“Vətəndaşlar əmindirlər ki, Prezident heç vaxt onları darda qoymayacaq” - Sahibə Qafarova

10/03/2019 - 18:53 7 132 0   0  

Prezident İlham Əliyevin Şamaxı və Ağsu rayonlarına səfəri, dövlətimizin başçısının sakinlərlə səmimi şəraitdə keçən görüşləri, problemlərlə yerində maraqlanması və onların həlli istiqamətində dərhal müvafiq göstərişlərin verilməsi bir daha sübut edir ki, Azərbaycanda həyata keçirilən dövlət siyasətinin mərkəzində ölkə vətəndaşları, onların mənafeyi dayanır. Prezident İlham Əliyev öz fəaliyyətində vətəndaşlarımızın maraqlarını daim hər şeydən üstün tutur, xalqımıza ləyaqətlə xidmət edir.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Sahibə Qafarova deyib.

 

Milli Məclisin deputatı xatırladıb ki, təxminən bir ay əvvəl həmin zonada baş verən zəlzələ Şamaxı, Ağsu və İsmayıllı rayonlarına ciddi ziyan vurmuşdu. Təbii fəlakətdən dərhal sonra Prezident İlham Əliyev yenə də öz vətəndaşını darda qoymadı və dövlətimizin başçısının tapşırıq və göstərişlərinə əsasən görülən tədbirlər nəticəsində artıq zəlzələnin fəsadları aradan qaldırılır. Belə qısa müddətdə problemlərin həll olunması, insanların üzləşdiyi çətinliklərin dərhal aradan qaldırılması istiqamətində görülən tədbirlər bir daha dövlətimizin başçısı İlham Əliyevin hər bir vətəndaşın Prezidenti olduğunu sübut edir”, - deyə S.Qafarova vurğulayıb.

Komitə sədrinin müavininin sözlərinə görə, bu gün ölkəmizdə çox möhkəm əsaslara malik xalq – iqtidar birliyi, həmrəyliyi mövcuddur. Azərbaycan xalqı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti öz əməli fəaliyyəti ilə dəstəkləyir, dövlətimizin başçısına çox böyük xalq etimadı, dəstəyi mövcuddur. Bu gün hər hansı bir çətinliyi, problemi olan vətəndaş əmindir ki, onun problemi tezliklə həllini tapacaq. Vətəndaşlar əmindirlər ki, Prezident heç vaxt onları darda qoymayacaq, vətəndaşları narahat edən problemlərin həlli üçün bütün lazımi addımlar atılacaq. Sahibə Qafarova xatırladıb ki, təkcə son bir neçə gündə qəbul olunan qərarlara, əhalinin sosial rifah halının yaxşılaşdırılması ilə bağlı dövlətimizin başçısı tərəfindən verilən fərman və sərəncamlara diqqət yetirsək bir daha əmin oluruq ki, Azərbaycan dövləti həmişə vətəndaşlarının yanındadır. Ölkəmizdə minimum əməkhaqlarının və pensiyaların, sosial müavinət və təqaüdlərin, tələbə gənclərin təqaüdlərinin əsaslı şəkildə artırılması, bəzi çoxmərtəbəli binaların istismarına icazə verilməsi qaydalarının sadələşdirilməsi və mənzillərin sənədləşdirilməsi, problemli kreditlərlə bağlı müvafiq fərman və bu qəbildən olan digər inqilabi qərarların qəbul olunması Azərbaycan dövlətinin və şəxsən Prezident İlham Əliyevin siyasi iradəsini, vətəndaşlara diqqət və qayğı siyasətinin çoxşaxəli və davamlı xarakter daşıdığını əyani təsdiq edir. "Prezident İlham Əliyev xalqa xidmətin ən yüksək nümunəsini göstərir.