Səddamsız İraqın 16 ili: ABŞ-a 2,2 trilyon dollara başa gələn işğal

20/03/2019 - 11:24 3 232 0   0  

İraqın işğalı və Səddam Hüseynin devrilməsi hadisəsindən 16 il ötür. Əslində İraqın işğalı prosesi 1991-ci il “Səhrada tufan” əməliyyatından sonra başlamışdı, 11 sentyabr hadisəsinin ardınca ABŞ Əfqanıstandan sonra  İraqı işğal etməklə bu prosesi başa çatdırdı.
Lakin İraqın işğalı Yaxın Şərqdə başlayan terror və xaosun başlanğıcı oldu, obrazlı deyilsə, “Pandoranın qapağı” açıldı. Artıq 16 il ötüb, ancaq İraq hələ də özünə gələ bilmir. Çox uzaq olmayan keçmişdə baş verən hadisələr isə sürətlə cərəyan edirdi.

*****

2003-cü il martın 17-də ABŞ və Britaniya İraq lideri Səddam Hüseynə təslim olması üçün 48 saat vaxt verdi. Verilən vaxt tamam olduqda isə ABŞ və Britaniya ordusunun (ümumilikdə 400 min nəfər yaxın hərbçi - K.R.) rəhbərlik etdiyi 15 ölkədən ibarət koalisiya İraqa hücum etdi. Əvvəlcə Bağdad və İraq ordusuna məxsus mərkəzlər aviasiya və raket atəşinə tutuldu. İraqın bombalanması zamanı müttəfiq aviasiyası 1700 uçuş həyata keçirib, 504 ədəd “Cruise” raketi atılıb.
Hücumun zərbəsi kəskin idi, Körfəz müharibəsndən sonra faktiki olaraq əl-qolu bağlanmış Səddam Hüseyn ordusu 3 həftə tab gətirə bildi. Burada təbii ki, Səddamın sonunun çatdığını hiss edərək ABŞ kəşfiyyatı ilə əməkdaşlıq edən generalların da rolu oldu. Hücum başladıqdan cəmi 20 gün sonra, aprelin 9-da artıq ABŞ tankları Bağdadın mərkəzində idi. Səddam qaçmış, onun hökuməti dağılmışdı. Mayın 1-də ABŞ prezidenti Corc Buş müharibənin başa çatdığını elan etdi. Ancaq işğal başa çatsa da, amerikalılar 2011-ci il dekabrın 15-dək rəsmən İraqda qalaraq savaşı davam etdirdilər. Amma İraqda sabitliyi bərpa etmək mümkün olmadı.

*****

İraqın işğalı ABŞ-a da baha başa gəldi, Buşun “xərcsiz” adlandırdığı müharibəyə Amerika 2,2 trilyon dollar xərclədi. Xərclər bu gün də davam edir. Amerika araşdırma institutlarının hesablamalarına görə, 10 illik savaş dövründə 122 min iraqlı ölüb, 135 min nəfər isə yaralanıb. Ancaq müstəqil araşdırma mərkəzləri 600, bəziləri isə 1 milyon iraqlının müharibədə qurban getdiyini təxmin edir.

Картинки по запросу Səddam Hüseyn

Rəsmi rəqəmlərə əsasən 10 illik işğal dövründə amerikalılar 4475 (bəzi rəqəmlərə görə, 4487 - K.R.) nəfər itirib, 32 min nəfər isə yaralanıb. Müttəfiq ölkələrdən ölənlərin sayı isə 318 nəfər olub. Amerikalılar İraqda ən böyük itkini işğal zamanı, yəni 2003-cü ildə deyil, 2004-2007-ci illərdə partizan müharibələri zamanı veriblər. Ən böyük itkilər isə kənardan idarə olunan partlayışlar zamanı qeydə alınıb. ABŞ-ın İraqdakı itkilərinin 55-65 faizi məhz kənardan idarə olunan bombaların partlaması nəticəsində qeydə alınıb.
İraqın işğalı Əfqanıstanda 1980-ci illərdə başlayan cihad və terror müharibəsinin bu ölkəyə gəlməsinə səbəb oldu. 2006-2007-ci illərdə “Əl-Qaidə” İraqda peyda oldu və məzhəb düşmənçiliyi daha da alovlandı. İraqda silahlı qrupların öz arasında və həyata keçirdiyi silahlı hücumlar nəticəsində 35 min insan öldürülüb, İraq təhlükəsizlik qüvvələri işğal dövründə 10 mindən artıq əməkdaşını itirib.

Картинки по запросу Səddam Hüseyn

İşğaldan bir neçə ay sonra 2003-cü ilin payızında amerikalılar ölkənin idarəçiliyini keçid koalisiyasına verdilər. 2005-ci ildə isə ölkənin yeni konstitusiyası qəbul olundu və parlament seçkiləri keçirildi. İraq parlamentar respublikaya keçdi. Müharibə başlayanda gündəlik 2.5 milyon barel neft ixracatı olsa da, işğal zamanı bir müddət neft sənayesi tamam dayanıb. Ancaq hazırda İraq 4,4 milyon barel gündəlik neft ixracatı ilə dünyanın öndə gedən neft ixracatçı ölkələrindən biridir.

*****

Səddam Hüseyn özü isə 2003-cü ilin 13 dekabrında ana vətəni Tikrit yaxınlığında gizli sığınacaqda ələ keçib. Amerikalılar Səddam Hüseyni uzun müddət istintaq altında saxladıqdan sonra İraq məhkəməsi qarşısına çıxarıblar. Diktator çoxsaylı qətliam və cinayətlərdə ittiham olunurdu. Onlardan ən məşhurları 148 nəfərin öldüyü şiə qəsəbəsi Duceyldə törədilən qətliam və 5 min iraqlı kürdün kimyəvi bombalarla öldürüldüyü Hələpçə qətliamı idi.

Похожее изображение

2006-cı il dekabrın 30-da Bağdadda yerləşən hərbi bazalardan birində sabiq İraq diktatoru Səddam Hüseyn asılaraq edam edildi. Ancaq Səddam tərəfdarları İraqda qalırdı. Keçmiş diktatorların tərəfdarları bir də 10 il sonra, 2013-cü ildə meydana çıxdılar. Səddam Hüseynin keçmiş zabitləri, partiya fəalları İraqda yaranmış və Suriya ilə İraqda fəaliyyət göstərən “İraq Şam İslam Dövləti” qruplaşmasına qoşuldular. Keçmiş diktatorun tərəfdarlarından formalaşan “Nəqşibəndi ordusu” qruplaşması İŞİD-lə ittifaq yaradaraq ölkənin bir sıra şəhərlərini, o cümlədən ikinci böyük şəhəri Mosulu işğal etdi.
Müharibə nəticəsində 3 milyondan çox iraqlı ölkə daxilində qaçqın oldu, 2 milyondan çoxu isə ölkə xaricinə qaçmağa məcbur qaldı. 2014-cü ildə İŞİD-in Mosulu və ətraf bölgələri işğal edərək Bağdadın 57 kilometrliyinə qədər gəlməsi ilə İraq ikinci bir ağır müharibə dönəminə qədəm qoyub və minlərlə insan öldürülüb, qaçqın düşüb. İŞİD-lə mübarizə hələ də davam edir. İraqın yaralarını sağaltması isə hələ uzun illər vaxt alacaq. Bu ilin əvvəlində Küveytdə İraqın bərpası ilə bağlı konfrans keçirilib. İraq hökuməti bəyan edib ki, İŞİD-in dağıtdığı bölgələrin yenidən bərpası üçün 88 milyard dollar lazımdır. Konfransda İraqa 30 milyard dollar yenidənqurma üçün yardım təklif edilib, ancaq İraqdakı korrupsiya səbəbindən maliyyə yardımının donor ölkələrin özləri tərəfindən xərcələnəcəyi qeyd olunub. İraqın bu xaos və dağıntılar “bataqlığından” nə zaman çıxacağı isə məlum deyil./musavat.com