Ekstradisiya xərclərini dövlət çəkməyəcək

30/10/2018 - 19:31 1 543 0   0  

Azərbaycandan kənarda istintaqdan gizlənən təqsirləndirilən şəxsin tutularaq cinayət prosesini həyata keçirən orqana gətirilməsi (ekstradisiya) ilə əlaqədar çəkilən xərcləri dövlət deyil, həmin şəxsin özü ödəyəcək.

Suveren.az xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan Cinayət Prosessual Məcəlləsinə dəyişikliklərdə öz əksini tapıb.

Belə ki, Məcəllənin 197-ci (Məhkəmə məsrəfləri) maddəsinə yeni 1.9-cu bənd əlavə edilir: “Azərbaycan Respublikası ərazisindən kənarda istintaqdan gizlənən təqsirləndirilən şəxsin tutularaq cinayət prosesini həyata keçirən orqana gətirilməsi ilə əlaqədar çəkilmiş xərclərin məbləği”.

Bu bənd məcəllənin 198-ci (Məhkəmə məsrəflərinin tutulması) maddəsinin dispozisiyasına əlavə edilir. Belə ki, maddədə qeyd olunur ki, məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər.

Qeyd edək ki, dəyişiklik layihəsi birinci oxunuşda səsə qoyularaq qəbul edilib.