BDU-nun “portfelsiz rektoru” - İDDİA

30/01/2019 - 11:10 2 575 0   0  

Ötən ilin noyabrında medyanın məlumatına görə qalmaqallı İspaniya səfərindən sonra Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad olunan Abel Məhərrəmovun postu hələ ki, boşdur. Bu il həm də yaranmasının 100 illiyi qeyd ediləcək ölkənin ən nüfuzlu və prestijli ali təhsil ocağı hesab olunan Universitetə kimin rektor təyin ediləcəyi hamı üçün maraqlıdır. Sirr deyil ki, istər BDU-da, istərsə kənarda bu mötəbər vəzifəyə gəlmək üçün çaba sərf edənlər, bütün vasitələrini işə salanlar yetərincədir. Amma, təbii ki, son söz cənab Prezidentindir və kadr təyinatı məsələlərində o hər zaman hamını təəccübləndirməyi, proqnozları alt-üst etməyi bacarıb. 

Rubrika.az saytına daxil olan məlumata görə özünü artıq BDU-nun rektoru “hesab edənlərdən” biri də hüquq fakultəsinin dekanı hüquq üzrə elmlər doktoru, professor Əmir İbrahim oğlu Əliyevdir. Verilən xəbərlərdə bildirilir ki, Ə.Əliyev artıq özünü sanki vəzifəyə təyin olunubmuş kimi aparır, yaxın çevrəsinə “bu gün-sabah fərman imzalanmalıdır” deyə ürək-dirək də verir. Ən maraqlı məqam ondan ibarətdir ki, əmrini gözləyən Əmir Əliyev “lazım olan adamları gördüyünü”, “ hər kəsin haqq-hesabının” çatdığını da tez-tez dilə gətirməkdən çəkinmir. Maraqlıdır kİ,ölkə əhəmiyyətli bir vəzifəyə təyin olunmaq üçün Ə. Əliyev “kimləri görməyi” bacarıb? Saytımıza daxil olan məlumatda xüsusi olaraq vurğulanır ki, BDU-da Ə. Əliyevin cidd-cəhdlə təbliğatı aparılır, hətta bir çoxları cəld tərpənib onu təbrik də ediblər. 
Xatırladaq ki, istənilən vəzifəyə seçilmək, eyni zamanda təyin olunmaq hər bir vətəndaşın hüququdur və Əmir müəllim də istisna təşkil etmir. Lakin, prezident təyinatı ilə olan bir vəzifəyə belə təbliğatla “gəlmək” anlaşılan deyil. Ən azından bunu BDU-nin hüquq fakultəsinin dekanı edirsə daha deməyə adamın sözü də qalmır. Dediyimiz kimi belə məsələlərdə son sözün sahibi hər zaman proqnozları alt-üst edən qərarlar qəbul etməyi çox sevir!