İşğalçı ölkəyə Naxçıvan xəbərdarlığı

01/11/2018 - 08:42 3 916 0   0  

Naxçıvan Qarnizonunun hərbi təlimlərindən sonra müdafiə naziri Zakir Həsənov bu il işğaldan azad olunmuş kəndə getdi

Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, Naxçıvan Qarnizonu qoşunlarının xüsusi təyinatlı birləşmə və hissələrinin birgə taktiki-xüsusi təlimində iştirak etmək üçün Naxçıvan Muxtar Respublikasına səfər edən müdafiə naziri, general-polkovnik Zakir Həsənov işğaldan azad edilmiş ərazilərdə olub.

“Yeni Müsavat” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Müdafiə naziri Günnüt kəndi və ətraf ərazilərdə yerləşən mövqelərdə, Qızılqaya yüksəkliyində yaradılmış etibarlı müdafiə sistemi, görülmüş mühəndis işləri və yeni mövqelərdə qısa zamanda inşa olunan əsgəri-məişət kompleksləri ilə tanış olub. Bölmələrin yerləşdiyi ərazinin relyefinə və iqlim şəraitinə uyğun inşa olunan binalar keyfiyyətli mebel dəstləri və digər lazımi avadanlıqlarla, daimi işıq və istilik sistemi ilə təchiz edilib. General-polkovnik Z.Həsənov ön xətdə əsgər və zabitlərlə görüşüb, xidmətin təşkili ilə maraqlanıb, xidmətdə fərqlənən bir qrup hərbi qulluqçuya qiymətli hədiyyələr təqdim edib.

Bundan bir gün əvvəl, oktyabrın 30-da Naxçıvan Qarnizonu qoşunlarının xüsusi təyinatlı birləşmə və hissələrinin birgə taktiki-xüsusi təlimi keçirilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov hərbi təlimi izləyiblər. Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun komandanı, general-leytenant Kərəm Mustafayev Ali Məclisin sədrinə hazırlıq barədə raport verib.

Sonra təlimin mövzusu, məqsədi və mərhələləri barədə məlumat verilib. Qeyd olunub ki, təlimin keçirilməsində məqsəd Naxçıvan Qarnizonunun güc strukturlarının idarəetmə orqanlarının xüsusi əməliyyatların planlaşdırılmasında uzlaşmış fəaliyyətinə nail olmaqdan, birləşmə və hissələrin idarəetmə və əməliyyat heyətinin əməliyyatların planlaşdırılması, idarə edilməsi və təşkili üzrə bilik və bacarıqlarını təkmilləşdirməkdən, eləcə də müdafiə zamanı düşmənin kəşfiyyat-diversiya orqanlarının aşkar, təcrid və məhv edilməsindən ibarətdir. Təlimdə Əlahiddə Ümumqoşun Ordusunun xüsusi təyinatlı birləşmə və hissələrinin, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının, Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin xüsusi təyinatlı bölmələrinin ümumilikdə mindən artıq şəxsi heyəti, 80-ə yaxın zirehli və avtomobil texnikası, 20-dən artıq hava hücumundan müdafiə vasitələri, 40-a yaxın artilleriya qurğusu, 10-dan çox aviasiya texnikası və pilotsuz uçuş aparatları iştirak edib.

Təlimdə düşmənin genişmiqyaslı hücum əməliyyatının və diversiya-təxribat fəaliyyətlərinin qarşısının alınması üçün şərti olaraq müxtəlif döyüş tapşırıqları yerinə yetirilib. Təlim zamanı şərti düşmən birinci eşelon birləşmələrinin güclü müqavimətinə rast gələrək hücumu dayandırmağa məcbur olub. Əlahiddə Ümumqoşun Ordusunun xüsusi təyinatlı bölmələri Naxçıvan Qarnizonunun digər güc strukturlarının bölmələri ilə qarşılıqlı əlaqədə əks-zərbə endirib, düşmən müdafiəsinin yaxın dərinliyindəki dağ aşırımlarını, təminat və təxliyə yollarını tutub, mühüm obyektlərini məhv edib, döyüş texnikasını ələ keçirib.

Düşmənin diversiya-təxribat qrupunun zərərsizləşdirilməsi məqsədilə fəaliyyətə başlayan Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin xüsusi təyinatlıları təxribatçıları zərərsizləşdirərək tam tərkibdə ələ keçiriblər. Sərhədçilər dövlət sərhədinə basqın edən düşmənlə mübarizədə qarşıya qoyulmuş tapşırığı uğurla yerinə yetiriblər. Xüsusi təyinatlı qrup isə düşmən kolonunu mina tələsinə salaraq döyüş texnikalarını qrupun atəşi ilə məhv edib, irəliləmə və geriçəkilmə yollarını bağlayıb.

Müdafiə naziri Günnüt kəndi və ətraf ərazilərdə yerləşən mövqelərdə, Qızılqaya yüksəkliyində yaradılmış etibarlı müdafiə sistemi, görülmüş mühəndis işləri və yeni mövqelərdə qısa zamanda inşa olunan əsgəri-məişət kompleksləri ilə tanış olub ile ilgili görsel sonucu

Düşmənin döyüş-nəqliyyat vertolyotlarından istifadə etməklə qoşunlarımızın müdafiə dərinliyinə hava desantı çıxarmaq cəhdinin qarşısı alınıb, Əlahiddə Əməliyyat Briqadasının xüsusi təyinatlı dəstəsi düşmənin taktiki hava desantını mühasirəyə alaraq qısa müddətdə zərərsizləşdirib. Hakim yüksəkliyin aşırımını müdafiə edən düşmənin canlı qüvvəsini məhv etmək üçün xüsusi təyinatlı qrup ərazinin relyefindən yararlanaraq düşmən mövqeyinə gizli şəkildə yaxınlaşıb. Xüsusi təyinatlı qrup sərrast atəşlərlə düşmənin canlı qüvvəsini məhv edib, müdafiə mövqeyini ələ keçirib və hakim yüksəklik istiqamətində digər qrupların fəaliyyətinə əlverişli şərait yaradıb. Dağ aşırımının digər yamacını ələ keçirmək tapşırığı almış xüsusi təyinatlı qrup təyin edilmiş rayona zirehli “SANDCAT” avtomobilləri ilə hərəkət edib. Xüsusi təyinatlı qrup yüksəklikdə yerləşən düşmən mövqeyini ələ keçirməklə hakim yüksəkliyə hücum edən bölmələrin cinahlardan təhlükəsizliyinə və taktiki desantın hakim yüksəkliyə endirilməsinə şərait yaradıb.

Sərf edilmiş döyüş sursatlarının yenisi ilə təmin olunması, yaralıların təxliyə edilməsi, partlamayan və partlayış-təhlükəli mərmilərin tapılaraq zərərsizləşdirilməsi üçün Fövqəladə Hallar Nazirliyinin pirotexniki taqımı, kinoloqları və xilasediciləri qarşıya qoyulan tapşırıqları uğurla yerinə yetiriblər. Alpinistlər əlverişli istiqamətlərdə hakim yüksəkliyə qalxaraq bölmələrimizə müxtəlif döyüş sursatları çatdırıb, yaralanmış şəxsi heyət təxliyə olunub.

Təlimin gedişində düşmənin ehtiyatlarına aviasiya zərbəsi və hakim yüksəkliyə taktiki hava desantının endirilməsi göstərişi verilib. “SU-25" təyyarələri hədəfi qısa müddətdə məhv edib, ”Mİ-35M" vertolyot manqası düşmənin hakim yüksəklikdə yerləşən mövqelərinə atəş zərbələri endirib. Vertolyotlardan endirilən taktiki hava desantı qrupları mühasirəyə aldıqları düşməni məhv ediblər. “KORD” və “NSVT” pulemyotları ilə silahlandırılmış “KOBRA” və “SANDCAT” yüngül zirehli transportyorların heyətləri düşmənin atəş nöqtələrini susdurublar. Snayper cütlükləri düşmənin döyüş sahəsində komanda heyətini, rabitəçiləri və əsas atəş vasitələrini aşkar edərək zərərsizləşdiriblər. Xüsusi təyinatlı qruplar isə Azərbaycan istehsalı olan “ZƏFƏR” tapançalarından və digər atıcı silahlardan istifadə edərək düşmənin yaxın məsafələrdəki canlı qüvvəsini məhv edib.

Naxçıvandakı hərbi qüvvələrimiz hər zaman Ermənistanda təşviş yaradır. Xüsusilə də bu istiqamətdən baxanda paytaxt İrəvanın “ovuc içində” görünməsi düşməni narahat edir. Üstəlik, bu ilin mayında Ermənistanın işğalı altında olan Günnüt kəndinin azad edilməsi qarşı tərəfdə vahimə yaradıb. Odur ki, Naxçıvan Qarnizonunun hərbi təlimləri və rəhbərliyin bu təlimlərə önəm verməsi düşmənə xəbərdarlıqdır.

Arzu Nağıyev ile ilgili görsel sonucu

Politoloq Arzu Nağıyev “Yeni Müsavat”a dedi ki, Azərbaycan ordusunun Naxçıvanda mühüm bir bufer zonası yaratması və ermənilərin mövqelərini nəzarətdə saxlaması son vaxtlar həm erməni rəhbərliyini, həm də onların havadarlarını ciddi narahat edir: “Bundan başqa, Dağlıq Qarabağa gedən məhz Laçın dəhlizinin artilleriya nəzarətinə götürülməsi də bu yolun tam şəkildə bloklaşması deməkdir. Eyni zamanda Türkiyənin Rusiya ilə müəyyən qədər yaxınlaşması və Ermənistanla sərhəddə öz manevr imkanlarını artırması da Ermənistan üçün narahatlıqlar yaradır. Onsuz da Dağlıq Qarabağda siyasi və iqtisadi vəziyyət günbəgün gərginləşir və yollara nəzarət artdıqca problemlər də dərinləşir. Bu isə Paşinyana seçki öncəsi ancaq maneələr yaradır”.

Ekspertin sözlərinə görə, N.Paşinyan rus qoşunlarının sərhədlərdən çıxarılmasına çalışır: “Hətta bununla bağlı açıq danışmasalar da, proses buna doğru gedir. Bu isə Rusiya tərəfindən birmənalı qarşılanmır. İki dövlət arasında qarşılıqlı inam demək olar ki, bugünkü qədər çətin olmayıb. Rusiyanı narahat edən odur ki, ermənilər daha çox Qərbin təsiri altına düşürlər. Məhz belə bir şəraitdə Naxçıvanda keçirilən genişmiqyaslı hərbi təlimlər Paşinyanı narahat etməyə bilməz. Yəni baxmayaraq ki, bir vaxtlar ”İsgəndər" və digər Rusiya kompleksləri ilə qorxu yaratmağa çalışan Ermənistan artıq Naxçıvanda Azərbaycanın daha güclü texnikaya malik ordu təlimlərini gördükcə təşvişə düşür. Naxçıvan isə İrəvana daha yaxındır və demək olar ki, Ermənistanı hərbi yolla tam şəkildə susdura bilər. Yəni həm Laçın dəhlizi, həm də İrəvanı nəzarətdə məhz Naxçıvan vasitəsilə saxlamaq olar. Bir məqam da istər Rusiya, istərsə də İranla Azərbaycanın normal münasibətlərinin daha da inkişaf etməsidir".

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu ile ilgili görsel sonucu

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu da hesab edir ki, Azərbaycan ordusunun Naxçıvanda keçirdiyi hərbi təlimlərin xüsusi əhəmiyyəti var: “Birincisi, bu hərbi təlimlər Naxçıvanın təhlükəsizliyinin artırılmasına xidmət edir. Naxçıvan düşmən ölkənin əhatəsindədir. Deməli, necə ki, Qarabağ istiqaməti düşmənlə təmas xətti sayılırsa, eləcə də Naxçıvan sərhədi daima diqqət mərkəzində olmalıdır. Bunun üçün isə Naxçıvandakı hərbi qüvvələrimiz daima döyüş hazırlığı vəziyyətində olmalıdır. İkincisi, bir müddət əvvəl Naxçıvanda işğal altındakı ərazilərin bir hissəsi düşməndən azad edilib”. E.Şahinoğlunun sözlərinə görə, təsadüfi deyil ki, müdafiə naziri Zakir Həsənov Naxçıvanda hərbi təlimləri izlədikdən sonra işğaldan azad edilmiş ərazilərdə olub: “Bu, ona görə vacibdir ki, düşmən anlasın ki, müharibə başlasa, ona hər istiqamətdən problem yaradacağıq. Ümumiyyətlə, Azərbaycanla Ermənistan arasındakı növbəti mümkün müharibə yalnız Dağlıq Qarabağı əhatə etməyəcək. Onlara bütün sərhəd boyu problemlər yaratmalıyıq. Elə etməliyik ki, ayaqlarının altındakı torpaq yansın. Bu, ona görə vacibdir ki, Ermənistan işğalın onlara baha başa gəldiyini bir daha anlasın. Onlar da vaxtilə eyni üsuldan istifadə ediblər, Dağlıq Qarabağa aidiyyəti olmayan torpaqlarımızı da işğal ediblər. Demək, biz də Tovuz, Qazax, Gədəbəy, Naxçıvan istiqamətlərindən onlara problemlər yaratmalıyıq. Bunun üçünsə ordumuz inkişaf etməli, modern texnika ilə təchiz olunmalıdır. Yəni biz düşməndən beşqat güclü olmalıyıq. Ermənistan yanlış olaraq hesab edirdi ki, Naxçıvan üzərindən onlara təhlükə yarana bilməz. Ancaq Azərbaycan ordusu Naxçıvanda işğal altındakı torpaqları azad etməklə göstərdi ki, bu istiqamətdə arxayınçılıqları yanlışdır”.

Azərbaycan ordusunun Naxçıvan istiqamətindəki təlimləri həm də ATƏT-in Minsk Qrupunun bölgədəki həmsədrlərinə, nəhayət, işğala son qoymaqdan ötrü konkret addımlar atmaq çağırışıdır.