Silahlı qruplaşma 14 iranlı əsiri geri qaytarır – Şərtlər

29/10/2018 - 21:18 18 511 0   0  

“Ceyş ül-Ədl” silahlı bəluc qruplaşması bəyanat yayaraq, iki həftə əvvəl girov götürdüyü iranlı hərbçiləri dəyişməyə hazır olduğunu bildirib.

Suveren.az xəbər verir ki, təşkilat Beynəlxalq Qızıl Xaç və Aypara Cəmiyyətlərinə müraciət edərək, bir sıra tələblər qarşılığında girov götürdüyü hərbçilərin dəyişdirilməsi üçün İran hökuməti ilə vasitəçilik etməsini istəyib.

Bəyanatda bildirilir ki, “Ceyş ül- Ədl”dini və siyasi əqidəsinə görə Kərəcin Rəcayişəhr həbsxanasında saxlanılan bəluc və digər etnik qruplarından olan bir sıra siyasi məhbusların, o cümlədən bir qrup qadın siyasi məhbusun azadlığa buraxılması qarşılığında girov götürdüyü hərbçiləri sərbəst buraxmağa hazırdır.

“Ceyş ül- Ədl” eyni zamanda, İranda yaşayan sünnilərin siyasi və dini haqlarını yerinə yetirməyi tələb edib.

Xatırladaq ki, oktyabrın 16-sı İranın Pakistanla həmsərhəd Sistan-Bəlucistan əyalətində silahlı bəluclar 14 iranlı sərhəd hərbçisini girov götürüb.

Girov götürülən hərbçilərdən 5-i İran hüquq-mühafizə orqanlarının əməkdaşı, 7-si isə “Sepah” muzdlusudur.