Qərbi Azərbaycan İcmasından Əli İnsanovla bağlı AÇIQLAMA

19/03/2019 - 16:33 18 775 0   0  

“Prezident İlham Əliyevin martın 16-da imzaladığı əfv sərəncamı həm iqtidar, həm müxalifət, həm xalq, həm də beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilib. Qərbi Azərbaycan İcması olaraq biz də bu sərəncamı alqışlayır, ölkənin ictimai-siyasi həyatında mühüm hadisə, milli barışıq yolunda prezident tərəfindən irəliyə atılmış çox ciddi addım hesab edirik. O ki qaldı bundan istifadə edən bəzi dairələrin “Qərbi Azərbaycanlılar” mövzusunu yenidən siyasi dövriyyəyə daxil etməsinə, biz Qərbi azərbaycanlılar düz 30 ildir bu oyunların şahidiyik”.

Bunu Modern.az-a açıqlamasında Azərbaycan Qaçqınlar Cəmiyyətinin və Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli deyib.

O, Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa çıxan sabiq səhiyyə naziri Əli İnsanovla Qərbi azərbaycanlılar məsələsində birgə fəaliyyət göstərə bilmək haqda mülahizələrə fikir bildirib:

Ə.Ələkbərlinin sözlərinə görə, bu oyunların kimə və nəyə xidmət etdiyi, hansı siyasi qrup və klanların maraqlarına hesablandığı da məlumdur:

“Görünür, yenə də bəlli qüvvələr yaxın zamanda üç-beş adamın üstünə atılacaq çirkabı böyük bir kəsimin üzərinə yıxaraq, öz aləmlərində nəhəng bir toplumu zərərsizləşdirib həm siyasi proseslərin məcrasını istədikləri istiqamətə yönəltmək, həm də öz “yollarını təmizləmək” niyyətindədirlər. Bütün Qərbi Azərbaycanı təmsil etmək iddiasında olan bir təşkilat – Qərbi Azərbaycan İcması olaraq bəyan edirik ki, həmin məkrli qüvvələrin budəfəki planları baş tutmayacaq. Heç kəs də öz siyasi ambisiyasını həyata keçirmək üçün böyük bir bölgənin insanlarından istifadə etmək fikrinə düşməsin. Əvvəl bəyan etdiyimiz kimi, bir təşkilat olaraq biz Azərbaycanın daxili siyasi proseslərinə qarışmayacağıq, bizim əsas məqsədimiz Qərbi Azərbaycan torpaqları uğrunda mübarizədir. Bu müqəddəs yolda səmimi olaraq yanımızda olan hər kəs bizə dost, qarşımızda dayanan hər kəs isə dəf edilməsi bizim üçün o qədər də çətin olmayan maneədir”.
Əməkdaşlığa gəldikdə Ə.Ələkbərli qeyd edib ki, Qərbi azərbaycanlıların problemlərinin həlli məsələsində onlarla çiyin-çiyinə addımlamaq arzusunu bildirən istənilən siyasi qurum, partiya, ictimai təşkilat və şəxslə birgə çalışmaları istisna deyil:

“Kimdən belə bir təklif gəlsə, onu təşkilatımızın rəhbər orqanında müzakirə edəcəyik. Amma həmin fərd əvvəl öz şəxsi, qrup və siyasi ambisiyalarından imtina və təşkilatımızın Məramnamə və Nizamnaməsini qəbul etməli, qərarlarımıza tabe

olmalıdır. Bizi arxasınca aparmaq fikrinə düşməməli, bizim yanımızda durmağı haqq etməlidir. Bizim bəlli bir strukturumuz, bu strukturda təmsil olunan vətən üçün canını belə qurban verməyə hazır bəlli üzvlərimiz var. Bizim heç kəsə müraciət etməyə ehtiyacımız da yoxdur, çünki bu təşkilat onları, yüzləri yox, yüz minləri və milyonları təmsil etmək iddiasındadır və Qərbi Azərbaycan uğrunda mübarizə kimi müqəddəs bir yola çıxıb. Hər hansı bir məsələ üçün kiməsə müraciət etməli olsaq, ancaq dövlətimizə və xalqımıza müraciət edə bilərik. Ona görə də bütün tərəflərə, xüsusilə sifariş yerinə yetirən bəlli media nümayəndələrinə səslənirəm: qurtarın Qərbi Azərbaycan masası üzərindəki oyunlarınızı! Bizi İrəvan, Göyçə, Zəngəzur, bütövlükdə Qərbi Azərbaycan uğrunda mübarizə hədəfimizdən yayındırmağa çalışmaqla düşmən dəyirmanına su və dən tökməyin,