Sabiq daxili işlər nazirinin qardaşı danışdı: “Bu işdən onun xəbəri olmayıb”

26/12/2018 - 17:01 7 177 1   0  

Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri Əhməd Əhmədovun qardaşı Əvəz Əmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə baş tutan prosesdə Əvəz Əhmədovun vəkili vəsatətlə çıxış edib.
O, jurnalistlərin zaldan çıxarılmasını, prosesin qapalı keçirilməsini istəyib.
Məhkəmə vəsatəti təmin etməyib.
Daha sonra zərərçəkmiş Hörmət Əsgərov suallara cavab verib. O, bildirib ki, hələ də Əhməd Əhmədova 100 min manat borcu var: “Mən xəsarətlərim barədə polisə şikayət etməmişəm, istintaqa ifadə verəndə də döyüldüyümü demədim ki, sonradan işə düzələndə problem yaranmasın. Bədənimdə döyülən zamandan qalan yaranın çapığı var. Mən pulu Rəşada vermək üçün almamışam, belə bir söz də deməmişəm.
Mən ondan əvvəl də Əvəzdən 280 min manat alıb qaytarmışdım. Pulu makler Hətəm Ramazanova verirdim, ev işi görürdük. Axırıncı dəfə Hətəmə 100 min verdim, yoxa çıxdı, axtardım tapa bilmədim. Onun barəsində şikayət etməmişdim, bu işdən sonra istintaq axtarışa verdi”.
Təqsirləndirilən Əvəz Əhmədov bildirib ki, Hörmət Əsgərovu o yox, Rəşad Tahirovla dostu Dəyanət Yusifov döyüb.
Daha sonra sərbəst ifadə verən Əvəz Əhmədov bildirib ki, bu hadisədən əvvəl Hörmət Əsgərovla arasında pul alış-verişi olub: “Bir dəfə Hörmət qohumu Rəşaddan danışdı və Sumqayıt STP-də satışın müdiri olduğunu dedi. Sonra Hörmətin vasitəsilə Rəşadla görüşdük, armatur biznesi haqda danışdı. Rəşad dedi, 100 minə bir həftəyə 8-12 min qazanc götürə bilər.
Bundan bir həftdə sonra Hörmət gəlib məndən 140 min dollar götürdü, dəmir işinə görə Rəşada verəcəkdi. Bir ay yarımdan sonra Hörməti çağırıb pulumu istədim. Mənim yanımda Rəşada zəng edib, ləzgi dilində nəsə danışdılar, sonra telefonu mənə verdi. Rəşad dedi ki, pul məndədi, bir həftəyə verəcəyəm. Orada Hörməti döyməmişəm, ona zor tətbiq etməmişəm, sadəcə söhbət etmişik”.
Təqsirləndirilən şəxs əlavə edib ki, sonra Rəşada zəng çatmayıb, bu səbəbdən polisə ərizə ilə şikayət edib: “Bundan sonra 3 ay ərzində pulu hissə-hissə ödədilər. Bu ərəfədə Rəşad Dəyanətlə Habili üstümə göndərmişdi. Onlar da mənlə söhbət edəndən sonra Rəşada dedilər ki, kişinin pulunu qaytarmalısan”.
Əvəz Əhmədov bildirib ki, qardaşı, keçmiş nazir Əhməd Əhmədovun bu işlərdən xəbəri olmayıb.
Qeyd edək ki, Əvəz Əhmədov iki nəfərin 140 min dollar pulunu hədə-qorxu ilə ələ keçirməkdə ittiham olunur.
Əvəz Əhmədovun barəsində Cinayət Məcəlləsinin 182.3.2-ci (hədə-qorxu ilə tələb etmə, külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Əvəz Əhmədov Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri Əhməd Əhmədovun qardaşıdır./Teleqraf