Paşinyana Qarabağı boşaltmağa qarabağlılar imkan vermir - TƏHLİL

16/01/2019 - 08:47 2 176 0   0  

Ermənistanın sabiq müdafiə naziri Seyran Ohanyana qarşı da 8 dinc nümayişçinin öldürüldüyü 2008-ci il 1 hadisələri ilə bağlı ittiham irəli sürülüb. Onun Ermənistanı tərk etməməsi haqda qərar çıxarılıb. Xatırladaq ki, həmin ildə Seyran Ohanyan Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi vəzifəsini tutub.

Bundan qabaq isə Qarabağ klanının digər üzvü - o vaxtkı prezident, Xocalı hərbi canisi Robert Köçəryan həbsə salınıb. Eyni zamanda digər Xocalı canisi, eks-prezident Serj Sərkisyanın başının üstündə qara buludlar dolaşmaqdadır.
Qeyd edək ki, bir müddət əvvəl Ermənistan baş naziri Nikol Paşinyan “son zamanlar Qarabağda ermənilərin fəallığını başa düşmürəm. Onlar niyə fəallaşıblar və niyə Ermənistanda keçirilən seçkilərə müdaxilə etmək istəyirlər? Mən Bako Saakyanı öz ətrafındakıları nizam-intizama öyrətməyə səsləyirəm”, - deyə xəbərdarlıq etmişdi. Ardınca Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsində fəaliyyət göstərən separatçı rejimin milli təhlükəsizlik xidmətinin direktoru Arşavir Karamyan və onun müavini Qarik Sarkisyan, həmçinin polis xidmətinin rəisi Kamo Ağacanyan tutduqları vəzifədən istefa verdilər. Paşinyan Dağlıq Qarabağdakı qondarma rejimin “prezidenti” Bako Saakyanın mətbuat katibi David Babayanı da hədəfə almışdı.
Bəs Paşinyanın dövründə əslən Qarabağdan olan rəqiblərin hədəfə alınması, onların həbsi və təqibinin arxasında hansı səbəblər dayanır? Yoxsa o, Qarabağla bağlı güzəştli addımlara hazırlaşır və bu addımlara mane olan Qarabağ klanını zərərsizləşdirir? Yəni Paşinyana Qarabağı boşaltmağa qarabağlılarmı imkan vermir?
Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Qarabağ klanına qarşı aparılan prosesə Rusiya-Ermənistan münasibətlərindəki gərginləşmənin davamını da əlavə edərdi: “Artıq Ermənistandakı Rusiya qoşunlarına aid ictimai rəy sərtləşir. İki gün bundan əvvəl Gümrü bazasının çıxarılması tələbi ilə növbəti aksiya keçirildi. Yəni burada mən Qarabağla yox, geopolitik dəyişikliklərlə əlaqələr görürəm. Ermənistanda həyata keçirilən həbslərin və digər baş verənlərin danışıqlara, yaxud güzəştlərə hazırlıq məqsədi daşıdığına inanmıram. Əsas məqsəd geopolitik dəyişikliklərlə bağlıdır. Mən deməzdim ki, Paşinyanın Qarabağla bağlı mövqeyi Köçəryan, Sərkisyan ya digərləri ilə ciddi şəkildə fərqlənir. Sadəcə olaraq, onlar istəyirlər ki, Rusiyadan asılılığı imkan dairəsində azaltsınlar və Qərblə əlaqələri gücləndirsinlər. Yəni Paşinyanın Rusiya səfəri, optimist ruhda gedişi, ”mən gedib qaz problemini həll edəcəyəm" deməsi və nəticəsiz qayıtması ona bir növ ciddi şəkildə işarə idi ki, sən çox da özündən razı olma, bura sənin meydanın deyil. Dediyim kimi, bu hadisələrin əsas mahiyyəti geopolitik dəyişikliklərdir. İlk növbədə bu və ya digər səbəblərdən Rusiyanın Ermənistandan getməsi, digər tərəfdən, Ermənistanın Qərbin himayəsinə keçməsi paralel gedən siyasi istiqamətdir".
Qarabağ mövzusuna gəldikdə, T.Zülfüqarov deyir ki, biz gərək bu iki istiqaməti əsas götürüb Qarabağa dair duruma o istiqamətlərə nəzərən qiymət verək: “Çünki Qarabağ məsələsi əsas meyar deyil. Əgər Paşinyana hansısa mərhələdə Azərbaycanla dostluq və əməkdaşlıq əlaqələri lazım olsa, bəlkə də demək olardı ki, o, buna gedəcək. Amma onun buna ehtiyacı yoxdur. Ermənilərin milli ideyası bizə qarşı olmaq və əraziləri ilhaq etməkdir. Bunu ya Rusiyanın köməyi ilə reallaşdırmağa çalışacaqlar, ya da yeni bir strategiya seçib Qərblə öz siyasətlərini davam etdirəcəklər. Mənim baxışım belədir”.
Sabiq nazir istisna etmir ki, Qarabağ klanına qarşı sərt siyasət bu klan üzvlərinin Rusiya ilə yaxın əlaqələri, yaxud Moskvaya bağlılığından qaynaqlanır: “Rusiya ilə bağlılıq bir amildir. İkinci amil ondan ibarətdir ki, Ermənistan kiçik ölkədir, burada gəlir gətirən bir-iki yer var, onları da çoxdan Qarabağ klanı mənimsəyib. Burada biz iqtisadi maraqları da nəzərə almalıyıq. Yəni Paşinyanın yanında onun siyasi elitası gəlib və onlar düşünürlər ki, bəs biz bu inqilabı nəyə görə etmişik? Ümumiyyətlə, inqilabdakı məqsədlərdən biri mülkiyyətin təzədən bölüşdürülməsi, ya da köhnə mülkiyyət sahiblərindən alınaraq təzələrə verilməsidir, ayrı məntiq yoxdur. Gec-tez səslənən şüarların axırında mülkiyyət götürülür, fransız inqilabını, ya başqalarını götürün, eyni hal baş verib”.
Belə qənaətə gəlmək olarmı ki, Paşinyan rəqiblərinə qarşı savaşın sonunda öz hakimiyyətini möhkəmləndirmək istəyir, sadəcə, Qarabağ mövzusundan sui-istifadə edir?
T.Zülfüqarov: “Hakimiyyətin gücləndirilməsi də mülkiyyətlə əlaqədardır. Kimdə mülkiyyət varsa, onlardan alıb özünə, ya tərəfdarlarına paylayırsa, onda hakimiyyəti əldə edəcək. Başa düşürük, onu seçiblər, baş nazir ediblər. Qarabağdan başqa, Ermənistanın öz ərazisində nə qədər mülklər var, onlara sahib çıxmaq lazımdır. Yəni hakimiyyəti davamlı etmək üçün bu addımları atacaq. Gəlir gətirən sahələr, mülkiyyətlər ki, var, onları götürməsə, hakimiyyətini uzun müddət əlində saxlaya bilməyəcək”.
Sabiq nazir N.Paşinyanın Qarabağla bağlı ümidverici mövqe sərgilmədiyini də vurğuladı: “Paşinyan Qarabağ məsələsinin həlli ilə bağlı çox da həvəsli deyil və ümidlər də yaratmır. Baxın, nə ümidlər yaradıb? Bəlkə hansısa bəyanatlar verib ki, gec və ya tez Azərbaycanla dil tapmalıyıq, biz qonşuyuq? Belə ümidlər yaratmaq üçün populist, demaqoji bəyanatlar verəcəkdi, belə bəyanatlar da eşitməmişik. Bir dənə arvadı deyib ki, analara müraciət edirəm və s. Yəni Paşinyanın bu istiqamətdə də fəaliyyətini müşahidə etmirik. Qarabağ mövzusu onu maraqlandırmır. Bu məsələ onu bir halda maraqlandırır ki, Dağlıq Qarabağın təhlükəsizliyi təmin ediləcək, yoxsa yox, vəssalam! Hətta Serj Sərkisyanı Qarabağı satmaq istədiyinə görə ittiham edirdi. Həmçinin Robert Köçəryanı başqa istiqamətə görə ittiham edir. Yəni burada Qarabağ söhbəti əsas məqsəd deyil. Ermənistan istəyir ki, Qarabağ da onun işğalında qalsın, Rusiya onun təhlükəsizliyini təmin etsin, İrəvan isə Qərblə əməkdaşlıq etsin. Bu, mümkün olan məsələ deyil. Bunlar bir-birinə zidd siyasi və geopolitik məfhumlardır”.
T.Zülfüqarov əmindir ki, Paşinyanın Qərbdən dəstəyi olmasaydı, Qarabağ klanına qarşı ilk gündən sərt addımlar atmazdı: “Hamı başa düşür ki, bunlar siyasi baxımdan qorxulu insanlardır. İqtisadi baxımdan da imkanları genişdir. Yəni bunları aradan götürmədən geopolitik dəyişikliklər asan deyil. Bəs nəyə görə Moskva etiraz edir, deyir ki, ”bu adamları burax"? Amma Moskvanın burada çox təkid etməsini də görmürəm. İrad tuturlar, amma təkid etmirlər. Təbrik edirlər, amma təkid etmirlər. Burada da imitasiya prosesi gedir ki, “biz bununla razı deyilik”. Paşinyana şans verilir ki, nə qədər imkanı var, səhvləri buraxsın. Günün birində ruslar deyəcəklər “görürsünüz, bizi satdılar, filan şey elədilər, biz onlara qardaş kimi baxırdıq, amma onlar...”"
Zülfüqarov Qarabağ klanının revanşını gözləmir: “Revanş gözlənilsəydi, Moskva Sərkisyan hakimiyyətinin belə asanlıqla yola salınmasına razı olmazdı. Sadəcə, Moskva Ermənistana aid marağını itirib və Qərblə - bilmirəm Qərblə koordinasiya olunmuş, ya olunmamış - bir siyasəti həyata keçirir”.
Belə bir situasiyada Azərbaycanın tutmalı olduğu mövqe barədə isə eks-nazir maraqlı fikirlər söylədi: “Mən indiki taktikanı belə adlandırardım: gəlin təzə erməni rəhbərliyinə mane olmayaq, onlar nə qədər imkanları var, səhvlər etsinlər. Hansısa məqamda hamıya aydın olacaq və bəlli olacaq ki, zərbə vurmağın vaxtıdır”.