Ağstafa mədəniyyət şefi İH başçısı ilə niyə yola getmir? - Korrupsiya ittihamı…

27/11/2018 - 19:57 11 083 0   0  

Ağstafa Regional Mədəniyyət İdarəsi rəisi Ramiz Quliyev vaxtaşırı medianın gündəminə gəlməkdədir.

Cahan.info-nun verdiyi məlumata görə, idarə rəisi bu dəfə fəaliyyətsizlikdə ittiham olunub.

Bu barədə dia.az-a məktub yazmış Cabir Novruzlu iddia edir ki, Ağstafa Regional Mədəniyyət İdarəsinə mühəndisin rəis təyin olunması acınacaqlı haldır.

Onun sözlərinə görə, mədəniyyətimizin bu gün belə çətinliklərlə üzləşməsi, geriləməsi elə bu kadrların ucbatından irəli gəlir.

“Qazax, Tovuz və Ağstafa rayon mədəniyyət şöbələrini özündə birləşdirən regional mədəniyyət idarəsində ancaq hərcməclik və özbaşınalıqdır.

İdarənin rəisi Ramiz Quliyev isə gah canının hayında, gah da Bakıya gedib-gələrək yol ölçməklə məşğuldur. Onun Bakıya tez-tez gəlməsi ailəsinin burada yaşamağı ilə bağlıdır”, - deyə C.Novruzlu yazır.

İdarə rəisi hər Bakıya gəlib-gedəndə azı 200-300 manat xərcləmək lazım gəlir: “Üstəlik, Quliyevin Ağstafada kirayə qaldığı evin haqq-hesabı...

Yəni, Quliyevin aldığı əməkhaqqı ilə xərclərinin üst-üstə düşməməsi onunla izah edilir ki, mədəniyyət idarəsində şəffaflıq qətiyyən ola bilməz.

Kim deyə bilər ki, indiki zamanda mən evimizdən gətirib rəisi olduğum idarəyə xərcləyirəm? Demək, məsələ məlumdur. Bunun hüquqi təhlili belədir.

O da heç kimə sirr deyil ki, Ağsatafa Regional Mədəniyyət İdarəsinin rəisi Ramiz Quliyev Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevlə “danışmırlar”.

Burada isə əsas meyar Ramiz Quliyevin işdə yol verdiyi ciddi nöqsanlar, rüşvətxorluq və digər hallardır.

Lakin Ramiz Quliyev mədəniyyət naziri Əbülfəs Qarayevin kadrı olduğu üçün onu Ağstafadan Bakıya yola salmaq başçının səlahiyyəti daxilində deyil”.

C.Novruzlunun sözlərinə görə, Ramiz Quliyevin neqativ hallarla məşğul olması Qazax Rayon İcra Hakimiyyətin başçısı Rəcəb Babaşova da xoş gəlməyib.

Ağstafa mədəniyyətində uzun müddət can qoyan, tanınmış mədəniyyət işçisi Gülgün Kərimov kimi bacarıqlı kadrlar ola-ola Ramiz Quliyevin göndərilməsi gülünc doğurur.

Cahan.info xəbər verir ki, mediada R.Quliyevin fəaliyyətindən kitab-kitab məqalələr var. Ağstafa rayon Regional Mədəniyyət və Turizm idarəsində işləyən bir qrup işçisinin RealMedia.az-da çap olunan şikayət məktubunda vurğulanır ki,regional idarənin rəisi Ramiz Quliyev qurumu özünün şəxsi obyekti kimi idarə edir.

Ramiz Quliyev bütün qohum əqrabasına, tanışlarına ştalar açaraq onların adına yazılan əmək haqqlarını mənimsəyir və bu yolla dövlət büdcəsinə külli miqdarda ziyan vurur.

Qeyd edək ki, Ağstafa Regional Mədəniyyət və Turizm idarəsi Ağstafa, Qazax və Tovuz rayonlarını özündə birləşdirir.

Şikayət məktubunda bildirilir ki, Ramiz Quliyev regional rəis təyin ediləndən sonra hər üç rayonda fəaliyyət göstərən bütün turizm və istirahət mərkəzlərini, mədəniyyət müəssisələrini, mədəniyyət mərkəzlərini, klublarını müəyyən olunmuş məbləğdə “haqq”a oturdub.

İdarə rəisi büdcədən ayrılan əməkhaqqı və digər xərclər hesabına bu üç rayonnun mədəniyyət və turizm müəssisələrin rəhbərlərindən aylıq haqq alır. Bunun müqabilində isə bu üç rayonun mədəniyyət və turizm müəssisələrindəki “ölü canlar”a göz yumur.

Yəni faktiki olaraq Ağstafa Regional Mədəniyyət və Turizm idarəsi şəbəkə şəklində dövlət büdcəsinə ziyan vurmaqla məşğuldur. Lakin məsələ təkcə “ölü canlar”la bitmir.

İşçilər bildirirlər ki, bir ildən çoxdur regional idarənin rəisi vəzifəsinə təyinat alan Ramiz Quliyev guya müxtəlif mədəniyyət tədbirlərinin keçirilməsi ilə bağı saxta sənədlər tərtib edərək ölkə büdcəsini talamaqla məşğuldur.

Bir il ərzində Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Ağstafa regional idarəsinə ayrılmış büdcə vəsaitlərinin 20 faizi belə təyinatı üzrə istifadə edilməyib.

Regional idarənin balansında olan mədəniyyət mərkəzlərinin, klubların və kitabxanaların saxlanılması üçün ayrılan vəsaitin böyük hissəsi qeyri-qanuni maxinasiyalar, şişirdilmiş smetalara, müxtəlif silinmələr yolu ilə Ramiz Quliyev tərəfindən mənimsənilib.

Hazırda Ağstafa regional Mədəniyyət və Turizm İdarəsində elə bir ab-hava yaranıb ki, Ramiz Quliyevin ən yaxın adamları belə ondan narazıdırlar. Çünki idarə rəisi əldə etdiyi qazancı heç kəslə bölüşmür.

Büdcədən oğurlanan vəsaitlər Ramiz Quliyevi çox ürəkləndirib. Çünki idarə rəisi ətrafı ilə keçirilən məclislərdə tez-tez daha böyük vəzifəyə təyin ediləcəyi ilə öyünür.

Hətta Ramiz Quliyev hər dəfə ətrafına “bir gün eşitsəniz ki, Ağstafa rayon icra başçısı Məhərrəm deyil Ramiz Quliyevdi o zaman çaş-baş qalmayın”, deyir.

Məlumata görə Ramiz Quliyevin bu iştahasından Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev də xəbərdardır və ona görə də onlar yola getmirlər. Lakin regional idarənin müdirinə qarşı Məhərrəm Quliyevin səlahiyyətləri yetərli deyil.

Ağstafa regional idarənin işçiləri bildirirlər ki, Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevin Ramiz Quliyevin əməllərindən xəbəri yoxdur.

Çünki nazir sonuncu kollegiya iclasında açıq şəkildə qeyd elədi ki, “regional idarə rəisləri ilə bağlı mənə daxil olan bütün məlumatları araşdırıb lazımı təbirlər görəcəm”.

Mədəniyyət işçiləri ümid edirlər ki, nazir Ə.Qarayev yaxın aylarda Ramiz Quliyevin korrupsiya əməllərindən xəbər tutacaq və ona lazımı cəzanı verəcək.

Qarşı tərəfi dinləməyə hazırıq.