddin Nəsiminin məşhur “Sığmazam” qəzəlini “Pəncü şeş” adı ilə təhrif edərək oxuması tənqid edilir. Nəinki sənət adamları, hətta tanınmış elm və mədəniyyət xadimləri də Afətin ifasına kəskin etirazını bildirib.

O, bundan nəticə çıxarmaq əvəzinə onu tənqid edənlərə təhqirlə cavab verir. Demək olar ki, Afət efirlərdə, sosial şəbəkələrdə, bir sözlə, əlində harada imkan düşdüsə orada öz əməllərindən qalmır. Son zamanlar onun bu hərəkətləri respublikanın tanınmış sənət adamlarını da dilə gətirib. Xalq artistləri Rasim Balayev, Flora Kərimova və Brilliant Dadaşova Afətin bu hərəkətlərini Azərbaycan musiqisinə təhqir hesab edərək həm onu, həm də ona efir imkanları yaradanları ciddi şəkildə qınayıblar.    

Məlumdur ki, xalq artisti Flora Kərimova ilə Nəsiminin “Sığmazam” qəzəlinə mahnı oxuyan və tənqidlərə məruz qalan müğənni Afət Fərmanqızı arasında yaşanan qalmaqala Brilliant Dadaşova da qoşulub. B.Dadaşova xalq artisti F.Kərimovanın Afət  tərəfindən təhqir olunmasına etirazını bildirib. O, qeyd edib ki, 50 ildən çox sənəti olan Flora Kərimovanın təhqir olunması mentalitetimizə, milli-mənəvi dəyərlərimizə zidddir. “Bəzən fikirləşirəm ki, bizim ayıblarımızı diktatura rejimi örtürmüş?! Biz indi müstəqil, azad respublikayıq. Bu o deməkdir ki, biz böyük-kiçiyə hörməti itirməliyik?!” - deyə bildirən sənətkar ziyalıları bu məsələdə susmamağa çağırıb: “Buna son qoymaq lazımdır. Səhvimizi tapıb düzəltməliyik”.

Xatırladaq ki, F. Kərimova verilişlərdən birində Afətə ifasına görə ağır sözlər deyib: "Vətəni ürəklə sevib, ağılla qorumaq lazımdır. O xanım böyük qəbahət etdi. Azərbaycan musiqisini, onun ləyaqətini ayaqlar altına atdı. İnsanları çaşdırdı. Qulaq asdığım, hörmət etdiyim sənətçiləri özlərinə əl çaldırdı. Milləti, əvvəlcə tənqid, sonra təhqir etdi. Əcəb etdi. Afət, sən özünə necə sığışdırırsan? Sən kimə sataşırsan, sənin qəhrəmanının, simanın dərisini soyurlar, sən isə belə oxuyursan”.

Sözügedən açıqlamadan sonra A. Fərmanqızı instaqramda Kərimovanın "Qaynana 2" filminin çəkilişi zamanı vannada çəkilən şəklini paylaşaraq tənqidə belə cavab verib: "Bu xanım yaxın günlərdə Faiq Ağayevə sənəti yoxdur dedikdən sonra məni tənqid etməyə başlayıb. Faiq bəy onunla duet oxuyan vaxtı artıq sənətkar idi. Əziz və hörmətli müğənnimiz, bu vannadakı şəklinizi görəndən sonra ağlım başımdan çıxdı. Bir də ayıldım ki, qəzəli hind melodiyası ilə oxumuşam. Qısacası, günah sizdədi. Siz bu vannaya uzanmasaydınız, mən də qəzəli o cür oxumazdım. Mənim belə şəklim olsa, vannamı başıma aşırtmışdınız”.

Afət həddini aşaraq xalq aristlərinə “Buradan bəyan edirəm, qələt eləyirsiz, məni tənqid etdiyiniz yerdə” - deyib.

Afət xalq artisti Brilliant Dadaşovanın tənqidinə təhqirlə cavab verməkdən çəkinməyib. “Bir xalq artisti digərinin tərəfini tutur ki, təhqir olunur. Döymə taxta qapımı, döyməyim dəmir qapını. Mən oturduğum yerdə heç kimi təhqir etmirəm. Məni təhqir edəni təhqir edirəm. Kimliyindən asılı olmayaraq, xalq artistidir hər kimdir. Getsin hərə öz xarabasında otursun, öz zibili ilə məşğul olsun” - deyə bildirib.

Xalq artisti Rasim Balayev isə Afət Fərmanqızının onu və həmkarı Flora Kərimovanı təhqir etməsinə münasibət bildirib. Afəti “virus” adlandıran sənətkar hesab edir ki, günah onu efirlərə çıxarıb reklam edənlərdədir. “Bunlar adam deyillər, virusdur, bakteriyadır. Belə baxanda əcəb edir. Onu efirə buraxanlardadır günah! Təqsir onu himayə edənlərdə, efirə buraxanlardadır. Belə adamı nə saytlara, nə də efirlərə buraxmaq olmaz. Mən bunu dəfələrlə demişəm. Ancaq çox təəssüf ki, mənim fikirlərimi sayan yoxdur. Telekanal efirlərində özbaşınalıq və yiyəsizlik baş alıb gedir. Efirləri açıq qapıya döndəriblər. Kim gəldi ora buraxırlar. Ona görə də bunlar bu qədər qürrələnir” - deyə o, bildirib.

Afətin üç xalq artistini birdən təhqir etməsini kəskin etirazla qarşılayan xalq artisti, tanınmış aktyor Yasin Qarayev baki-xeber.com-a bildirdi ki, Afəti ümumiyyətlə tanımır və ifasına bələd deyil. O, hesab edir ki, A.Fərmanqızı Azərbaycan incəsənətinin hər üç görkəmli simasından üzr istəməlidir. “Mən onu bircə dəfə sarayda görmüşəm, nə ifasından xəbərim var, nə də sənətindən. Lakin onun sənətə öz möhrünü vuran üç görkəmli sənətkarı təhqir etməsi böyük günahdır. Afətin bizim böyük sənətkarlarımızı nəinki təhqir etməyə, hətta onlar haqqında hər hansı bir söz deməyə ixtiyarı, mənəvi haqqı yoxdur. Flora xanım Azərbaycan musiqisinin ağbirçəyi, Rasim Balayev isə incəsənətimizin ağsaqqalıdır. Afət onların yaşına, ağsaqqallığına, ağbirçəkliyinə hörmət etməlidir. Flora Kərimova Azərbaycan musiqisinin çox görkəmli nümayəndəsidir, böyük sənətkarımızdır. Rasim Balayev Azərbaycan teatr və kino tarixinə öz adını qızıl hərflərlə yazan sənətkarımızdır. Brilliant xanımın özü də, bütün nəsili də milli musiqimizə, incəsənətimizə xidmət edib, mədəniyyətimizə əvəzsiz töhfələr verib. Afət çox nahaq yerə onların ünvanına təhqiramiz ifadələr işlədib. Sən kimsən axı? Sənin sənətin olsa da belə, sənətdə öz sözünü deyən insanlara qarşı artıq ifadələr işlətməməlisən. Bir ağsaqqal kimi məsləhət görərdim ki, Afət bütün vasitələrdən istifadə edərək dönə-dönə hər üç sənətkardan, xalq artistindən üzr istəməlidir. Lap kimlərisə minnətçi salmalıdır ki, həm Rasim Balayev, həm Flora Kərimova, həm də Brilliant Dadaşova onu bağışlasın. Afət nə haqla xalqın, dövlətin böyük hörmətini qazanan sənətkarlara qarşı belə ifadələr işlədib. O, dərhal üzr istəməlidir” - deyə Y.Qarayev bildirdi.

Gənc və tanınmış muğam ifaçısı Elşad Aydınoğlu da hesab edir ki, A.Fərmanqızı üç böyük sənətkara qarşı səhv edib. “Onun bu hərəkətləri qəbuledilən deyil. O səhv edib bizim üç böyük sənətkarımızın ünvanına təhqiramiz ifadələr işlədib. Rasim Balayev, Flora Kərimova və Brilliant Dadaşova Azərbaycan mədəniyyətinin, incəsənətinin vizit kartıdır. Onlar uzun illər bizim mədəniyyətimizi, incəsənətimizi ləyaqətlə təmsil ediblər. Afətin onu tənqid edən üç xalq artistinə qarşı səsləndirdiyi təhqiramiz fikirlər qətiyyən qəbuledilən deyil” - deyə E.Aydınoğlu bildirdi.

İradə SARIYEVA