Xalq şairi bəyanat yaydı - “Rejim qorxuya düşüb….”

06/02/2019 - 14:56 2 698 0   0  

Xalq şairi, Dünya Azərbaycanlıları Konqresinin həmsədri Sabir Rüstəmxanlı İranda həbs edilən güneyli milli-mədəni fəal Abbas Lisani ilə bağlı bəyanat yayıb.Kult.az xəbər verir ki, “Abbas Lisaniyə azadlıq” başlıqlı bəyanatda fəalın haqsızlığa məruz qalması və bütün azərbaycanlıların bundan narahatlıq keçirməsi qeyd edilib.

“Tanınmış milli-mədəni fəal Abbas Lisani Azərbaycan türklərinin demokratik və milli hüquqları uğrunda apardığı dinc mübarizəyə görə yenidən 10 ay həbs cəzasına məhkum edilib. Aclıq aksiyası keçirən fəalın ailəsinə onunla görüşmək icazəsi verilmir. İndiyə qədər İranın təhlükəsizlik qüvvələri tərəfindən dəfələrlə zindanda ən çətin şəraitdə saxlanan, işgəncələrə məruz qalan mübariz və dönməz azərbaycanlı Abbas Lisaninin sağlıq durumu narahatlıq doğurur. Azərbaycan türklərinin dilini, mədəniyyətini əlindən alıb, uşaqlarına ana dilində ad qoymağı yasaqlayır, tarixini saxtalaşdırır, sərvətlərini talayır və duzlaşdırırlar. Son illər Güney Azərbaycanda milli özünüdərk prosesi sürətlənib və bu, rejimi qorxuya salıb. Dini rejim öz hüquqlarını müdafiə edən millətə qarşı orta əsrlərin cəhalət zülmündən fərqlənməyən şəkildə divan tutur. Milli fəalların daş-qalaq edilməsi, asılması, min cür cismani təhqirlərə, təqiblərə məruz qalması göstərir ki, bu rejim hələ 21-ci əsrə gəlib çatmayıb. Amma hər gecənin bir səhəri, hər zülmün bir sonu var. İran rejimi də istisna olmayacaq.

Bu gün Vətənin Güneyində baş verənlər dünyaya səpələnmiş bütün azərbaycanlıları narahat edir. Biz Abbas Lisani və onunla birgə haqsız yerə həbs olunanların dərhal azadlığa buraxılmasını, Azərbaycan türklərinin milli, siyasi və iqtisadi tələblərinin yerinə yetirilməsini istəyirik. Dünya ictimaiyyətini və beynəlxalq təşkilatları da rejimin qeyri-insani siyasətinə etiraz etməyə çağırırıq”, – bəyanatda bildirilib.