Qarabağ danışıqları başlayır - köhnə “dairə” üzrə hərəkətə davam, yoxsa?

14/01/2019 - 10:05 1 993 0   0  

Bakıdan ismarış: “Ermənistanın yalnız bir yolu qalıb...”; amerikalı analitik: “Paşinyan öz legitimliyindən istifadə edib Azərbaycanla həqiqi sülh prosesini reallaşdırmağa çalışa bilər”

Təzə ilin ilk ayında Qarabağa dair sülh danışıqlarının davamı gözlənilir. Xəbər verildiyi kimi, yanvar ayında Azərbaycan və Ermənistanın XİN rəhbərləri - Elmar Məmmədyarov və Zoqrab Mnatsakanyan arasında növbəti görüşün keçirilməsi nəzərdə tutulub. ATƏT-in Minsk Qrupu həmsədrlərinin ötən ilsonu verdikləri bəyanatdan aydın olur ki, budəfəki görüş də vasitəçilərin iştirakı ilə reallaşacaq.

Xatırladaq ki, diplomatlar arasında sonuncu görüş keçən ilin dekabrında Milanda, ATƏT-ə üzv ölkələrin xarici işlər nazirlərinin toplantısı çərçivəsində baş tutmuş və 3 saatdan çox çəkmişdi. Görüşdən bir neçə gün sonra verdiyi açıqlamada isə Məmmədyarov Dağlıq Qarabağla bağlı erməni həmkarı ilə hətta ilkin anlaşma əldə edildiyini söyləmişdi.

Söhbətin hansı anlaşmadan getdiyi hələlik bəlli deyil. Lakin rəsmi Bakı 2019-cu ilin Dağlıq Qarabağ probleminin həllində dönüş yaratmaq baxımından ümidverici il ola biləcəyini bəyan edib. Əks halda, işğalçı ölkənin indikindən daha acınacaqlı duruma düşəcəyi barədə xəbərdarlıq edib. Sözsüz ki, aprel əməliyyatlarının təkrarlanması da istisna olunmur. Odur ki, bir sual öz aktuallığını saxlayır: sülh danışıqları yenə real nəticəyə gətirməyən köhnə “dairə” üzrə gedəcək, yoxsa? Bir şeyi yəqinliklə vurğulamaq olar ki, bu il Bakı danışıqlar xətrinə danışıqlara getməyəcək.

*****    

“Keçən il Ermənistanda böyük dəyişikliklər baş verdi. İyirmi il hakimiyyəti qanunsuz şəkildə zəbt etmiş kriminal xunta rejimi süqut etdi. Bu da təbiidir və bu, kriminal rejimin məntiqi acı sonudur. Bu məsələdə əlbəttə ki, Ermənistanın işğalçılıq siyasəti də mühüm rol oynayır. Çünki məhz bu siyasətə görə Ermənistan biz tərəfdən bütün regional layihələrdən təcrid edildi”.

Bu fikirləri ötən həftəsonu prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib. Dövlət başçısı deyib: “Bu işğalçılıq siyasətinə görə Ermənistan iqtisadiyyatı demək olar ki, çökdü. Ermənistan çox dərin demoqrafik böhran içindədir və depopulyasiya, yəni əhalinin azalması prosesi geniş vüsət alıb. Azərbaycan dünyaya sübut etdi ki, onun apardığı siyasət düzgün siyasətdir. Mən bu siyasəti heç vaxt gizlətməmişəm və müxtəlif kürsülərdən açıq bəyan etmişəm ki, biz Ermənistanı təcrid etmək üçün bütün vasitələrdən istifadə edirik və edəcəyik. O vaxta qədər ki, torpaqlarımız azad olunsun. Bu siyasət öz nəticəsini verdi, kriminal rejim çökdü və Ermənistanda yeni vəziyyət yarandı”.

İlham Əliyev ile ilgili görsel sonucu

İlham Əliyev onu da bildirib ki, mövcud ağır, böhranlı vəziyyətdə Ermənistanın yalnız bir çıxış yolu var: Azərbaycanla münasibətləri normallaşdırmaq. “Biz buna hazırıq. Ancaq bunun üçün bir şərt var - Ermənistan silahlı qüvvələri işğal edilmiş ərazilərdən çıxarılmalıdır”.

*****

Əlbəttə ki, çox şey yeni yaranmış vəziyyətdən ölkənin təzə rəhbərliyinin - Nikol Paşinyan hökumətinin necə istifadə edəcəyindən, yeni situasiyanı nə dərəcədə adekvat qiymətləndirəcəyindən asılı olacaq. Azərbaycan rəhbərliyinin bir neçə dəfə bəyan elədiyi kimi, əgər təzə iqtidar bundan unikal bir fürsət, şans kimi yararlanıb sələflərindən fərqli olaraq, Qarabağ məsələsində ədalətli mövqe tuta, nəticə etibarilə Azərbaycan və Türkiyə ilə əlaqələri düzəldə bilsə, o zaman uduşda ilk növbədə erməni xalqı olacaq.

Başqa halda, işğalçı ölkə və xalqının məhrumiyyətləri artacaq, blokada rejimi daha da sərtləşəcək, münaqişə zonasında müharibə riski böyüyəcək, Ermənistanın Rusiyadan asılılığı azalmaq əvəzinə artacaq. Bir sözlə, seçim həmişəki kimi, İrəvanın, Paşinyan hökumətinin olacaq. Bəs rəsmi İrəvan hansı seçimə meyllənəcək?

 “Ermənistanın yeni hökumətindən söhbət gedirsə, düşünürəm ki, ən azından, yaxın zamanda biz ciddi dəyişikliklər müşahidə eləməyəcəyik”. “Yeni Müsavat” qəzetinin məlumatına görə, bunu Vaşinqtondakı Kornegi Fondunun Şərqi Avropa və Qafqaz regionu məsələləri üzrə böyük elmi əməkdaşı, bölgə ilə bağlı çoxsaylı təhlillilərin və “Qara və bağ” kitabının müəllifi Tomas de Vaal “Vestnik Kavkaza” portalına deyib.

Tomas de Vaal ile ilgili görsel sonucu

Onun sözlərinə görə, Nikol Paşinyan üçün hələlik prioritet məsələ iqtisadi islahatlar, korrupsiya ilə mübarizə və inhisarçılıqdan qurtulmaq olacaq. “Əlbəttə ki, o, Qarabağ prosesini qəlizlışdirməməyə çalışacaq. Bununla belə, o, Qarabağ ermənilərini məyus eləməyi də özünə rəva bilməyəcək. Axı faktiki şəkildə 1998-ci ildə məhz buna görə Ermənistan prezidenti Levon Ter-Petrosyan hakimiyyətdən devrilib. Ona görə də Paşinyan status-kvonu saxlamağa çalışacaq. Ancaq Bakı da öz tərəfindən ya daha fəal sülh prosesinə nail olmaq, ya da situasiyanı fəal hərəkətləri ilə silkələmək istəyir”, - deyə o qeyd edib.

Tomas de Vaala görə, Ermənistan hakimiyyəti zamanla öz legitimliyindən istifadə edib Azərbaycanla birgə həqiqi sülh prosesini reallaşdırmağa cəhd göstərə, eyni zamanda, erməni ictimaiyyətini Bakı ilə sülhün dəyərinin müzakirəsində maraqlı edə bilər. “Lakin bu, zaman alacaq. Bundan əlavə, Ermənistanın getməyə hazır olacağı kompromislər, böyük yəqinliklə azərbaycanlılar üçün yetərli olmayacaq. Ancaq çox illər sonra ”liberal sülh" əldə oluna bilər, əgər hər iki tərəfdən demokratik və qanuni hökumətlər bir-biri ilə danışacaqsa", - deyə analitik əlavə edib.

*****

Paşinyan ile ilgili görsel sonucu

Bunlar amerikalı analitikin təxminləridir. Məsələ ondadır ki, Paşinyanın həyata keçirmək istədiyi islahatlar Dağlıq Qarabağ məsələsində ciddi dönüş yaranmadan, Azərbaycan və Türkiyə ilə əlaqələr qismən qaydaya salınmadan mümkünsüzsür. Ən əsası, iki mühüm qonşu ilə normal münasibətlər ilk növbədə Ermənistanın təhlükəsizliyi üçün vacibdir. Bunun xaricində hər hansı islahatın və ya korrupsiya ilə, inhisarçılıqla mübarizə aparmağın anlamı və dəyəri qalmır. Nikol Pşainyan da sələfləri kimi, çox tezliklə buna əminlik hasil edəcək və Ermənistan üçün yeganə qurtuluş yolunun Qarabağ məsələsində Azərbaycanla anlaşmaq olduğunu dərk edəcək...