Vəkil Mehman Hüseynovun səhhəti barədə danışıb - "Süd məhsulları qəbul edir"

08/01/2019 - 12:12 8 206 0   0  

Yanvarın 7-də vəkil Şəhla Hümbətova Kürdəxanıdakı 1 saylı İstintaq Təcridxanasında bloqqer Mehman Hüseynovla görüşüb.

Bu barədə vəkilin özü açıqlama yayıb:
"Bu gün (yanvarın 7-də) Mehman Hüseynovla görüşdüm. Müalicə müəssəsinə köçürülməyib, 1 saylı İstintaq Təcridxanasındadır. Ombudsman Aparatının nümayəndəsi və həkimi təcridxanada onunla görüşüb. Mehman bildirdi ki, mədəsində olan ağrılara görə süd və duru süd məhsullarını qəbul etməyə başlayıb", deyə vəkil Şəhla Hümbətova vurğulayıb.
Yanvarın 7-də Ombudsman Aparatı da bloqqerlə bağlı açıqlama yaymışdı. Həmin açıqlamada isə Mehman Hüseynovun yemək yediyi bildirilirdi.
Vəkil Şəhla Hümbətova isə bundan əvvəl bloqqerlə yanvarın 4-də görüşmüşdü. Həmin görüşdən sonra isə vəkil Mehman Hüseynova istinadən bildirmişdi ki, bloqqer ona irəli sürülən yeni ittihama etiraz olaraq dekabrın 26-dan aclıq aksiyasına başlayıb. Şəhla Hümbətova Mehman Hüseynovun bu üzdən səhhətinin ağırlaşdığını açıqlamışdı.
Rəsmi məlumata görə, Mehman Hüseynov ötən ilin sonu, dekabrın 26-da cəza çəkdiyi müəssisədə Penitensiar Xidmətin əməkdaşına zor tətbiq etməkdə günahlandırılır.
Bu ittihamla üzləşən şəxsə 3 ildən 7 ilə kimi həbs verilə bilər. Vəkillərinin bildirməsinə görə, Mehman Hüseynovun özü ittihamı qurama sayır. O, buna etiraz olaraq dekabrın 26-dan aclıq aksiyasına başladığını açıqlamışdı.Onun bu üzdən səhhətinin ağırlaşdığı bildirilirdi. Ancaq Penitensiar Xidmətdən də bildirmişdilər ki, Mehman Hüseynov cəmi bir gün aclıq aksiyası keçirib, o, yemək qəbul edir.
Mehman Hüseynov 2017-ci il martın 3-də Suraxanı Rayon Məhkəməsinin hökmü ilə 2 il azadlıqdan məhrum edilib. O, polisə böhtan atmaqda təqsirli bilinib. Bloqqer həbsindən öncə saxlanarkən polisdə işgəncəyə məruz qaldığını açıqlamışdı.
Mehman Hüseynov çəkdiyi videolarda hökumətin fəaliyyətini tənqid edib, yüksək vəzifəli şəxslərin, deputatların olduğu deyilən bəzi mülklər barədə süjetlər hazırlayaraq sosial şəbəkələrdə yayıb. O, həbsinin fəaliyyəti ilə bağlı olduğunu bildirib.
Amma hakimiyyət rəsmiləri bildirirlər ki, Azərbaycanda jurnalist və bloqqerlər peşə fəaliyyətləri ilə bağlı həbs edilmirlər.