1 TRİLYONU HARA, NECƏ XƏRCLƏMƏLİ? – Norveç milyardları axmaq layihələrə səpələyib dağıtmayıb

25/11/2018 - 14:14 6 949 0   0  

Dünyada milyonlarla insanın aclıq çəkdiyi, başlarının üstündə damı olmadığı bir vaxtda dünyada ən zəngin neft ölkəsinin də öz problemi var. Belə ki, Norveçin Qlobal Pensiya Fondunda (GPFG) neftin satışından əldə edilən gəlirlər hesabına 1 trilyon dollardan çox pul yığılıb və indi həm fondda, həm hökumətdə  bu sualın üstündə baş sındırırlar: pulları hara yatırmalı, nəyə xərcləməli? Virtualaz.org qeyd edir ki, GPFG 1998-ci ildə Norveçin neftdən əldə etdiyi gəlirlərin gələcək nəsillər üçün yığılıb qorunması üçün yaradılıb.

Artıq 20 ildir ki, Norveç hakimiyyəti neftdən gələn pulları həmin fondda cəmləyir. “Neft günlərin birində tükənəcək, amma fondun gəlirləri Norveç əhalisinə fayda gətirməkdə davam edəcək”-Fondun saytında belə deyilir.

263116_src

Hazırda GPFG dünyada ən nəhəng suveren fonddur. Norveçin əhalisinin sayı cəmi 5,26 milyon nəfərdir, yəni fondda yığılan pulları adambaşı bölsələr hər norveçliyə 200 min dollar düşərdi. Fondun işi tam şəffaflıq üzərində qurulub və istənilən vətəndaş online rejimdə onun fəaliyyətinə dair bütün statistikanı, dinamikanı izləyə bilər.

Ölkə bu cür etibarlı təhlükəsizlik yastığını savadlı iqtisadi, investisiya və şaxələndirmə siyasəti sayəsində formalaşdırıb. Fonda ümumiyyətlə, neftdən əldə edilən gəlirlərin hamısı daxil olur, büdcə xərcləri üçün isə fondun cəmi aktivlərinin ən çoxu 3 faizi həcmində vəsait yönəldilə bilər. Hökumət neft pullarını xarici şirkətlərə, inkişaf etməkdə olan biznesə, səhmlərə və daşınmaz əmlaka yönəldir.

 

263117_src

Hazırda GPFG-nin investisiya strategiyası aşağıdakı şəkildə formalaşıb: səhmlərə fondun vəsaitlərinin 67.6 faizi, qiymətli kağızlara 29.7 faizi yatırılıb. Daşınmaz əmlaka isə cəmi 2.7 faiz pul qoyulub. Fondun payına ən çox Apple, Amazon, microsfot Alphabet kimi qlobal şirkətlərin səhmləri daxildir. Habelə fond ABŞ, Yaponiya və Almaniyanın qiymətli kağızlarını alıb. 2018-ci ilin əvvəllərində elan edilib ki, fond qeyri-publik şirkətlərə də yatırım qoya bilər. Norveç Maliyyə Nazirliyində hesab edirlər ki, bununla nəinki fondun gəlirlərini artırmaq, eləcə də mümkün riskləri şaxələndirmək olar. Hazırda dünya iqtisadiyyatında tendensiyalar elədir ki, səhmlərini birjaya çıxaran şirkətlərin sayı getdikcə azalır. Məsələn, ABŞ-da son ildə səhmləri birjalarda alınıb-satılan şirkətlərin sayı iki dəfə azalıb.

Lakin iqtisadçılar fondun investisiya siyasətini aqressiv və yüksək riskli hesab edirlər. “Özəl şirkətlərin səhmləri investisiyaların Norveç modelini riskə atır”- BI Norwegian Business School Universitetindən professor Espen Henriksen deyir. O, əvvəllər GPFG-də işləyib. Professorun fikirləri təəcüblü deiyl, çünki yüksək gəlirlilik həm də yüksək risk səviyyəsi deməkdir. 2018-ci ilin üç kvartalı ərzində fond 21 milyard dollar gəlir əldə edib-əsasən səhmlərin hesabına. Qiymətli kağızlar portfeli isə ABŞ-ın dövlət istiqrazlarının ucuzlaşması nəticəsində ziyana gedib. 2017-ci ildə isə fond səhmlər hesabına 130 milyard dollar qazanmışdı.

 

263118_srcSəhmlərə yatırım qoymağın riskli olduğunu fondun 2008-ci il qlobal maliyyə böhranı zamanı rekord səviyyədə itkilərə məruz qalması da təsdiq edir. Həmin vaxt fond nəinki gəlir əldə edə bilməmişdi, üstəlik aktivlərinin 23 faizdən çoxunu itirmişdi. Sonrakı illərdə isə fondun gəlir səviyyəsi orta hesabla 6 faiz təşkil edib. Müqayisə üçün qeyd edək ki, Rusiyanın Milli Rifah Fondunun illik orta gəlir səviyyəsi cəmi 1.3 faizdir.

Yeri gəlmişkən, orta gəlir göstricilərinin yaxşı olmasına baxmayaraq Norveç 2008-ci ili təkrarlamaq istəmir. Çünki iqtisadçılara görə yeni qlobal böhran elə də uzaqda deyil.

Yeni qlobal böhranın yetişməkdə olduğu haqda həm dünyanın maliyyə institutları, həm müstəqil analitiklər xəbərdarlıq edirlər. Bu günlərdə Dünya Bankı xəbərdarlıq edib ki, 2019-cu ildən sonra vəziyyət olduqca kritik ola bilər. “Bank of America”nın analitikləri isə deyiblər ki, dünya tezliklə yeni dərin iqtisadi böhrana yuvarlanacaq. Hətta Rusiyanın 1998-ci il defoltunu təkrarlaya biləcəyi haqda danışılır.

Dünya iqtisadiyyatının gələcəyinə dair bu cür qorxulu proqnozların səsləndiyi bir vaxtda GPFG-nin menecmenti borc istiqrazlarına yatırım siyasətinə yenidən baxmağı təklif ediblər. Təklif edilir ki, investisiya portfelində ancaq dollar, avro və funt sterlinqlə olan suveren istiqrazlar (10 il müddətinə olanlar) saxlanılsın. Amma bu barədə hələ qərar verilməyib. Hazırda fondun borc sənədləri 23 valyuta ilə nominasiya olunub. Norveç hökuməti hətta fondun investisiya strategiyasını formalaşdırmaq üçün xarici ekspertlər qrupu da formalaşdırıb. Ekspertlər isə yeri gəlmişdən, fondun rəhbərliyi ilə razı deyillər. Onlar deyirlər ki, indiki kimi 23 valyutada nominasiya olunan borc sənədlərinə yatırım qoyulması riskləri minimuma endirir və investisiya imkanlarını genişləndirir. Çünki dünya praktikasında da belədir.

 

263119_srcFondun pullarının səhm bazarına yatırılması məsələsində də fikir ayrılıqları var. Hökumət üzvləri və iqtisadi müşavirlər iki düşərgəyə bölünüblər. Bir tərəf hesab edir ki, GPFG ancaq dünyada nüfuzlu və tələbat olan şirkətlərin səhmlərinə yatırım qoymalıdır. Digərləri isə özəl şirkətlərə də yatırım qoyulmasına tərəfdardır, hesab edirlər ki, birjalarda səhmlərin alqı-satqısı böyük risklər daşıyır.

Fond  bütün mümkün investisiya alətlərindən istifadə etsə də maksimum ehtiyatlı hərəkət edir. Üstəlik Norveç hakimiyyətinin qərarı da aydın deyil. Məsələn, 2017-ci ildə fond neft və qaz sektoru ilə bağlı aktivlərini satışa çıxardı. İlk baxışdan sual yarana bilərdi ki, axı bu cür gəlirli sahəyə yatırılan investisiyanı geri çəkmək nə dərəcədə düzgündür? Amma fondda hesab etdilər ki, Norveç iqtisadiyyatı onsuz da neftdən güclü asılıdır. Əgər neft-qaz üzərində qurulmuş iqtisadiyyat çöksə Qərbi Avropada ən iri neft hasilatçısı olan Norveçə ikiqat ziyan dəyəcək-həm neft ixracatçısı kimi, həm investor kimi.

İqtisadiyyatın neftdən asılılığının azaldılması haqda son illər digər hasilatçı ölkələr də düşünürlər. Amma Norveçdə nəinki düşünürlər, həm də real iş görürlər. Və əgər son zamanlar verilən qərarlar özünü doğrultmasa belə Norveç iqtisadiyyatı özünü yaxşı hiss edir-bura əlavə pulların yatırılması xeyirdən çox ziyan gətirərdi. Və Norveç təcrübəsi təbii sərvətlərdən əldə edilən gəlirlərin ən düzgün şəkildə istifadə edilməsi və gələcək nəsillərə saxlanılması baxımından nümunə olaraq qalır. Norveç yeganə neft ölkəsidir ki, öz sərvətlərini başqa neft nəhəngləri kimi axmaq layihələrə səpələyib dağıtmayıb, əksinə, qoruyub saxlayıb və ildən ilə artırır. (lenta.ru-nun materialı əsasında)