Cahangir Hacıyevin “udduğu” milyardları qaytarmasının səbəbi - GƏLİŞMƏ

01/02/2019 - 10:22 2 806 0   0  

Həbsdə olan Beynəlxalq Bankın İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev ətrafında gedən müzakirələr səngimək bilmir. Sabiq bankir son üç ildə gündəmi zəbt etməkdə davam edir.

Onunla bağlı müzakirələrin əsasını dövlət büdcəsinə ziyan vuraraq, mənimsədiyi külli miqdarda vəsaitlər təşkil edir. Eyni zamanda C.Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın Londonda ərinin öz ölkəsindən oğurlayıb xarici banklara yerləşdirdiyi dövlət vəsaitləri hesabına yaşadığı lüks həyat sabiq bankiri daha çox gündəmdə saxlayır.
Beynəlxalq Bankın sabiq rəhbərindən dövlət büdcəsindən soyduğu vəsaitləri geri qaytarmağın mümkün olub-olmayacağı yönündə ən müxtəlif fikirlər səslənir. 2015-ci ilin əvvəllərində Azərbaycanda ilk devalvasiya baş verəndən sonra C.Hacıyevlə bağlı şok faktlar üzə çıxmış və onun həbsi tələbləri artmışdı. Lakin sabiq bankir gözlənildiyindən çox gec həbs edilmişdi. Həmin vaxt onun müvafiq qurumlarla razılaşdığı və mənimsədiyi pulları azadlıqda qalması üçün təhvil verəcəyi bildirilirdi. Amma bunların heç biri baş vermədi və sonunda C.Hacıyev üçün həbsxana yolu göründü. Ondan sonra da sabiq bankirin mənimsədiyi milyonlarımı, milyardlarımı geri qaytaracağına ümidlər var idi. İndiyə qədər baş verənlər artıq onu deməyə əsas verir ki, C.Hacıyev həbsxana həyatını seçib. Onun nə üçün belə etdiyi ciddi suallar doğurur.
Hüquqşünas-ekspert Əkrəm Həsənov bildirdi ki, təkcə Cahangir Hacıyev deyil, Beynəlxalq Banka xeyli borcu olan kredit oliqarxları var: “Bu oliqarxların milyonlarla borcu var. Cahangir Hacıyevin isə yəqin milyardlarladır. Sadəcə, biz bilməliyik ki, bu pullar necə mənimsənilib, necə xərclənib. Mexanizmi başa düşəndə bilirsən ki, bu pulların tam qayıtması mümkün deyil. Birincisi, o qədər pul qazanan adam onu həm də necə gəldi xərcləyir. Məsələn, Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva tamamilə boş-boş şeylərə milyonlar xərcləyir. Bu hələ bizim bildiyimizdir. Qızıl və başqa şeylərə pulların bir qismi xərclənib. Bu gün hətta o əşyaları satışa çıxarsa belə heç o pulun yarısına getməyəcək. Belə insanlarda bədxərclik daha çox olur. Hətta qiyməti az olan şeylərə belə çox pul xərcləyirlər. Çoxlu xarici səfərlər, bahalı hotellər, zinət əşyaları, incəsənət əsərləri belə pullarla əldə olunur. Bu pulları necə qaytarmaq olar? Mümkünsüz bir şeydir. Bu vəsaitlər artıq xərclənib. Bundan başqa, qohumları da unutmaq olmaz. Hər kəs bilməlidir ki, Azərbaycanda Cahangir Hacıyev və onun kimilərinin qazandıqlarının əsas kefini qohumları görür. İndi nə qədər pis olsalar da, hər halda, bütün günü işləyiblər. Belə şəxslərin qohumları da az kredit götürmürlər və sağa-sola götürdüklərini xərcləyirlər. Yəqin ki, Cahangir Hacıyevin ailəsində xaricdə əmlakları olanlar var. Zamirə Hacıyevanın timsalında bunu deyə bilərik.
Amma bu əmlaklar mənimsənən vəsaitlərin heç 50%-i belə deyil. Dəfələrlə dediyim sözləri bir daha təkrarlayıram ki, Cahangir Hacıyev bu pulları tək yeyə bilməzdi. Birincisi ona ətrafı kömək etməli idi, onun müavinlərini, departament rəhbərlərini, şöbə müdirlərini və digər vəzifə sahiblərini nəzərdə tuturam. Bir krediti vermək üçün bir neçə departament rəisinin imzası lazımdır. Kredit Komitəsinin qərarı da vacibdir. Həmin şəxslər bilmirdilər ki, bu kreditlər qanunsuz verilir? Deməli, onların da payı olub, bir növ onlara ”dolya" verilib. Ola bilər ki, müvafiq dövlət orqanları yoxlamalara gələndə onlara da pullar verilib, yəni bizim işə qarışma. Belə nəticəyə gəlmək olar ki, Cahangir Hacıyevdə bu gün o qədər pul yoxdur. Bir daha deyirəm ki, mənimsədiyi bildirilən vəsaitin 50%-nin belə onda olduğuna inanmıram. Bu baxımdan o düşünür ki, əgər pulların 30-40%-ni qaytara bilərəmsə, məni istənilən halda bağışlamayacaqlar, ailəm isə pulsuz qalacaq, yaxud hansı yollarla məni buraxsalar, pulum olmayacaq. Belə şəxslər və onların ailələri lüks həyata öyrəşiblər. Ona görə heç nəyi geri qaytarmamaqda qərarlı görünür. Cahangir Hacıyev azad ediləcəyinə inanmır və bunun üçün də düşünür ki, içəridə oturum, ailəm də həmin pullardan xımır-xımır xərcləsin. Belə şəxslərin psixologiyası bu şəkildədir".
Ə.Həsənov bu vəsaitlərin gələcək taleyi barədə də danışdı: “Hesab edirəm ki, bu vəsaitlərin bir qismini qaytarmaq olar. Hansı ki, Cahangir Hacıyevin ailəsinin adında olan əmlaklardır. Yaxud da sübut olunsa ki, qohumlarının adlarına xaricdə əmlaklar var. Bu zaman xarici hüquq-mühafizə orqanları ilə əməkdaşlıq edərək pulları qaytarmaq olar. Söhbət burada Böyük Britaniyadan gedirsə, biz ətraflı Britaniya Məhkəməsinə məlumat verməliyik. Belə olan halda müəyyən şanslar var. Mən dəfələrlə demişəm ki, Azərbaycanın özündə elə şəxslər var ki, bu gün də vəzifədədirlər, Beynəlxalq Bankın özündə, dövlət orqanlarında vəzifə tutublar. Onlar məsələnin üstünün açılmasında maraqlı deyillər. Yaxşı bilirlər ki, işin üstü açılsa, onların da günahlarının olduğu üzə çıxacaq. Bütün bunlara görə düşünürəm ki, Beynəlxalq Bankın işi ilə bağlı xüsusi əlahiddə komissiya yaradılmalıdır. Bu komissiya tam müstəqil şəxslərdən təşkil olunmalıdır ki, hər şeyin üstü açılsın. Belə olan halda digər günahı olan şəxsləri də məsuliyyətə cəlb etmək mümkün olacaq”.
“Yeni Müsavat”