Azərbaycan mətbuatında ciddi islahat gedir - qəzetlərin sayı azalacaq...

02/02/2019 - 09:30 2 818 0   0  

KİVDF müsabiqə şərtlərini dəyişdi, tələblər artırıldı, yeni qaydalara uyğunlaşa bilməyənlər yarıyolda qala bilər...; Vüqar Səfərli: “Biz gələcəkdə bu prosesdən kənarda qalan və onlayn rejimdə fəaliyyətə başlayan media orqanlarını da nəzərə alacağıq”

Xəbər verdiyimiz kimi, Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu(KİVDF) 2019-cu ilin II rübü üçün KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə elan edib. Müsabiqə şərtlərində müəyyən dəyişikliklərin aparılması isə mediada ajiotaja səbəb olub. Belə ki, müsabiqədə son 3 ildə müntəzəm gündəlik nəşr olunan, müsabiqə elan edilən gündən səhifələrinin sayı 16-dan (A3 formatda), tirajı 5000 nüsxədən az olmayan, hər buraxılışından ən azı 2000 nüsxəsi satılan və ya abunə yolu ilə yayılan ictimai-siyasi qəzetlər, xarici dillərdə nəşr olunan gündəlik və həftəlik, müsabiqə elan edilən gündən səhifələrinin sayı 16-dan (A3 formatda), tirajı 3000-dən az olmayan, hər buraxılışından ən azı 1500 nüsxəsi satılan və ya abunə yolu ilə yayılan ictimai-siyasi qəzetlər iştirak edə bilər.

Hazırda bir çox mətbuat orqanı bu tələblərə cavab vermədiyindən onların maliyyəsinin dayandırılacağı və dolayısı ilə fəaliyyətinin də dayanması mətbuatda müzakirə edilir.

Onların sırasında “Şərq”, “Ədalət”, “Unikal”, "Palitra", “Paralel”, “Azad Azərbaycan”, “Həftə içi”, “Bizim Yol”, “Olaylar”, “Üç Nöqtə”, “Oxu Məni”, “Hürriyyət”, “Reytinq”, “Hərbi And”, “Türküstan”, “İqtisadiyyat” və “Mövqe” qəzetlərinin adı çəkilir.

Maliyyələşdirilməsi davam etdiriləcək qəzetlər siyahısında isə “Səs”, “Yeni Azərbaycan”, “Yeni Müsavat”, “İki Sahil”, “Kaspi”, “Kaspiy”, “525-ci qəzet”, “Bakı Xəbər” və “Novoye Vremya”nın adları çəkilir.

Qeyd edək ki, daha öncə “Ekpress”, “Bizim yol” , “Reytinq”, “Unikal”  qəzetlərinin fəaliyyətini dayandırması, çap mediasının sıradan çıxması və ölkənin qəzetsiz qalacağı ilə bağlı iddiaları daha da gücləndirdi.

Mediada yaranmış bu ajiotaja Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli musavat.com-a açıqlamasında münasibət bildirib.

İcraçı direktor qeyd edib ki, KİVDF  heç bir qəzetin maliyyəsini dayandırmayıb: “Ötən il biz 6 aylıq layihə ilə 33 qəzeti maliyyələşdirirdik. Oktyabr ayında ”Təhsil problemləri" qəzeti çapını dayandırdı. Halbuki biz onlara maliyyə ayırmışdıq. Bunun günahı bizdədirmi? “Ekspress” qəzetinə 30 min manat pul ayırmışdıq, yanvarın 1-dən çapı dayandırdılar. Bu maliyyənin dayandırılması demək deyil axı. Kimsə çapını dayandırırsa, bunun bizə aidiyyatı yoxdur. Biz sadəcə dünən bu ilin II rübü üçün yeni müsabiqə şərtlərini elan etmişik. Orada tirajları və yayımı qaldırmışıq. Bu isə bizdə həmişə zaman-zaman olub. Biz 10 ildir bu qəzetlərə vəsait ayırırıq. Bu müddətdə bir inkişaf olmalıdır, yoxsa yox".

V.Səfərlinin sözlərinə görə, söhbət adı çəkilən qəzetlərə maliyyənin dayandırılmasından yox, müsabiqə şərtlərinin dəyişməsindən gedir: “Qəzetlər ayrılan maliyyənin əksər hissəsinin nəşriyyat xərclərinə sərf edirlər. Qəzeti saxlamaq üçün isə əlavə gəlirləri yoxdur. Buna görə də, çap versiyanı dayandırıb onlayn rejimə keçirlər. Biz gələcəkdə bu prosesdən kənarda qalan və onlayn rejimdə fəaliyyətə başlayan media orqanlarını da nəzərə alacağıq. Onlara da yardım göstəriləcək və bunun qaydaları müəyyənləşdiriləcək. Maliyyənin dayandırılması ilə bağlı ajiotaj yaratmaq lazım deyil. Hansı maliyyə dayandırılıb? Biz aprel ayının 1-ə qədər müsabiqə elan etmişik ki, növbəti rübdə hansı qəzetə nə qədər vəsait veriləcək. İlin birinci rübü üçünsə bu qəzetlərlə müqaviləmiz var, yanvar ayının maliyyəsini bu günlərdə ödəyəcəyik, daha iki ay da fəaliyyət göstərəcəklər  və layihə çərçivəsində maliyyə alacaqlar. Kimsə qəzet versiyanı bağlayıb, onlayn rejimə keçirsə, bunu onlara biz deməmişik ki... Biz heç bir qəzetin maliyyəsini dayandırmamışıq. Maliyyələşmə qaydalarını dəyişməklə, maliyyə verilməsini dayandırmaq tamamilə fərqli anlayışlardır”.

Vüqar Səfərli ile ilgili görsel sonucu

Çap mediasının getdikcə sıradan çıxması iddialarına gəlincə, V.Səfərli bildirdi ki, bu onların istəyindən asılı deyil, bütün dünyada gedən bir prosesdir: “Bu məsələləri zaman həll edir. Bir qəzetin 5 min tirajı, 2 min yayımı yoxdursa, o qəzet kimə lazımdır? Bəzi qəzetlər əvvəlki şərtlərimizi birtəhər düzəldib gətirirdilər. Çox vacibdirmi makluaturaya bu qədər pul sərf edilsin? Ayırdığımız maliyyəni makluaturaya çevirib ziyan edirlər... O səbəbdən getdikcə çap mediasının sayı azalacaq. Artıq özləri qəzetlərinin fəaliyyətini dayandırırlar, çünki bu zamanın tələbidir. İndi internet əsridir, bütün dünyada bu proses gedir. Hər kəsin əlində telefon, planşet var və informasiyanı oradan alır. Bir çox qəzetin fəaliyyətinə ehtiyac qalmır. Qəzetlərin sayı azalacaq, ancaq o demək deyil ki, çap mediası sıradan çıxacaq. Dövlət müəyyən qəzetlərə maliyyə dəstəyi verəcək ki, onlar yaşasınlar və çap mediası da qalsın. Biz elan vermişik, qaydalar müəyyən etmişik. Buna uyğun kim sənədlərini təqdim edəcəksə, onlara maliyyə yardımı ayrılacaq”.

Rəşad Məcid ile ilgili görsel sonucu

“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid “Yeni Müsavat”a danışarkən qeyd etdi ki, son vaxtlar obyektiv səbəblərdən qəzet satışı azalıb: “Ola bilsin ki, qəzetlər bir-birini çox təkrar edirlər. Ona görə də, Fondun Müşahidə Şurası belə bir qərara gəlib. Qəzetlərin hazırda  iqtisadi durumları çətindir. Ona görə də, Fondun dəstəyi olmadan bu qəzetlərin hamısının fəaliyyətini davam etdirməsi çətin olacaq. Biz ümid edirik ki, hələlik kağız qəzet fəaliyyətini davam edə biləcək. Zaman və şərait isə ona aparır ki, gələcəkdə elektron media daha üstünlük qazanacaq. Biz də ”525-ci qəzet" olaraq bu müsabiqə şərtlərinə uyğunlaşmağa və tirajımızı artırmağa çalışacağıq".

Vüqar Rəhimzadə ile ilgili görsel sonucu

“İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə isə qəzetimizə açıqlamasında vurğuladı ki, çap mediasının tamamilə sıradan çıxması gözlənilmir: “Çap mediası hər zaman olub, bu gün də var və gələcəkdə də olacaq. Bu tarix üçün, dövlət  və cəmiyyət üçün çox gərəklidir. Mən hesab edirəm ki, Fond tərəfindən qoyulan şərtlər qəzetlərin keyfiyyətini daha da artıracaq. KİVDF-nin açıqladığı yeni müsabiqə şərtləri ilə bağlı qərar çox müsbət bir qərardır və qəzetlərin fəaliyyətində dönüş yarada bilər”.

V.Rəhimzadənin fikrincə, qəzet olaraq rəqabətə cavab verməyən mətbuat orqanlarının onlayn media kimi fəaliyyətinə davam etməsi müsbət haldır. O, deyib ki, Fondun bu şərtlərindən əvvəl bəzi qəzetlərin çap variantını dayandırıb, elektron versiyaya keçməsi ilə bağlı fikirlər səslənirdi və hətta belə faktlar da olmuşdu.

“Ədalət” qəzetinin baş redaktoru Aqil Abbas ile ilgili görsel sonucu

“Ədalət” qəzetinin baş redaktoru Aqil Abbas da vurğuladı ki, bu proses qəzetlərin bağlanması demək deyil: “Fond tərəfindən yeni şərtlər qoyulub, mən o şərtləri yerinə yetirə biləcək bir adamam. 29 ildir ki, ”Şərq" qəzeti fasiləsiz çıxır. Yəqin ki, hələ 1 il də çıxacaq. "Ədalət" qəzetinin hazırda 1700 abunəçisi var. Bəzi qəzetlərin tirajı aşağıdır və oxucusu yoxdur və ya çox azdır. Bu qəzet niyə çap olunmalıdır ki? Həmin qəzetlər maliyyə yardımı almaq istəyirlərsə, qəzetin fəaliyyətini gücləndirsinlər, oxucusunu  artırsınlar və maliyyə alsınlar. Qəzetlərin çap versiyanı dayandırıb onlayn varianta keçməsi isə onun fəaliyyətinin dayanması demək deyil".

Çap mediasının tədricən sıradan çıxması iddialarına gəlincə, A.Abbas bildirdi ki, kağız qəzetlər hər zaman olacaq, heç vaxt tamamilə sıradan çıxmayacaq: “Çünki internet daha etibarsızdır, bəzi saytlar bağlanır və onların arxivi tamamilə internetdən silinir. Bütün materialları bir anda məhv olur, illərin əməyi yoxa çıxır. Qəzet isə əlyazmadır, yüz il bundan öncəki qəzetin də nüsxələri bu gün arxivlərdə var. Qəzet tarixdir, sənəddir. Bundan başqa qəzet təkcə məlumat ötürmür, qəzetdə gedən materiallar araşdırmadır, analitik şərhlərdir. Yəni qəzet başqa bir şeydir, onu heç nə əvəz edə bilməz. İnternet qlobal bir məkandır və onun açarı bizim əlimizdə deyil, Amerikanın əlindədir. Düyməni basdı və bütün saytların fəaliyyəti dayandı, bütün arxiv də itib getdi. Ancaq 20 il öncəki ”Yeni Müsavat" qəzetini bu gün də arxivdən əldə etmək olar. Qəzetin fərqi və üstünlüyü budur".

“Yeni Müsavat”