"AZAL"ın büdcəyə DOLAYI və BİRBAŞA ZİYANI - FAKT

06/02/2019 - 17:21 2 881 0   0  

Macarıstanın “WizzAir” aşağı büdcəli (low cost) aviaşirkəti Kutaisidən (Gürcüstan) Avropanın 6 şəhərinə yeni uçuşlara başlayır. Qiymətlər 19,99 avrodan (38,89 manat) başlayır. Məlumata görə, yeni şəhərlər Eyndhoven (Niderland), Brüssel (Belçika), Bazel (İsveçrə), Kopenhagen (Danimarka), Tallin (Estoniya) və Bari (İtaliya) şəhərləridir.

Bu il avqustun 1-dən etibarən reallaşacaq uçuşlar üçün bilet satışı artıq başlayıb. Bu uçuşlar üçün yeni “Airbus A320” təyyarəsi ayıran şirkət bunun üçün 101 milyon ABŞ dolları investisiya yatırıb. Həmçinin, “WizzAir” bəyan edib ki, bu uçuşların reallaşması nəticəsində 30-dan artıq yeni iş yeri yaradılacaq. Ötən il Gürcüstan reysi üzrə 643 min sərnişin daşıyan şirkət bu rəqəmi 2017-ci ilə nisbətən 88 faiz artırıb. Yeni istiqamətlər isə daha 98 minlik sərnişin yerinin artmasına səbəb olacaq ki, bu da, illik 1 milyondan çox sərnişinin daşınmasına şərait yaradacaq. Məlumat üçün bildirək ki, "Azərbaycan Hava Yolları"nın rəsmi səhifəsində aşağı büdcəli reysləri (“lou-kost”), eləcə də baqaj üçün əlavə ödəniş, həmçinin hər iki istiqamətə biletlərin qiyməti barədə məlumat açıqlanmır. "Azərbaycan Hava Yolları" QSC-nin mətbuat katibi Paşa Kəsəmənski “Cümhuriyət” qəzetinə bildirilib ki, AZAL bir çox istiqamətlərə reyslər təşkil edir: “Bilet qiymətlər aylar üzrə dəyişilir. Tutaq ki, İstanbula reyslərin hamısı eyni qiymətə deyil. Bu, bir qədər mürəkkəb sistemdir. Onlayn qaydada bilet satışı ilə məşğul olan şirkətlər biletlərin üzərinə əlavə komissiya qoyur”.
İqtisadçı-ekspert Nazim Bəydəmirli “Cümhuriyət” qəzetinə bildirib ki, AZAL şirkəti dövlət büdcəsindən kifayət qədər subsidiyalar alır: 
“Parkın yenilənməsi üçün dövlət başçısı daim diqqət mərkəzində saxlayır və dövlət büdcəsindən vəsaitlər verir. Bir zamanlar “WizzAir” Azərbaycanda da uçuşlar həyata keçirirdi. Ancaq çox qısa bir müddətdə onun fəaliyyətinə son qoyuldu. Bu, birmənalı olaraq monopoliya ilə əlaqələndirilir. Çünki AZAL monopolist daşımaçı şirkətdir. Əslində, “Buta Airways” və “Silk Way Airlines” aviaşirkətləri eyni tarif siyasəti yürüdürlər. Yəni, digər kompaniyaların Azərbaycan bazarında sərnişin və yük daşımaların fəaliyyət göstərməsinə maneələr törədirlər. Türkiyənin də həm daxili, həm də xarici uçuşları çox ucuz həyata keçirən aviakompaniyası var idi. Vaxtilə “WizzAir” ucuz qiymətlərini monopolistin xeyrinə kompensasiya etmək üçün hava limanı xidmətini çox bahalı götürürdülər. Bu mənada digər ucuz uçuş təşkil edən kompaniyalar Azərbaycanla işləməkdən imtina etdilər. 
Çünki hava limanı, yanacaq və digər xidmətləri yüksək təyin edərək aşağı büdcəli aviaşirkətlərin tariflərini yoxa çıxardılar. Bu, bir monopolist siyasətdir və hesab edirəm ki, ümumi vətəndaşların xatirinə və dünyaya inteqrasiya, eləcə də Azərbaycana turistlərin cəlb edilməsi baxımından buna son qoyulmalıdır. Aydın məsələdir ki, turistlər əsasən büdcəsi aşağı olan aviakompaniyaların xidmətindən istifadə edirlər. Biz hərtərəfli maraqlı olmalıyıq ki, ucuz tarif təklif edən kompaniyalar Azərbaycan bazarında da işləsin. Çox təəssüf ki, AZAL bu mənada monopolist siyasət yürüdür”.