“OQTAY MÜƏLLİMİN SAUNA-STRİPTİZ KLUBUNU…” – Spikerin Moskvadakı saunası haqda maraqlı təklif

24/03/2019 - 22:23 12 456 0   0  

“Rusların yerinə olsam Oqtay müəllimin sauna-striptiz klubunu uşaq bağçası edərəm”.

 Bunu tanınmış təhsil eksperti Etibar Əliyev Azərbaycan parlamentinin sədri Oqtay Əsədovun Moskva şəhərində “Kapriz” adlı striptiz klub və digər bahalı əmlaklarının aşkarlanmasına həsr etdiyi ironik “Facebook” statusunda yazıb.
Ekspertin statusunu təqdim edirik:

“Moskvada Bakı küçəsi-29 ünvanında yerləşən “Kapriz” adlı sauna-striptiz klubunun(real bazar dəyəri 10 milyon 629 min ABŞ dolları və ya 70 milyon rus rublu təşkil edir)Azərbaycan parlamentinin spikeri Oqtay Əsədovun ailəsinə məxsusluğu ortaya çıxdı.
Sağ olsunlar, heç olmasa təəsübkeşlik edib, obyekti Bakının adına olan küçədə quraşdırıblar. Yəni ora kayf tutmağa gedənlər, Bakının adına küçə olduğunu xatırlayırlar.

Bunun ardınca Xəzər Universitetinin sahibi Hamlet İsaxanlının Buzovna ilə Mərdəkan arasında “Khazar Golden Beach” adlı olduqca böyük və dəbdəbəli “Otel”i ortaya çıxıb. Tfu..tfu.. göz dəyməsin, heç Avropada belə otel yoxdur. 4500 manat təhsil haqqı ödəyən tələbələr otelin yan-yörəsində üzərlik yandırmağa aparılmalıdırlar.

Hər halda Hamlet müəllim Oqtay müəllimdən daha milli təsir bağışladı. Bizdə yaxşı bir misal var: “Tikilən qalır”. Kimə qalması maraqlı deyil, təki tikilsin…

Rusların yerinə olsam Oqtay müəllimin sauna-striptiz klubunu uşaq bağçası edərəm.

Ay, saman altından su yeridənlər…”

Qeyd edək ki, günlərdir gündəmin məşğul edən əsas mövzulardan biri olmasına baxmayaraq, Oqtay Əsədov hələ də Moskvada ailəsinə məxsus striptiz-klub və digər bahalı əmlakların olması barədə sənəd-sübuta söykənən faktlara münasibət bildirməyib.

V.Nəsibov