Vidadi İsayevin diplomsuz reyestr rəisi olan qardaşından şok faktlar

31/10/2018 - 19:59 8 893 0   0  

Xaçmaz Dövlət Reyestr Xidməti rəisi Fizuli İsayev qanunsuz torpaq satışında Bərdənin icra başçısı olan qardaşı Vidadi İsayevdən geri qalmır.

F.İsayev Xaçmazdan əvvəl Abşeronda bu işlərlə ad çıxarmışdı.

Onun əlindən dad eləyən vətəndaşlar, rüşvət tələbi ilə hər dəfə üzləşən Abşeron rayon sakinlərinin canı boğazına yığılmışdı.

Bu şikayətlər o həddə çatdı ki, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi sədri Kərəm Həsənov Bərdənin icra başçısı V.İsayevlə qohumluğuna baxmayaraq, onu vəzifəsindən azad etməli oldu.

Sonra onu Abşeron kimi böyük ərazidən uzaqlaşdırıb Xaçmazda eyni posta təyin etdi. Nə də olmasa qohumunun qardaşını vəzifəsiz qoya bilməzdi.

Ən dəhşətlisi budur ki, F.İsayev dövlət qulluqçusu olsa da, onun ali təhsili olmadığı, diplomsuz işlədiyi iddiaları var. Hətta komitənin kadrlar rəisi Natiq Məlikov yaxın çevrəsində deyib ki, onun diplomu yoxdur.

Amma V.İsayevin qardaşı Abşeronun, indi də Xaçmazın reyestr xidməti rəisi işləyə bilir. Abşeronda pul yığmaqdan ayrı fəaliyyəti olmayan F.İsayev Xaçmazda da əməllərini davam etdirir. Məlumatlara görə, bu rayona gələr-gəlməz 10 sot dövlətin

mülkiyyətində olan torpağı vətəndaşa satıb. Dövlətin əmlakı hərracda komitənin iştirakı ilə satılır.

F.İsayev isə sotuna 10 mindən alaraq dövlətin torpaqlarını satıb. Bu isə onun ilk belə qanunsuzluğu deyil.

Xaçmazdan gələn xəbərlərdə bildirilir ki, F.İsayev yerli bələdiyyə və icra hakimiyyəti ilə əlbir olaraq Xaçmada torpaqların qanunsuz satışı, bölüşdürülməsində müstəsna xidmətlər göstərməkdədir.

Qeyd edək ki, feysbukda hüquqşünas Səbuhi Axundov da V.İsayevin qardaşının əməllərindən yazmışdı. Onun sözlərinə görə, K.Həsənovun keçirdiyi qəbuldan bir müddət sonra Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi üzrə idarə rəisi dəyişdirilib.

Abşeron rayonu üzrə DƏDRX-nin rəisi Fizuli İsayev Xaçmaza, oranın rəisini də Abşerona təyin edib. S.Axundov camaata istinadla yazır ki, əhali ağ günə çıxacağını zənn edib.

“Sən demə görəsi günlərimiz qabaqda bizi gözləyirmiş. Mənə, xüsusi hal üzrə məlum olan odur ki, bu şəhər yerində “kvadrat metrlə” işləyən rəis, kənd yerində fərdi yaşayış evi üçün ayrılmış torpaq sahələrini də həm kvadratla hesablamağa başlayıb, həm də şəhər qiymətlərini tətbiq edir.

Təsəvvür edin ki, keçmişdə 200 manata aldığın məhsulu, indi 2000 manata sənə satmaq istəyirlər. Xaçmaz-Xudat camaatı bu gedişlə Kərəm Həsənovdan xahiş edəcəklər ki, elə hesab eləsin, nə o

Xaçmaza gəlib, nə də əvvəlki DƏDRX rəisindən şikayətləri olub”, -deyə yazıb.

Sakinlər komitə sədrinin nəzərinə çatdırıb ki, Fizuli İsayevə bəzi məsələləri izah etmək lazımdır: “Ona izah edin ki, miqyas böyük olanda hesablamalar dəyişməlidir. Kəndli bir ilə 2000 AZN qazanmaq üçün gərək 24 saat, 360 gün yatmasın. Bu olduqca kasıb dolanan bölgə insanları üçün “qaşınmayan yaranızı verin qaşıyım qan çıxarım” deməkdir”.

Xaçmaz reyestr xidmətində rüşvət əvvəllər də tüğyan edirdi. Vətəndaşlar yeni rəis təyinatından sonra vəziyyətin nibətən dəyişməsini gözləyirmiş.

Amma “sən saydığını say, gör Füzuli nə sayır”. Abşeronda “qaz vurub, qazan doldurmuş” rəis indi də Xaçmazda bazar açıb. Kənd camaatı ev tikməyə peşman olublar.

Dəfələrlə Abşeron Reyestr Xidmətində özbaşınalıqlardan bəhs olunub. Belə qanunsuzluqlarda adı çəkilmiş kadrı Xaçmaza urcah etmək əhalini “yağışdan çıxıb yağmura” düşməsidir.

İstərsə qeydiyyat çıxarışlarının verilməsində, istərsə həyətyanı torpaq sahələrinin və həyət evlərinin sənədləşdirilməsində geniş rüşvət piramidası fəaliyyətdədir.

F.İsayev sadəcə qardaşına oxşayıb. Onun kimi torpaq alverindən qala bilmir. V.İsayev Bərdəyə rəhbərlik etdiyi bu illər ərzində rayonun yaşıllıqlarını, boş ərazilərini, səkilərini satıb.

Bir yetim, bir şəhid ailəsi Bərdədə 10 qarış torpaq ala bilmir, amma İsayev şəhərin mərkəzində əlini hara qoyursa, oranı səhər 150-200 minə imkanlı biznesmenlərə satır.

Bütün tərəflərin mövqeyini dərc etməyə hazırıq.  \\cahan.info