Əli Əhmədov: “Fəal gənclərin seçkidə namizəd kimi iştirak etməsinə çalışacağıq”

05/02/2019 - 15:12 2 617 0   0  

“Azərbaycan Prezidenti gənclərlə dialoqa böyük önəm verir. Bütövlükdə əhali ilə dialoqun qurulması Azərbaycanda həyata keçirilən siyaətin əsas istiqamətlərindən biridir. Bir halda ki, siyasətin əsas qayəsini insalara qayğı təşkil edir, insanlarla dialoq mühüm əhəmiyyət kəsb edir. İnsanların ehtiyaclarını, arzu və istəklərini bilmədən onlara düzgün xidmət göstərmək çətin olar”.

“Report”un xəbərinə görə, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası (YAP) İcra katibi-sədr müavini Əli Əhmədov YAP-ın qərargahında gənclərlə görüş zamanı deyib.

O bildirib ki, Prezident tez-tez Azərbaycanın müxtəlif bölgələrinə səfər edir və vətəndaşlarla görüşür, insanlarla dialoq qurur.

Ə.Əhmədov vurğulayıb ki, YAP-ın sıralarında çoxlu sayda gənclər birləşir: “YAP-ın 700 mindən çox üzvünün əksəriyyəti gənclərdir. Hər il partiyaya 25-30 min arasında yeni üzvlər qəbul olunur və bu üzvlər arasında gənclər üstünlük təşkil edir. Bu o deməkdir ki, gənclər Heydər Əliyev irsini öyrənməyə önəm verir, Prezident İlham Əliyevin siyasətini dəstəkləyirlər və bunu YAP-a üzv olmaqla bildirirlər”.

Ə.Əhmədov qeyd edib ki, gənclər seçki kampaniyalarının uğurla baş tutmasına böyük töhfə verirlər: “Bütün bunların hamısı ondan xəbər verir ki, gənclər YAP-ın fəaliyyətinə dəstək verirlər. Bizim də gənclərdən gözləntilərimiz odur ki, yaxşı oxusunlar, biliklərə yiyələnsinlər, yaxşı mütəxəsislər olsunlar. Ən əsası gənclərimiz vətənpərvər olmalıdır. Harda olmalarından asılı olmayaraq vətənpərvərlik prinsipləri əsasında davranmalıdırlar. Gənclər eyni zamanda ictimai-siyasi həyatda da fəal olmalıdırlar, çünki bugünkü gənclər gələcək siyasətçilərdir, idarəedicilərdir. Seçki kampaniyasının bütün mərhələlərində gənclər öz töhfələrini verirlər. Bu baxımdan gənclər həmişə bizim diqqət mərkəzimizdə olublar. YAP öz imkanları çərçivəsində gənclərə şərait yaradır ki, fəallıqlarını nümayiş etdirsinlər. 2019-cu ilin dekabrında növbəti bələdiyyə seçkiləri keçiriləcək. Biz çalışacağıq ki, fəal gənclərimiz seçkidə namizəd qismində iştirak etsinlər və özlərini sınasınlar”.