“GENERALLAR AZADLIQDADIR, ONLARIN TAPŞIRIQLARINI İCRA EDƏNLƏR HƏBSDƏ” - “Dərman işi”nin istintaqı yekunlaşır

24/11/2018 - 11:54 3 154 0   0  

“Azərbaycana dərmanları qanunsuz olaraq gətirənlər, başqa adlar altında rəsmiləşdirərək satdıranlar, bu işdən külli miqdarda pul qazanalar azadlıqda gəzdiyi halda, mənim oğlum kimi onların tapşırıqlarını icra edən insanlar həbs olunub. Artıq bu için istintaqı yekunlaşmaq üzrədir. Əsas günahkarlar həbsə alınmadığından, bütün məsuliyyəi oğlumun və iş yoldaşlarının üzərinə qoyaraq, işə xitam verilməsindən qorxuruq”. Bu cümlələr dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olan şəbəkənin üzvü kimi həbsə alınan Fərman Həmzə oğlu Məmmədlinin anası Məmmədova Sona Həsən qızının Prezident İlham Əliyevə müraciətidən götürülüb.

Bir nüsxəsi də “AzPolitika.info”ya təqdim olunan müraciətlə bağlı məlumat verməzdən öncə xatırladaq ki, ötən ilin aprel-may aylarında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən ölkədə dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olan şəbəkənin ifşa edilərək məsuliyyətə cəlb olunması istiqamətində geniş miqyaslı əməliyyatlar həyata keçirilib. “Dərman mafiyası”na qarşı əməliyyatlar çərçivəsində içərisində Dövlət Gömrük Komitəsinin (DGK) vəzifəli şəxsləri də olmaqla, bir qrup gömrükçüyə qarşı cinayət işi açılıb. Buna görə də DGK sədrinin müvafiq əmrinə əsasən, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi, general Sadiq Abduyev və Tibbi Xidmət İdarəsinin rəisi, general Fikrət Qədiməliyev, həmçinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin 1-ci yük şöbəsinin rəisi Araz Məmmədov işdən çıxarılıb.

dtx

DTX-da davam edən cinayət işi üzrə toplanmış ilkin sübutlar əsasında gömrük orqanlarında vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə qaçaqmalçılıq və külli miqdarda dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə bağlı cinayət əməllərinə görə əvvəlcə Fərman Həmzə oğlu Məmmədli, Vasif Teymur oğlu Xıdırov, Cəmil Səlim oğlu Mehdiyev, Ateş Adem oğlu Atanur, Anar Kamran oğlu Məmmədov, həmçinin Əlamət Nazim oğlu Quliyevə müvafiq olaraq Cinayət Məcəlləsinin 200-1.2.2, 200-1.2.3 (dərman vasitələrinin qanunsuz dövriyyəsi), 206.3.2, 206.3.3 (qaçaqmalçılıq) və 314.2 (səhlənkarlıq) maddələri ilə ittiham elan edilərək, barələrində məhkəmənin qərarları ilə həbs-qətimkan tədbiri seçilib.

Mayın 10-da isə Tibbi Xidmət İdarəsinin rəisi Fikrət Qədiməliyevə ittiham elan olunub. Ona Cinayət Məcəlləsinin 200-1.2.2, 200-1.2.3 (dərman vasitələrinin qanunsuz dövriyyəsi), 206.3.2, 206.3.3 (qaçaqmalçılıq) və 314.2 (səhlənkarlıq) maddələri ilə ittiham elan edilib. İstintaqda Fikrət Qədiməliyevin adı əsas fiqurant kimi çəkilsə də, məhkəmə onun barəsində polisin nəzarətinə vermə qətimkan tədbiri çıxarmışdı. Səbəb kimi onun ağır xəstə olması göstərilmişdi.

Bir neçə ay əvvəl “AzPolitika.info”ya daxil olan məlumatda bildirilirdi ki, bu ilin avqust ayının 14-də bu cinayət işində adı keçən digər yüksək rütbəli məmura – gömrük general-mayoru Sadiq Abduyevə qarşı da rəsmi ittiham elan olunub. Belə ki, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 200-1.2.2, 200-1.2.3 (dərman vasitələrinin qanunsuz dövriyyəsi) və 206.3.2 (qaçaqmalçılıq) maddələri ilə cinayət işi açıldığı bildirilirdi. Ancaq haqqında hər hansı qətimkan tədbiri seçilməyib.

Naxçıvan Muxtar Respublikasında yaşayan Sona Məmmədova da Prezident İlham Əliyevə müraciətində generalların məsuliyyətdən yayındırılaraq, onun oğlu və dəgər sadə gömrük işçilərinin həbsə alınmasından şikayət edib. S.Məmmədovanın müraciətində bildirilir:

“Möhtərəm, cənab Prezident!
Siz hər bir Azərbaycan vətəndaşının ölkədə azad, firavan yaşamının təmin edilməsini, hər bir vətəndaşın hüquqlarının qanunla qorumasının qarantı olduğunuzu bildirmisiniz. Mən də bir ana kimi Sizin ədalətinizə sığınıram. Övladımın başqalarının günahının cəzasının çəkməməsini istəyirəm.

Hörmətli Prezident!
Vaxtınızı almamaq üçün övladımın qarşlaşdığım problemlə bağlı qısa şəkildə məlumat vermək istəyirəm. Məlumunuz olduğu kimi, ötən ilin aprel-may aylarında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Dövlət Gömrük Komitəısinin (DGK) bir qrup əməkdaşı dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olan şəbəkənin üzvü kimi saxlanılaraq, barələrində həbs qətimkan tədbiri seçilib.Gömrük Komitəısinin Tibbi Xidmət İdarəsində çalışan öğlum Fərman Həmzə oğlu Məmmədli də onların içərisindədir.

Əlbəttə, mən nə oğlumun, nə də saxlanılan digər gömrük əməkdaşlarının günahsız həbs olunduğunu iddia etmək niyyətində deyiləm. Ancaq onların günahları rəhbərləri tərəfindən verilən qanunsuz tapşırıqlara əməl etmək olub. Əksəriyyəti , o cümlədən oğlumun  bunu işlərini itirməmək, işsiz qalmamaq üçün edib.

Çox təssüf ki, övladımı və onun iş yoldaşlarını bu qanunsuzluğa vadar edənlər, Azərbaycana dərmanları qanunsuz olaraq gətirənlər, başqa adlar altında rəsmiləşdirərək satdıranlar, bu işdən külli miqdarda pul qazanalar azadlıqda gəzdiyi halda, mənim oğlum kimi onların tapşırıqlarını icra edən insanlar həbs olunub. Artıq bu için istintaqı yekunlaşmaq üzrədir. Əsas günahkarlar həbsə alınmadığından, bütün məsuliyyət oğlumun və iş yoldaşlarının üzərinə qoyaraq, işə xitam verilməsindən qorxuruq.
“Dərman mafiyası” adlı şəbəkənin başında duranların məsuliyyətdən yayındırılmasına çalışıldığını düşünürük”.

Müraciətdə daha sonra bildirilir ki, bu işdə əsas məsuliyyəti DGK-nin Tibbi Xidmət İdarəsi rəisi, general-mayor Fikrət Qədiməliyev və Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi, gömrük general-mayoru Sadiq Abduyev daşıyır:

“Möhtərəm Prezident!

Oğlumun dediklərindən, mətbuatda yazılanlardan və rəsmi ittihamlardan belə məlum olur ki, “dərman mafiyası” adlındırılan şəbəkə DGK-da vaxtı ilə yüksək vəzifə tutmuş generallar Fikrət Qədiməliyev və Sadiq Abduyevə işləyiblər. Dərmanlar ölkəyə onların qeyri-rəsmi izni ilə daxil olub, başqa adlar altında rəsmiləşdirilərək ən müxtəlif aptek şəbəkərlərinə dağıdılmaqla əhaliyə satılıb.

Bu işdə Xüsusən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəhbərliyinin məsuliyyəti daha böyükdür. Uzun illər boyu Hava Nəqliyyatında Baş Gömrük İdarəsində bahalı dərman vasitələri xəstə bezi, pampers və sair kimi qeydiyyata alınaraq, ölkəyə buraxılıb. Bunları İdarənin rəisi, gömrük general-mayoru Sadiq Abduyevin, eləcədə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin 1-ci yük şöbəsinin rəisi Araz Məmmədovun xəbəri olmadan həyata keçirilməsi mümkün deyil.

dermanmafiyası

Onlar bu malların ölkəyə gətirilməsinin qarşısını alsaydı, oğlumun da işlədiyi Tibbi Xidmət İdarəsi necə dövriyyəyə buraxa bilərdi?
Mənim oğlum, eləcə də Tibbi Xidmət İdarəsinin digər əməkdaşları sadəcə verilən tapşırıqları yerinə yetirdikləri halda, onları həbsə alıblar. Ancaq bir işin başında duran şəxsin azadlıqda gəzir.

Generall Sadiq Abduyevin azadlıqda olduğu halda, onun əvəzinə istintaqa ölkəyə mal buraxmaq səlahiyyəti olmayan əməkdaşı cəlb olunub. Halbuki həbs olunanların heç birinin Bakı Hava Limanındakı xüsusi mühafizə zonasına mal-materialların buraxılması üçün yetərli səlahiyyəti olmayıb. Belə əmrlərin verilməsi Sadiq Abduyevin səlahiyyətində olub. İcrasına nəzarəti isə Araz Məmmədov həyata keçirib. Hər ikisi də hazırda azadlıqda gəzir. Hətta deyilənə görə, Sadiq Abduyev yenə də öz biznesi ilə məşğuldur, sərbəst şəkildə fəaliyyətini davam etdirir.

5Elə oğlumun və iş yoldaşlarının birbaşa tapşırıqlarını icra etdiyi Tibbi Xidmət İdarəsinin rəisi Fikrət Qədiməliyevi də həbs etməyiblər. Saxlanılanların əksəriyyəti Tibbi Xidmət İdarəsinin əməkdaşları olsalar da, onlara bu işi gördürən rəis Fikrət Qədiməliyev azadlıqda rahat şəkildə fəaliyyət göstərir. Düzdür, ona qarşı da ittiham irəli sürülüb. Ancaq ağır xəstə olduğu iddia edilərək, barəsində həbs qətimkan tədbiri seçilməyib. Ancaq Fikrət müəllim necə ağır xəstədir ki, müxtəlif hospitallarda cərrahi əməliyyatlar həyata keçirir, biznesi ilə məşğul olur?.”

S.Məmmədovanın daha sonra müraciətində generallar barədə həbs qətimkan tədbiri seçilməsinə ehtiyac duyulmadığı halda, oğlunun və digər sadə işçilərin uzun müddətdir təcridxanada saxlanılmasına diqqəti çəkib: “Generallar barədə həbs qətimkan tədbiri seçilmədiyi halda, onların tapşırıqlarını icra edən sadə işçilərin təcridxanada saxlanılmasını başa düşmək olmur. Həbs edilən bütün gömrükçülər barəsində həbs-qətimkan tədbiri onların istintaqa mane ola biləcəkləri ehtimalı əsas götürülməklə seçilib. Necə olur ki, aşağı vəzifəli gömrükçülər istintaqa mane ola biləcəyi ehtimal edilir, ancaq yüksək vəzifə tutanlar barədə bu düşünülmür? Burda məntiq varmı? Belə çıxır ki, kimlərin himayəsi yoxdursa, bütün məsuliyyət onların üzərinə atılır? Bu işi təşkil edənlər, külli miqdarda pul qazananlar deyil, bir çox hallarda nə baş verdiyindən məlumastsız olan sadə işçilərin həbsə alınması ictimaiyyətdə belə təsəvvür formalaşdırır.”

S.Məmmədova müraciətinin sonunda Prezidentdən bu işi öz nəzarətinə götürməyi xahiş edir:

“Cənab Prezident!

Bizdə olan məlumata görə istintaq artıq yekunlaşmaq üzrədir. Çox təəssüf ki, əsas gühahkarların – generalların məsuliyyətdən yayındırılacağına, oğlum kimi yalnız verilən tapşırıqları icra edənlərin həbsə alınacağına dair məlumatlar alırıq. Bütün günahın haqlarında həbs qətimkan tədbiri seçilən aşağı vəzifəli icraçıların üzərinə qoyularaq işə xitam veriləcəyinə dair fikirlər səsləndirilir.Halbuki, istintaq obyektiv aparılarsa, bu işin başında dayanan şəxsləri məsuliyyətə cəlb etməyə əsas verən çoxsaylı faktlar ortaya çıxar.

Ona görə də, Sizə müraciət edərək, işi öz nəzarətinizə götürməyi xahiş edirəm. Mən anayam, heç kimin həbs olunmasını istəmirəm. Ancaq əsas günahkarların, ölkəyə qanunsuz yollarla dərman gətirilməsini təşkil edənlərin bu işdən kənarlaşdırılaraq, mənim oğlum kimi aşağı vəzifəli gömrükçüləri həbsdə saxlanılmasının da doğru olmadığını düşünürəm. Hər kəsin öz əməlinə görə cəza almasını istəyirik.

Möhtərəm Prezident!
Oğlumun və digər sadə gömrük işçilərinin başqalarının günahına görə uzun illər boyu həbsdə qalmasına imkan verməməyinizi Sizdən xahiş edirəm.”

Yazıda qeyd olunanlarla bağlı qarşı tərəfin, eləcə də istintaq orqanının da mövqeyini işıqlandırmağa hazırıq.

R. Əliyev
AzPolitika.info