“Bakı tarixində heç vaxt belə inkişaf görməyib” - Eldar Əzizov

24/12/2018 - 16:25 9 037 0   0  

"Son 15 il ərzində Bakıda çox böyük quruculuq işləri həyata keçirilib və Bakı simasını tamamilə dəyişib, dünyanın gözəl memarlıq üslubunda tikilən bir şəhərə çevrilib" 

Azvision.az xəbər verir ki, bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə “Möhtəşəm quruculuq. Dünən, bu gün, sabah” mövzusunda keçirilən konfransda deyib.
"İllər, əsrlər keçəcək, gələcək nəslin tarixçiləri bu dövrü möhtəşəm inkişaf tarixi kimi, prezident İlham Əliyevi möhtəşəm qurucu dövlət başçısı kimi xarakterizə edəcəklər. Görülən işlər nəticəsində Bakı dünyanın ən böyük şəhərlərindən birinə, investorlar üçün ən cəlbedici şəhərlərdən birinə çevrilib. Son bir ildə şəhərə 12 milyard manata investisiya qoyulub. 2005-ci ildən Bakıda sənaye istehsalı 4 dəfə artıb". 
İcra başçısı vurğulayıb ki, Prezident İlham Əliyevin apardığı işlər nəticəsində Bakıda sahibkarlıq möhkəmlənir: "Bakıda otellərin sayı 4 dəfə artıb. Bakı keçmiş SSRİ məkanında 5 ulduzlu otellərin sayına görə ön yerlərdə yerləşir. Təkcə bu il Bakını 2 milyondan artıq turist ziyarət edib və proqnozlara görə bu rəqəm artacaq". 
E.Əzizovun sözlərinə görə, 15 ildir Bakıda intensiv tikinti işləri aparılıb və bu gün də tikinti ilə bağlı müraciətlərin sayı artıb: "Bu, Bakının inkişafından xəbər verir. Beynəlxalq agentliklərin reytinqinə görə, turistlər üçün memarlıq abidələri ilə yadda qalan 5 şəhərdən biri hesab edilir. Bakının yeni baş planı hazırlanır və şəhərdə sıxlığın azaldılması üçün müvafiq tədbirlərin görülməsi, sənaye müəssisələrinin şəhərdən kənara çıxarılması nəzərdə tutulur". 
İcra başçısı qeyd edib ki, bu gün Bakıda salınan parklar böyük əraziləri əhatə edir, meqa parklar yaradılır. Paytaxımız dünyanın mədəniyyət mərkəzlərindən birinə çevrilib. Bakı öz tarixində heç zaman belə inkişaf görməyib. Bütün bunların əsasında İlham Əliyev fenomeni dayanır. Ölkəmiz və paytaxtı İlham Əliyevin rəhbərliyi ilə böyük nailiyyətlər əldə edəcək". 
E.Əzizov, həmçinin qeyd edib ki, ötən illər ərzində Bakıda avtomobillərin sayı 2 dəfə artaraq 663 minə çatıb.