DOLLARIN QARŞISINDA YARPAQ KİMİ ƏSƏNLƏR… – “Yaşıl kağızın” 2018-də əzib keçdiyi valyutalar

31/12/2018 - 11:15 2 578 0   0  

Ötən 2018-ci il bəşəriyyətə təkcə təbii fəlakətlər, hərbi münaqişələr, epidemiyalar və digər bəlalar deyil, dünya ölkələrinin iqtisadiyyatını, maliyyə və fond bazarlarını silkələyən təlatümlər də “bəxş etdi”. ABŞ-ın əvvəllər də istifadə etdiyi, ötən il isə daha da gücləndirməyə başladığı aqressiv maliyyə siyasəti, eləcə də ayrı-ayrı ölkələrə qarşı tətbiq etdiyi iqtisadi sanksiyalar il ərzində öz acı bəhrəsini verdi.

Lirə – Avropada dolların ən böyük qurbanı

Ötən il ABŞ-ın keşiş Bransonun həbsini bəhanə edərək, Türkiyə iqtisadiyyatına göstərdiyi təzyiqlər çox qısa zamanda və kəskin şəkildə özünü biruzə verdi. Nəticədə 4 lirənin altında olan dollar avqust ayında 7 lirəyə çatdı. Bunun üçün ABŞ-ın sadəcə, Türkiyədən polad və alüminium idxalına qoyulan rüsumu artırmaq barədə qərarı kifayət etdi. Hansı ki, bu metalların idxal həcmi ABŞ-Türkiyə iqtisadi münasibətlərində qətiyyən həlledici miqyasa malik deyildi və normalda belə ciddi nəticə verməməli idi. Bir çox təhlilçilər türk lirəsinin məruz qaldığı bu düşüşü əsasən psixoloji məqamlarla əlaqələndirərək bildirdilər ki, bazar ABŞ-Türkiyə münasibətlərindəki gərginliyə olduqca həssas münasibət göstərib. Doğrudur, son illərdə AKP hökumətinin iri layihələr həyata keçirməsi və bu zaman xarici valyuta ilə xeyli borclanması, həmin layihələrin bəzilərinin isə heç də konkret maddi gəlirlər gətirməməsi iqtisadiyyatın dayanıqlılığına mənfi təsir göstərmişdi. Lakin Türkiyədən daha zəif iqtisadi potensialı, istehsalı və bazarı, əvəzində daha böyük xarici borcu olan ölkələr var ki, onların milli valyutaları belə ciddi təzyiqlə qarşılaşmadı. Ona görə də, xüsusilə türkiyəli təhlilçilər lirənin dəyər itirməsini psixoloji təzyiqin nəticəsi kimi gördülər.

turk_liresi

Hər necə olsa, “ya zəlzələdən, ya vəlvələdən” qardaş ölkənin milli valyutası 2018-ci ildə 2001-ci ildən bu yana ən böyük dəyər itkisilə qarşılaşdı. Nəticədə, ilin yekunlarına görə, türk lirəsi ABŞ dollarına nisbətən 28.2 faiz ucuzlaşdı. Ötən il heç bir Avropa ölkəsinin milli pul vahidi bu qədər dəyər itirməyib. Yalnız keşiş Branson azad edildikdən və Türkiyə-ABŞ siyasi münasibətləri qismən də olsa yumşaldıqdan sonra lirə bir qədər sabitləşməyə başladı.

Dolların əzdiyi rublu 2019-cu ildə də yaxşı günlər gözləmir

Dolların Avropada Türkiyədən sonra ən güclü zərbə vurduğu ölkə Rusiyadır. Rus rublu 2018-ci ildə ABŞ dolları qarşısında 21.2 faiz dəyər itirib. Rubl ötən il iki mərhələdə dollar qarşısında geri çəkilməyə məcbur oldu. Əvvəlcə aprel ayında kəskin ucuzlaşan rubl sentyabrda mənfi mənada pik nöqtəyə qədər geriləyərək 70.5 rubl həddinə çatdı. Rusların valyutası 2018-ci ili dollara nisbətdə 57.6 səviyyəsindənbaşladığı halda, 69.8 rubl səviyyəsində tamamlayır.

Əksər müşahidəçilər 2019-cu ildə də rublu ağır günlər gözlədiyinə əmindirlər. Belə ki, hələ ötən ilin aprel ayında ABŞ sanksiyalarının ilk yüngül dalğası onu xeyli dərəcədə öz yerindən oynatdı. Baxmayaraq ki, hələ rəsmi Vaşinqton daha ciddi sanksiyaların müzakirəsini 2019-cu ilə saxlamışdı. Gözlənilir ki, yeni ilin ilk aylarında sözügedən sanksiyaların tətbiqilə bağlı qərar qəbul olunacaq. Bu zaman rublun yenə dəyər itirməsi qaçılmaz olacaq. Hətta Rusiyadakı ən optimist təhlilçilər belə, gələn il bir ABŞ dollarının 75 rublun üzərinə qalxa biləcəyini proqnozlaşdırırlar.

rusia-rubla

Məsələ ondadır ki, Rusiyanın milli valyutası təkcə ABŞ sanksiyalarının təzyiqi altında deyil. İqtisadiyyatı ciddi şəkildə neft və təbii qaz kimi xammallardan asılı olan Rusiyanın pul vahidinə bazardakı qiymətlər də təsir edir. Rusiyalı iqtisadçılar bildirirlər ki, 2019-cu ildə neftin bir bareli 50 dollar civarında olarsa, ABŞ sanksiyaları tətbiq edilmədən belə, dollar 75 rubldan baha olacaq. Maraqlıdır ki, 2016 və 2017-ci illərdə əks tendensiya müşahidə olunub. Rubl dollar qarşısında 2016-cı ildə 16.5 faiz, 2017-ci ildə isə 6.3 faiz möhkəmlənmişdi. Ancaq göründüyü kimi, ABŞ növbəti dəfə dünyanın ən böyük iqtisadi və siyasi gücü olduğunu ortaya qoymaqla, qısa müddətdə şimal qonşumuza dünya iqtisadiyyatındakı yerini göstərə bildi.

Əsas hədəf – Çin

Rəsmi Vaşinqton ilk olaraq, Türkiyə və Rusiyanı sanksiyalar və digət təzyiq vasitələrilə sıxmağa başlayanda, çoxları bunu növbəti siyasi addım hesab etdilər.Bir çox təhlilçilər bu yolla ABŞ-ın Rusiyaya yerini göstərmək istədiyini bildirdilər. Yəni ki, bu vasitələrlə ABŞ Rusiyaya dünya liderliyi barədə heç düşünməməyi belə məsləhət görmüş oldu. Elə Türkiyənin də nisbətən müstəqil xarici siyasət aparmaq cəhdləri, Suriya münaqişəsi ətrafında tutduğu mövqe və s. səbəblərdən cəzalandırıldığı hesab olunurdu.

Ancaq çox keçmədi ki, ABŞ eyni münasibəti bir çox digər ölkələrə, xüsusilə də Çinə qarşı göstərməyə başladı. Sonradan belə məlum oldu ki, ən əsas və böyük hədəf məhz Çindir. Dünyanın ən nəhəng iqtisadiyyatına çevrilməkdə olan Çin, ABŞ-ın açıq təzyiqləri və sanksiyaları ilə üz-üzə qaldı. Təbii ki, Rusiya və Türkiyə ilə müqayisədə ölçüyəgəlməz dərəcədə böyük olan Çinə qarşı təzyiqlər də daha böyük oldu. Doğrudur, hazırda ABŞ-la bu ölkə arasındakı ticarət müharibəsi nisbətən səngiyib. Ancaq hər halda, ilkin nəticələrə görə, dollar Çin valyutasının təxminən 8 faiz dəyər itirməsinə nail olub.

Ən güclü zərbə Maradonanın vətəninə dəyib

Ümumiyyətlə, Venesuelanı nəzərə almasaq, keçən il dünya ölkələri arasında dollar qarşısında ən çox əzilən valyuta Argentinaya aiddir. Maradonanın vətəninin milli valyutası olan peso ötən il düz 51 faiz ucuzlaşıb. Statistikaya görə dünya iqtisadiyyatında ciddi paya malik olan bir neçə ölkə var ki, onların milli valyutaları 2018-ci ildə ABŞ dolları qarşısında xeyli zəifləyib. Bunlar Rusiya və Türkiyə ilə yanaşı Çin, Hindistan, Argentina, Filippin və Cənubi Afrika Respublikasıdır.

Məsələnin narahatlıq yaradan tərəfi isə odur ki, ABŞ administrasiyası 2019-cu ildə də aqressiv maliyyə və ticari fəaliyyətlərdən çəkinmək fikrində deyil. Baxmayaraq ki, Tramp administrasiyasının apardığı ticarət müharibəsi və maliyyə rıçaqlarından bu cür istifadə etməsi ABŞ iqtisadiyyatı üçün də zərərsiz ötüşmür. Ancaq bütün bunlara rəğmən, ötən il Tramp hökuməti ölkə daxilində bir çox iqtisadi göstəricilər üzrə yüksəliş əldə edə bilib. Digər tərəfdən dünyadakı rəqiblərini bu cür cəzalandırması hazırkı administrasiyanın siyasi dividentlər qazanmasına xidmət edir. Deməli, sükanı belə saxlamaq olar.

Bütün bunlardan belə nəticə çıxır ki, ümumilikdə dünya iqtisadiyyatı, eləcə də ayrı-ayrı ölkələrin iqtisadi durumu, milli valyutaları bir növ ABŞ-ın daxili siyasi həyatında baş verənlərdən, Ağ Evə başçılıq edən şəxsin reytinq qovğasından və ümumiyyətlə bu ölkənin çıxarlarından birbaşa asılıdır. Və geridə qalan il də bir daha göstərdi ki, dünyada ABŞ-ın iqtisadi və siyasi hegemonluğu qaldıqca, digər ölkələrin milli valyutaları dollar qarşısında yarpaq kimi əsməkdə davam edəcəklər.