Paşinyanın əsas hədəfi - "Qarabağı Ermənistana birləşdirmək..."

12/03/2019 - 22:33 7 135 0   0  

Ermənistan baş naziri, Nikol Paşinyan sabahkı Təhlükəsizlik Şurası toplantısının Azərbaycanda, Qarabağda keçirilməsinə qərar verib. Deyəcəksiniz ki, burda nə böyük iş var, işğal edib, torpağ onun, iclas onun...

Ancaq məsələ göründüyü qədər sadə deyil. Əvvəla onu deyim ki, bu Ermənistan Təhlükəsizlik Şurasının Qarabağda keçirilən ilk iclasıdır. Ermənistan Qondarma Dağlıq Qarabağ Respublikasını müstəqil dövlət kimi tanımır. Yəni, onun müstəqilliyinə də zəmanət vermir. İndi bir dövlət başqa bir qondarma dövlətin ərazisində hökumət toplantısı keçirmək niyyətindədir. Bu gün Qarabağda Ermənistanın toplantısını keçirmək, sabah Qarabağın Ermənistana birləşdirilməsi üçün zəmin hazırlamaq deməkdir. Görünür, Qarabağdakı əhali də bu məsələdə çox istəklidir. Qeyd edim ki, Qarabağ probleminin başlanma səbəbi də məhz bu idi, “Qarabağı Ermənistana birləşdirmək”.

İndi Paşinyan yürütdüyü siyasətlə bu hədəfə çatmaq üçün əlindən gələni edir. Ermənistan ictimaiyyəti buna tam hazırdır. Məxməri inqilabın eyforiyasından ayıla bilməyən ermənilər bu gün ikinci radikal dəyişikliyi Qarabağda etmək istəyirlər. Niyyət açıq və bəllidir, “Qarabağ Ermənistana birləşdirilsin”.

30 il əvvəl bir hərəkat və ardından gələn inqilabla ermənilər bu niyyəti ortaya qoydular. 30 il sonra yenidən bir inqilabdan sonra erməni xalqı işğal edilmiş Qarabağı Ermənistana birləşdirib, problemə son qoymaq istəyir. Qeyd edim ki, həm Ermənistanda, həm də ölkə xaricində yaşayan əksər ermənilər bu niyyətə köklənmiş durumdadırlar.

Hədəfə çatmaq üçün işlər artıq başlayıb. Sadəcə son 1-2 ay ərzində bu hədəfə çatmaq üçün atılan addımlara diqqət yetirək: Paşinyan “biz sülhü torpaqlara dəyişməyəcəyik” deyir, Bako Saakyan Cəbrayılda tikilmiş yeni binaların açılışında iştirak edir; Milli Təhlükəsizlik Xidməti Rəisi Vanetsiyan Fizulidə və digər işğal altında olan torpaqlarda yeni yaşayış məntəqələrinin tikiləcəyini xəbər verir və bildirir ki, “Qarabağ erməni torpağıdır və onun heç bir hissəsini Azərbaycana qaytarmayacağıq”.

Bütün bunlar onu göstərir ki, əvvəllər Erməsitan Qarabağda təxmini 12 min kv.km. əraziyə iddia edirdisə, bu gün 16 min kv.km-ə iddia edir. Yəni, Paşinyan uzun illərdir danışıqlar masasının əsas mövzusu olan 5 rayonu da Qarabağa birləşdirməyə çalışır. Ya da özünü ictimaiyyətə belə göstərir. Unutmaq olmaz ki, Paşinyan xalqa böyük vədlər verərək hakimiyyətə gəlib. Bu vədlərin böyük bir qismi isə iqtisadi və sosial problemlərin həlliylə bağlı idi. Ancaq Paşinyanın iqtisadi reformu hələki özünü doğrultmur. Əhali əməkhaqqılarında ciddi dəyişikliklər edilmir. Paşinyanın əsas umudu olan Avropadan gələn investisiyalarsa gəlib çıxmaq bilmir. Belə vəziyyətə vədlərini reallaşdıra bilməyən Paşinyan Sarkisyanın taktikasından istifadə edərək Qarabağ seperatizmindən daxili piyar məqsədilə istifadə edir.

Bir sözlə, ermənilər diplomatiyada məşhur prinsiplərdən biri olan, “raison detat”a uyğun olaraq sadəcə öz maraqlarına uyğun olanı edirlər və hələki bu işdə uğursuzluqla üzləşməyiblər. Bəs biz nə edirik?

Prezident bu il müxtəlif sosial kateqoriyalardan olan vətəndaşlarla görüşü zamanı bir çox təklif və xahişlə qarşılaşdı. Maaş artımı, ev, sosial muavinət, heykəl və s. tələblər çox oldu. Ancaq bir adam prezidentlə görüşəndə Qarabağdan danışmadı (Fərhad Bədərbəylidən savayı). Ümumilikdə xalqımızın gündəmində Qarabağ problemi sonuncu yerdədir. Nə ölkə daxilində, nə də xaricdə yaşayan həmvətənlərimizdə təəssüf ki, heç bir aktivlik yoxdur. Bu gün Qarabağ uğrunda formalaşmış hərəkat olan Qarabağ Azadlıq Təşkilatı belə daxili çəkişmələrin obyektinə çevrilib və artıq bu təşkilat da passiv QHT-lərdən biridir.

Ermənilərin bu qədər böyük səylə mübarizə apardığı Qarabağ üçün biz cəmiyyət olaraq heç nə etmirik və ya edə bilmirik. Dövlət olaraq da əvvəllər böyük ümidlərimiz olan Minsk qrupu əl-qolumuzu bağlayıb. Yeri gəlmişkən Minsk qrupunun üzvlərinə diqqət yetirdiyimiz zaman, münaqişənin niyə 25 ildir həll edilmədiyini anlayırıq. Minsk qrupu həmsədrləri: Fransa, ABŞ, Rusiya - dünyada erməni lobbisinin ən aktiv olduğu ölkələr...

Bütün bunlara rəğmən, ordumuza güvənməmək olmur. Başı öz problemlərinə qərq olmuş camatdan fərqli olaraq zabitlərimiz hər an Ali Baş Komandandan əmr gözləyirlər. Xüsusən Aprel ayının yaxınlaşması və genişmiqyaslı təlimlərə start verilməsi ordumuzdakı aktivliyi və əhval-ruhiyyəni daha da artırdı. Ordumuz psixoloji və maddi-texniki cəhətdən tam hazır durumdadır. Ən böyük çətinliyimiz isə keşməkeşli Qarabağ silsilələridir...

Problemin həlli xalqımızdadır. Xalq Qarabağı özünün bütün sosial tələblərindən üstün bir maraq hiss edincəyənədək biz son müharibəyə başlamayacağıq. Burada da əsas iş Qarabağlı ziyalılara, müəllimlərə düşür. Yeni bir mübarizə forması başladıb, sonacan vətən uğrunda döyüşməyənədək Azərbaycanın ərazi bütövlüyü təmin edilə bilməyəcək.

 

Nicat İsmayılov