“Müharibə edib öz torpaqlarımızı geri almaqdan başqa çıxış yolumuz yoxdur!”- İlyas İsmayılov hakimiyyətə səsləndi

27/03/2019 - 12:29 10 738 0   0  

Ədalət Partiyasının sədri, hüquq elmləri doktoru İlyas İsmayılovun “AzPolitika”ya müsahibəsi

 İlyas müəllim, Prezident İlham Əliyevin imzaladağı əfv sərəncamı ilə beynəlxalq təşkilatların “siyasi məhbus” hesab etdiyi xeyli sayda məhbus, o cümlədən bir müddət əvvəl Sizin də azadlığa buraxılmasını istədiyiniz sabiq səhiyyə naziri Əli İnsanov artıq azadlığa çıxıb. Bu əfv sərəncamını necə qiymətləndirirsiniz?

– Müsbət. Bağışlamağı bacarmayan insanı “insanların ən pisi” sayarlar. Dövlət başçısı isə xüsusilə mərhəmətli olmasıyla fərqlənməli, seçilməlidir. Çünki onun əlində nəhayətsiz, hüdudsuz bir güc var və mərhəmət hissi bu güclə balans təşkil etməyəndə, o güc istənilən hakimiyyətin əlində repressiya alətinə çevrilir. Bu güc öz vətəndaşını, tabeçiliyindəkiləri əzməyə, məhv etməyə yox, cəmiyyətdə ədalətin qorunub saxlanmasına və dövlətin, millətin gerçək düşmənlərinə qarşı yönəlməlidir. İslam aləminin ən böyük şəxsiyyətlərindən olan Həzrəti Əli bu səbəbdən deyirdi: “Şəxsinizə edilən pisliyi unudun, millətinizə ediləni isə əsla”.

Mən hesab edirəm ki, Prezidentin siyasi məhbus kimi tanınan şəxslərin əkəriyyətini, o cümlədən də Əli İnsanovu, Gözəl Bayramlını, Fuad Qəhrəmanlını və adlarını çəkmədiyim digərlərini azad etməsi çox təqdirəlayiq haldır və bu, cəmiyyətdə ədalətin bərpası, siyasi dialoq mühitinin formalaşması və barışın yaranması üçün sonrakı addımların atılmasında çox yaxşı bir təməl, bünövrə ola bilər.

– Sizcə, hakimiyyət daha hansı addımları atmalıdır ki, dediyiniz kimi, cəmiyyətdə ədalətin bərpası, siyasi dialoq və barış mühitinin yaranması mümkün olsun?

– Tarix sübut edib ki, yalnız ədalət həm insan münasibətərində, həm də elə idarəetmədə yeganə əsas tarazlayıcı, nizamlayıcı anlayış, ünsürdür. Ədalət olan yerdə yalana, riyaya, zorakılğa, silaha da ehtiyac olmaz. Qədim yunan filosofu Platon nahaq yerə demirdi ki, “insan üçün xoşbəxtlik qapısını yalnız ədalət açar”.

Bu baxımdan, hesab edirəm ki, bütün sahələrdə dövlət sükanını əlində saxlayan hakimiyyət təmsilçilərinin ədaləti gözləməsi, ədalətli davranışı Azərbaycan insanına da xoşbəxtlik qapısını açacaq əsas təkan olar.

Unutmamalıyıq ki, ədalət istəyi, ədalət arzusu, necə deyərlər, ədalətin həsrətini çəkmək, ona tamarzı qalmaq xalqımızın mentalitetinin əsasını, özəyini təşkil edir. Bu istək bizdə, sözün əsil mənasında, genetik səviyyədədir, irsi xarakter daşıyır. Bir çox xalqlarda bu istək bu səviyyədə deyil.

Hakimiyyət də xalqın bu xüsusiyyətini dərk edib, onu bütün fəaliyyətinin amalı, məqsədi saymalı, ədalətə qulluq edərək yalanı, zorakılığı insan və hakimiyyət münasbətlərindən silib atmalıdır.

Həyat göstərir ki, stabil iqtisadi inkişaf və mənəvi dirçəliş o cəmiyyətlərdə daha uğurla baş verir ki, orada insan münasibətlərində, xüsusilə də hakimiyyət və vətəndaş arasında yalana, böhtana, müxtəlif formalarda ifadə olunan zorakılığa deyil, məhz həqiqətə, ədalətə üstünlük verilir. Hakimiyyət tərəfindən nümayiş etdirilən ədalətsizlik isə ancaq və ancaq xalqı qəzəbləndirər, hiddətləndirər, belə olan vəziyyətdə də heç bir inkişafdan söhbət gedə bilməz. Misal üçün, məlumdur ki, hər bir insanın qiyməti onun cəmiyyətə, insanlara verdiyi fayda ilə ölçülür. Əgər insan cəmiyyətə fayda verirsə, insanlara gərək olursa cəmiyyət də, insanlar da o şəxsə hörmət və izzət göstərməlidirlər.
Cəmiyyətə ziyan vuran, insanlara zülm edən, onların bu gününü və gələcəyini əlindən alan hakimiyyət korrupsionerləri, oğruları vəzifə başına gətirirsə, onların cinayət fəaliyyətləri üçün şərait yaradırsa, üstəlik, vaxtaşırı onları nümayişkarcasına “Şərəf”, “Şöhrət” və digər ordenlərlə təltif edirsə, bu, ən böyük ədalətsizik olar, cəmiyyətdə ancaq və ancaq qəzəb və hiddət doğurar.

Axı şərəf hər hansı bir şəxsə məhz cəmiyyətin hörmət və izzətindən ibarətdir. Cəmiyyətin nifrət obyekti olan şəxsləri şərəf ordeni ilə təltif etmək bir tərəfdən cəmiyyətə böyük hörmətsizlik, digər tərəfdən təltif olunanların cinayət fəaliyyətlərinin cəzasızlıq şəraitində daha inamlı davam etdirmələrinə təkan verər, beləliklə, onları daha da azğınlaşdırar, nəticədə insanlar, cəmiyyət uduzar.

Yaxşı olardı ki, Zahid Orucun rəhbərik etdiyi yeni qurum, ilk növbədə, elə “Şərəf”ordeninin daşıyıcılarının fəaliyyətləri barəsində prezidentə doğru-dürüst məlumat versin, ədalətsizliklər bir daha təkrar olunmasın.

– Bu əfv sərəncamına, eləcə də Prezidentin Novruz bayramı münasibətiylə xalqa təbrik nitqində siyasi islahatlarla bağlı söylədiklərinə istinad edən bəzi ekspertlər ehtimal edirlər ki, hakimiyyətin başladığı bu açılım prosesi ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsiylə yekunlaşacaq. Sizcə, bu, nə dərəcədə realdır və seçki keçirilsə, partiyanız prosesdə iştirk edəcəkmi?

– Hakimiyyətin islahat aparmaq istəyində səmimi olub-olmadığını görmək üçün hansı addımların atılmasının vacib olduğunu bir müddət əvvəl demişəm: korrupsiyaya qarşı ciddi mübarizəyə başlanılmalı, məmurların gəlirləri və xərcləri barədə deklarasiya vermələri təmin edilməli, biznes siyasətdən və idarəçilikdən ayrılmalı, inhisarçılığa son qoyulmalı, məhkəmələrin həqiqi müstəqilliyi təmin edilməlidir və s.

Qaldı seçki məsələsinə, təəssüf ki, indiyədək Azərbaycanda tam azad, ədalətli və demokratik seçki keçirilməyib, hakimiyyət bütün seçkilərin nəticələrini saxtalaşdırıb. Bu səbəbdən beynəlxalq təşkilatların hesabatlarında Azərbaycandakı seçkilər həmişə sərt tənqid hədəfinə çevrilir.

Əlbəttə, çox yaxşı olardı ki, hakimiyyət, nəhayət ki, ölkədə bir demokratik seçki keçirmək ənənəsinin əsasını qoyaydı. Axı seçkilər təkcə hakimiyyətin dinc ötürülməsi mexanizmi deyil, həm də xalqın hakmiyyətin təşkilində iştirakı deməkdir və bu özünütəşkillə xalqı yetişdirən, formalaşdıran bir vasitədir. Biz haçanacan xalqı bu imkandan məhrum edəcəyik? Heç olmasa, düşmənimizə baxaq, onlardan ibrət götürək. Bu gün beynəlxalq aləmdə Nikol Paşinyana müsbət münasibət həm də onunla bağlıdır ki, o, seçki yoluyla hakimiyyətə gəlib, erməni xalqının iradəsini ifadə edir. Heç bilirsinizmi ki, təkcə bu fakt danışıqlar prosesində onun əlini necə gücləndirir, işğalçı Ermənistanı danışıqlar prosesində nə qədər önə çıxarır?!

– Paşinyandan söz düşmüşkən, onun “mən Ermənistanın baş naziriyəm, Dağlıq Qarabağın adından danışa bilmərəm” bəyanatını necə qiymətləndirirsiniz? Sizcə, beynəlxalq vasitəçilərin sülh danışıqlarını gücləndirmək çağırışlarının intensivləşdiyi bir vaxtda bu kimi bəyanatlar sülhə töhfədir, yoxsa ənənəvi danışıqlar formatını dəyişməklə və zaman udmağa çalışmaqla sülh prosesini pozmaq cəhdi?

– Əzizim, nə sülh?! Biz bir həqiqəti bilməli və qəbul etməliyik ki, bizim müharibə edib öz torpaqlarımızı geri almaqdan başqa çarəmiz, çıxış yolumuz yoxdur! Mən elə bugünlərdə sizin saytda keçmiş müavinim, istedadlı jurnalist Elxan Şükürlünün “Son çarə-müharibə: ona qadın gözü ilə baxmaq olmaz” adlı gözəl bir məqaləsini oxudum. Çox istərdim ki, o məqaləni hamı, xüsusən də hakimiyyətdəkilər diqqətlə oxusunlar. Mən Elxanı həmişə öz doğma balam bilmişəm, partiyada olsa da, olmasa da onu hər yerdə mənim başımı uca edəcək öz kadrım, yetirməm saymışam, sevinirəm və təşəkkür edirəm ki, cəmiyyətin təslimçi ovqata kökləndiyi belə bir həssas dövrdə məhz o ortaya belə bir cəsarətli mövqe qoydu. Bəli, biz qorxmadan, çəkinmədən həm düşmənə, həm də bizi təslimçi sülhə sövq edən xarici güclərə müharibə əzmində olduğumuzu, güzəştə getməyəcəyimizi göstərməliyik, eyni zamanda hakimiyyətə də o mesajları verməliyik ki, o, Azərbaycan xalqının adından danışıb hansısa gizli sövdələşmələrə gedə bilməz, gedərsə, bu, onun fəlakəti olar!

Hakimiyyətdəkilər anlamalıdırlar ki, heç bir xarici güc onları xalqın qəzəbindən qoruya bilməz, ancaq xalqa üz çevirsələr, xalqa söykənsələr, bu xalq onları o xarici güclərdən qorumaq iqtidarındadır. Odur ki, hakimiyyət xalqa üz çevirməli, xalqa arxalanmalı, xalqın maraqlarını əsas götürməli və çəkinmədən də xalqı müharibəyə hazırlamalı, səfərbər etməlidır.

Ermənilər zor görməsələr, onları əzib keçəcəyimizi anlamasalar, o torpaqlardan çıxan deyillər. Əksinə, fikir verirsinizsə, nəinki Dağlıq Qarabağa, habelə zəbt etdikləri yeddi rayona böyük sərmayə qoyub, abadlıq işləri aparırlar, bir növ, o torpaqları tam mənimsədiklərini nümayiş etdirirlər. Laçın, Qubadlı, Zəngilan rayonları və Cəbrayıl rayonunun bir hissəsində “Kaşantar” adlandırılan yeni rayon yaradıblar, ona da ABŞ vətəndaşı olan Stepan Sərkisyan adlı birini də başçı qoyublar. O da arvadı Nelli Martirosyanla birlikdə rayon ərazisində bayram tamaşaları təşkil edir, Azərbaycan torapaqlarında ermənilər yallı gedirlər. 22 km-lik Qafan-Zəngilan yolu çəkirlər. Kəlbəcər rayonunun Kiran kəndi yaxınlığında, Qarabağ müharibəsi zamanı Azərbaycan ordusunun hücumunun dayandırıldığı məkanda “Nor Kilikiya”- “Yeni Kilikiya” adlı yeni qəsəbə tikirlər. Murov dağlarından Araz çayına qədər olan ərazidə yerləşən Kəlbəcər (adını da Şaumyan qoyublar) və Kaşatak (Laçın, Qubadlı, Zəngilan və Cəbrayılın bir hissəsi) rayonlarının bərpası və məskunlaşma istiqamətində ciddi işlər görürlər. Ermənistanın xüsusi xidmət idarəsinin başçısı Artur Vanesyan bir santimetr torpağı belə, Azərbaycana qaytarmayacağını bəyan edir və Fizuli rayonunun işğal edimiş ərazilərində kənd təsərrüfatını inkişaf etdirmək və müvafiq infrastruktur yaratmasından dəm vurur. Bu torpaqlara ermənilərin köçürülməsini təhlükəsizliklərinin təminatı sayırlar…

Qarşılığında biz nə edirik?! Öz doğma torpaqlarımızı azad etmək əvəzinə, böyük xərc hesabına planetin hər yerində torpaq alıb heykəl qoyur, park salırıq. Deyirlər, artıq bu məqsədlə Bişkekdə də torpaq sahəsi ayrılıb… Mən arzu edərdim və şad olardım ki, belə bir heykəli də elə Xankəndində, Şuşada qoya biləydilər…

– İlyas müəllim, hələlik rəsmi təsdiqini tapmasa da, deputatların maaşlarının artırılması məsələsi də geniş müzkirə olunur. Deputatların bir çoxu bunun gərəkli olduğunu dilə gətiriblər. Keçmiş deputat kimi, bu təşəbbüsə Siz necə baxırsınız?

 Bu, indilikdə səhv addım olar və ac-yalavac bir cəmiyyətdə ancaq qıcıq, ikrah yaradır. Cəmiyyətin inkişaf səviyyəsi deputatların maddi və mənəvi vəziyyəti ilə deyil, məhz müəllimlərin, həkimlərin maddi və mənəvi səviyyəsi ilə ölçülür. Ən düzü o olardı ki, həmin maaşlar millətin gələcəyinin birbaşa asılı olduğu müəllimlərə və həkimlərə veriləydi. Hakimiyyət öncə bu təbəqənin maaşlarının artırılması yolları barədə düşünməlidir. Nə qədər ki, bir ölkənin müəllimi, həkimi ələbaxan, ehtiyac içərisində olacaq, orada hər hansı inkişafan danışmaq gülünclə qarşılanacaq.