Gürcüstan azərbaycanlıları ayaqda - gözlər rəsmi Tiflisdə

11/02/2019 - 09:23 6 589 0   0  

Erməni canisinə qoyulan büstlə bağlı etirazlar davam edəcək; qonşu ölkə iqtidarı çıxılmaz durumda

Gürcüstanda Qarabağ separatçısı Mixail Avaqyana büstün qoyulması ilə bağlı baş qaldıran narazılıq səngimək bilmir. Həm Azərbaycan tərəfin, həm də Gürcüstanda yaşayan soydaşlarımızın etirazı durmadan artır.

Fevralın  8-də büstün götürülməsi tələbi ilə Gürcüstan parlamentinin qarşısında etiraz aksiyası keçirilib. Aksiyada azərbaycanlı gənclər, tələbələr, iş adamları ilə yanaşı, gürcü gənclər, politoloqlar, Abxaziya müharibəsinin veteranları da iştirak ediblər.

Tiflisdəki aksiyanın təşkilatçılarından olan Sevinc Hümbətova “Yeni Müsavat”a açıqlamasında möhtəşəm aksiya keçirdiklərini söylədi: “Aksiyada gürcü veteranları və ictimai şəxslər də iştirak etdi. Aksiya tək azərbaycanlıların deyil, həm də gürcülərin problemi olduğunu cəmiyyətə çatdırdıq. Bu da aksiyamızın demokratik və möhtəşəm keçməsinə nədən oldu. Ümid edirik ki, tez bir zamanda məqsədimizə nail olacağıq. Məqsədimizə nail olmaq uçun isə o büst oradan götürülməlidir”.

Картинки по запросу Politoloq Elçin Mirzəbəyli

Politoloq Elçin Mirzəbəyli bildirdi ki, büstlə bağlı məsələnin düşünülmüş bir təxribat olduğunu isbat etməyə ehtiyac yoxdur: “Hər şey gün kimi aydındır. Gürcüstanın mövcud hakimiyyətinin mövqeyi də həmçinin... Hər halda büst yabanı bitki deyil ki, kimsənin xəbəri olmadan bitsin. Büstlə bağlı ideyanın yarandığı gündən məsələdən Gürcüstanın mövcud hakimiyyətinin xəbəri olub. Separatçının büstünün açılışında da hakimiyyəti nümayəndələri, deputatlar iştirak ediblər. Hər şey bu qədər birmənalıdır. Bütün baş verənlərin fonunda nümayiş etdirdiyimiz reaksiya da yetərli deyil. Söhbət rəsmi Bakının münasibətindən getmir. Azərbaycanın bir dövlət olaraq səbirli davranışını anlamaq olar. Rəsmi Bakı öz mesajlarını verib və nəticəni gözləyir. Amma Azərbaycan ictimaiyyətinin və Gürcüstanda yaşayan soydaşlarımızın reaksiyası yetərli deyil. Gürcüstanda yaşayan soydaşlarımızla bağlı geridə qalan zaman ərzində buraxdığımız boşluqlar öz sözünü deyir.

Картинки по запросу erməniyə büst

Gürcüstan hakimiyyəti soydaşlarımızın təşkilatlanmalarına mane olmaq üçün Qamsaxurdiyadan üzü bu yana əlindən gələni edib. Hazırda bəzi region dövlətlərində, o cümlədən, İran və Türkiyədən olan dini-siyasi qüvvələrin Gürcüstanda yaşayan soydaşlarımıza təsir imkanları kifayət qədər yüksəkdir. Rəsmi Tiflis bilərəkdən belə qüvvələrin Gürcüstandaki soydaşlarımıza təsir imkanlarının genişləndirilməsinə göz yumub ki, onları mümkün qədər Azərbaycandan ayırsın. Digər tərəfdən, biz soydaşlarımızla yanaşı Gürcüstan cəmiyyəti ilə də işləyə bilməmişik. Halbuki bunun üçün ciddi imkanlar olub. İndiki şəraitdə Gürcüstandakı bütün ictimai resursları hərəkətə gətirmək lazımdır. Gürcüstanın siyasi qüvvələrini bu prosesə dəstək vermələrini təşkil etmək lazımdır. Rəsmi müstəvidə problemin müzakirəsini hələlik diplomatik çərçivədən çıxarmaq doğru olmaz. Hakim partiyada təmsil olunan azərbaycanlı deputatlar əsasən öz korporativ maraqlarından çıxış edən adamlardır. Onlardan cəsarət gözləməyə dəyməz. Ümumiyyətlə, İvanaşviliyə və onun partiyasına bağlı olan bir kimsəyə güvənmək olmaz. Bu deputatların susması da sübuta yetirir ki, büstlə bağlı təxribat qismən də ”Gürcü Arzusu"nun özündən qaynaqlanır".

Beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli bunları dedi: “Gürcü hakimiyyəti sözün əsil mənasında azərbaycanlılara qarşı ”toxmaq" rejiminə keçməyə başlayıb. Bu, hadisəyə qədər biz gürcüləri Azərbaycana qarşı əsassız ərazi iddialarından, Borçalı mahalının gürcüləşdirilməsi cəhdindən, Qamsaxurdiya məntiqsizliyindən yaxşı tanıyır. Bu onların etdikləridir. Azərbaycan tərəfi isə bunun müqabilində Rusiya qışın ortasında gürcüləri soyuqdan donduranda, taxılı kəsib acından öldürəndə, onları xilas etdi. Amma görünür ki, indiki hakimiyyət artıq başqa maraqlar güdür və bunun kökündə Avropadakı erməni lobbisinin gürcü hakimiyyətinə etdiyi maliyyə dəstəyi dayanır. Azərbaycan tərəfinin təzyiq göstərmək üçün alternativ variantları mövcuddur.

Картинки по запросу Əziz Əlibəyli

Amma hesab edirəm ki, bunu gürcü hakimiyyəti özü çözəcək. Sadəcə, düşünülməmiş addım atan gürcü iqtidarı vəziyyətdən çıxış yolunu tapa bilmir. Əks halda, ermənilərin şantajı ilə üz- üzə qalırlar. Üstəgəl, burda gürcü hakimiyyəti baş qaldırmış Cavaxetiya xofunu dəf etmək üçün bunu güzəşt yolu kimi gördü. Başqa bir məsələ isə Ermənistan-Gürcüstan yolunun Rusiyanın da iştirakı ilə birgə istismara verilməsidir. Gürcülər ticari qazanclarına görə bu əxlaqsızlığa yol verdilər. Qaldı Azərbaycan tərəfinə. Biz ilk yaxşı polis kimi o addımı atdıq ki, qazın qiyməti bahalaşdı. Amma problem həllini tapmasa, sırada sanksiyalar ola bilər.

Və Azərbaycanın bircə ciddi addımi nəfəs aparatına qoşulmuş gürcü iqtisadiyyatını yanı üstə qoya bilər. Amma hadisələrin də o həddə qədər inkişafını proqnoz etmirəm. Təkcə yarım milyon etnik azərbaycanlı ən böyük təzyiq vasitəsi ola bilər. Gürcü hakimiyyəti tərəfindən azərbaycanlılar siyasi həyatdan kənarlaşdırılmış bir toplumdur. Təəssüf ki, milli azlıq kimi soydaşlarımız səslərini kifayət qədər eşitdirə bilməyiblər. Bu da öncəliklə siyasi passivlikdən irəli gəlir. Parlamentdə təmsil olunan azərbaycanlı deputatlar da məhz həmin toplumun nümayəndələridirlər. Bu baxımdan onlardan məsələ ilə bağlı xüsusi bir çıxış, aktivlik gözləmək yersiz olardı. Bu məsələnin yeganə çıxış yolu Azərbaycan tərəfin siyasi iradəsidir. Buradan hər hansı bir tələb edilsə, orada bu tələbi həyata keçirmək üçün siyasi qüvvə tapmaq mümkündür".