“Yerindən duran deyir bloggerəm, araşdırmaçı jurnalistəm” - Siyavuş Novruzov

06/02/2019 - 17:30 2 578 0   0  

"Hər bir insanın azad fəaliyyət göstərmək hüququ var. Qeydiyyatdan keçib hüquqi status alan hər kəs fəaliyyətə başlaya bilər. Azərbaycanda yerindən duran deyir mən bloggerəm, araşdırmaçı jurnalistəm".

Metbuat.az-ın məlumatına görə, bunu YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov hakim partiyanın saytına müsahibəsində deyib.
Onun sözlərinə görə, hüquq-mühafizə orqanlarında fəaliyyət göstərib rüşvət aldığına, yarıtmaz fəaliyyətinə, qanunu pozduğuna görə işdən azad olunan dərhal hüquq müdafiəçisi olur:
“Halbuki indiyə qədər insanların hüquqlarını, qanunu pozub, rüşvət alıb. İşdən çıxan deyir hüquq müdafiəçisi oldum, təşkilat yaradıb deyir ki, mühit məni sıxırdı. Sıxırdısa, ərizə verib deyərdin ki, bu işlə razı deyiləm, çalışdığım idarədə insan azadlıqları pozulur, düzgün rəftar edilmir, istefa verib başqa sahədə fəaliyyət göstərəcəyəm. Mənə bir nümunə göstərsinlər. Yoxdur. Məsələyə yanaşma tərzi var.
İnsan bir işi fundamental şəkildə görmək istəyirsə, bunun mexanizmi, nizamnaməsi və planı olmalı, buna uyğun hərəkət etməlidir. Aidiyyatı orqanlardan qeydiyyatdan keçdikdən sonra fəaliyyət göstərməyə başlamalıdır. Əlinə fotoaparat götürüb bilib-bilmədən digər vətəndaşın mülkiyyət hüququnu pozurlar. Bir sahibkardır, özünə ev və ya ofis tikib, onu çəkib verirlər, bilmirlər onun maliyyəsi haradandır, necə tikilib. Qədim Romadan indiyə qədər ən müqəddəs şey mülkiyyət hüququdur ki, bu, qorunmalıdır. Beynəlxalq hüquqda, mülki və siyasi hüquqlar haqda paktda qeyd edilir ki, hüquqlar digərinin hüququnu pozduqda məhdudlaşdırılır. Sən digərinin hüququnu pozursan, hesab edirsən ki, öz hüququn məhdudlaşdırılmayacaq?”
Deputat bildrib ki, bir qrup isə qaçıb xaricdə oturub, erməni lobbisindən, müxtəlif kəşfiyyat orqanlarından vəsait alır, adlarını da blogger qoyublar: “Əslində Azərbaycanın milli-mənəvi dəyərlərinə, dövlətinə, dövlətçiliyinə, ordusuna, prezidentinə, ayrı-ayrı dövlət nümayəndələrinə qarşı böhtan, yalan, təhqir yazmaqla məşğuldurlar. Azərbaycandakı bloggerlərə gəlincə, izlədiyim şəxslər var, amma birinin adını çəkib başqasını çəkməmək doğru olmaz”.