MTN-nin həbsdə olan generalları yenə məhkəmə qarşısında

21/12/2018 - 16:34 8 623 0   0  

Apellyasiya şikayətlərinə baxılır

Bakı Apellyasiya Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) generalları Sübahir Qurbanov və Teymur Quliyevin, qurumun əməkdaşları polkovnik Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev və Elşad Əzizovun apellyasiya şikayətləri üzrə məhkəmə prosesi davam edib.
Suveren.az Trend-ə istinadən bildirir ki, hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə həbsdə olan polkovnik Füzuli Əliyev zərərçəkənlərdən Ağaisa Mahmudov və Saleh Səmədov epizodları haqqında danışıb.
F.Əliyev bildirib ki, onlardan MTN-də pul alınması barədə verilən ittihamlar yalandır.
Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov 14 il, Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev 12 il, MTN-in digər vəzifəli şəxsləri Füzuli Əliyev 14 il, Zaur Məmmədov 10 il 6 ay, Natiq Alıyev 10 il 6 ay, Anar Şirəliyev 3 il, Eşqin Əliyev 3 il müddətinə azadlıqdan məhrum ediliblər.
Digər təqsirləndirilənlər Əməliyyat-texniki İdarənin rəisi, general-mayor Natəvan Mirvətovaya 5 il, onun idarəsinin əməkdaşı Fərhad Atayevə 3 il, Elşad Əzizova 3 il sınaq müddəti təyin edilməklə şərti cəza seçilib.
Şərti cəza alan təqsirləndirilən şəxslər məhkəmə iclas zalından azadlığa buraxılıb.
Bundan başqa təqsirləndirilənlərdən Eşqin Əliyev və Anar Şirəliyevin cəza müddəti başa çatdığından azadlığa çıxıb.