“Fitch” Qətərin OPEC-dən çıxmasını şərh edib

03/12/2018 - 16:11 649 0   0  

Qətərin Neft İxrac Edən Ölkələr Birliyini (OPEC) tərk etməsi bu təşkilatın dekabrın 6-da Vyanada (Avstriya) keçirilməsi nəzərdə tutulan iclası zamanı hasilatın həcmi ilə bağlı qərarın qəbulunu çətinləşdirə bilər.

“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu “Fitch” beynəlxalq reytinq agentliyinin korporasiyalar şöbəsinin rəhbəri Dmitri Marinçenko bildirib.

“Görüşdə razılığa gəlmək daha çətin olacaq, amma OPEC üzrə hasilatda heç 2% payı olmayan Qətərin təşkilatda üzvlüyünü dayandırması həcm baxımından elə də xatalı deyil”, – deyə ekspert qeyd edib.

Bununla belə “Fitch” rəsmisi Rusiya və Səudiyyə Ərəbistanının OPEC+ mexanizmini qoruyub saxlayacağını, həmin format üçün hansısa təhlükənin ağlabatan olmadığını vurğulayıb.

“Biz əvvəlki kimi OPEC-in hazırkı səviyyəyə nisbətən hasilatı bir qədər azaltmaq qərarını verəcəyini düşünürük. Bu, bazardakı mövcud kəsiri azaltmaq, qiymətləri sabitləşdirmək imkanı yaradacaq”, – deyə D.Marinçenko əlavə edib.

Qeyd edək ki, 57 ildir OPEC üzvü olan Qətər 2019-cu il yanvarın 1-dən təşkilatı tərk edir.