Moskvada Azərbaycan məscidinin bağlanma səbəbi bilindi - İcma sədrindən ilçinc açıqlama

12/01/2019 - 15:12 2 290 0   0  

Rusiyada azərbaycanlılara məxsus məscidin bağlanmasının əsl səbəbləri məlum olub.

Rusiya Federasiyasının paytaxtı Moskvada azərbaycanlılara məxsus məscidin bağlanmasının əsl səbəbləri üzə çıxıb.
Bu barədə İnterpress.az-a açıqlamasında Moskva Azərbaycanlıları İcmasının (MAİ) rəhbəri Şamil Tağıyev məlumat verib. O bildirib ki, məscid 10 ilə yaxındır ki, icarədədir: 
"Bakı şəhərinin sabiq prokuroru Məmməd Quliyevin sağlığında məscid heç bir icarə haqqı ödəmirdi. Amma o, dünyasını dəyişdikdən sonra məscidə icarə haqqı ödənişi təyin olundu. Çünki həmin məscidin tikilməsində Ayaz Mütəllibovdan da çox M.Quliyevin böyük rolu olub. İcarə haqqı müxtəlif idi. Əvvəllər az idisə, son vaxtlar artırıldı. Dəfələrlə icarə haqqının ödənməməsinə görə məscid bağlanma təhlükəsi ilə üzləşsə də, bu problemlər aradan qaldırdılmışdı”. 

"Bir dəfə məscidin sahibi ilə görüşüb problemi həll etdik"

Ş.Tağıyev qeyd edib ki, sonuncu dəfə məscid noyabr ayında bağlananda məscidin sahibi ilə görüşərək problemin aradan qaldırılmasına nail olub: "Noyabrda məscid bağlananda azərbaycanlı axund Məşədi Mahir məndən xahiş etdi ki, icma rəhbəri olaraq məscidin yerləşdiyi mülkün sahibi olan tatar əsilli Rəşid Bəyazitovla görüşüb məsələnin həllini müzakirə edək. Mən gedib onunla görüşdüm və məscidin icarə haqqından azad olunması, amma kommunal xərclərin məscid tərəfindən ödənilməsi razılığına gəldik”. 
İcma sədri ibadət ocağının azərbaycanlı müsəlmanların həmrəylinin olmaması səbəbindən bağlandığını bildirib: "Təəssüflər olsun ki, bizim öz həmvətənlərimiz olan bəzi qüvvələr məscidin bağlanması üçün səy göstərirdilər. Çünki bəzilərinin o məsciddə maraqları var idi”. 

"Məscidin girişində Azərbaycanın sabiq prezidentinin fotosu sökülüb"

Onun sözlərinə görə, Bakının sabiq prokuroru M.Quliyev dünyasını dəyişdikdən sonra məscidin adı dəyişib: "Məscidin adını da dəyişdirdilər. (red: əvvəllər məscidin adı "İnam” olub). A.Mütəllibovun şəkili və məscidin azərbaycanlıların təşəbbüsü ilə tikildiyi qeyd olunmuş lövhə söküldü. Məscid bu dəfə bağlananda da R.Bəyazitovla əlaqə saxladıq. Yaxın günlərdə onunla görüşümüz olacaq. Məsələnin həlli yolunu müzakirə edəcəyik”. 

"Ümid edirik ki, məsələ öz həllini tapacaq"

"Azərbaycan dövləti Rusiyada yaşayan azərbaycanlı müsəlmanların hüquqlarının qorunması üçün müəyyən işlər görməlidir. Misal üçün, Azərbaycan İslam Mərkəzi adlı bir təşkilat yaradıb bu işləri yoluna qoymaq olar. Biz bununla bağlı Qafqaz Müsəlmanları İdarəsinin Şeyxi Hacı Allahşükür Paşazadənin Moskvadakı nümayəndəsi ilə də görüşüb təkliflər etmişik. Çünki burada azərbaycanlı müsəlmanların həmrəyliyi yoxdur. Ümidvarıq ki, Diasporla İş üzrə Dövlət Komitəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsi Rusiyadakı həmkarları ilə danışıqlar aparıb azərbaycanlı müsəlmanların üzləşdikləri problemlərin aradan qaldırılmasına nail olacaqlar. Azərbaycanlılara məxsus ibadət ocaqlarının bağlanması həmvətənlərimizin radikal dini qruplaşmalara qoşulmasına gtirib çıxara bilər” – deyə, Ş. Tağıyev əlavə edib.
Qeyd edək ki, Otradnıy rayonunda yerləşən məscidə giriş yanvarın 1-də müsəlman azərbaycanlıların cümə namazına getdiyi zaman qadağan olunub. Bundan sonra inanclı şəxslər məscidin qarşısında toplaşaraq etiraz ediblər.