Ermənistanın heç kimə güvənməməsində biz günahkar deyilik - Politoloq

17/01/2019 - 19:29 3 310 0   0  

Ermənistanda bu ölkənin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) üzrə müttəfiqi olan Qazaxıstana qarşı ittihamlar artmaqdadır. Bunlar Nursultan Nazarbayevin Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın ədalətli mövqeyini dəstəkləməsi və bir müddət öncə Karaqandada baş verən hadisələrlə bağlıdır. KTMT-nın yeni baş katibinin seçilməsi məsələsində də fikir ayrılığı bu ittihamlar üçün əsas ola bilər.

Ermənistan hakimiyyəti nəzarət mediası vasitəsilə müttəfiqin “etibarsızlığ”ından, qazaxların ermənilərə qarşı mövqeyindən, anti-Ermənistan istiqamətində “türk birliyi”ndən danışırlar.

Qazaxıstanlı politoloq, Qazaxıstanın İctimai İnkişaf Nazirliyinin məsləhətçisi Aydos Sarım türkdilli ölkələrin həmrəy olmasına baxmayaraq, bu ifadələri əsassız hesab edir: “Bu, cinayət deyil, insanlıq və tarix qarşısında borcdur. Ermənilərin özlərindən başqa heç kimə güvənməməsində biz günahkar deyilik. Hər bir xalq öz xoşbəxtliyinin və ya bədbəxtliyinin yaradıcısıdır. Bəzi insanlar özlərini təcrid etmək və düşmənçilik üçün səfərbər olursa, bu, çətin deyil. Və bu, qonşuların düşmənçiliyi və nifrəti hesabına başa gəlir. Bunun nəticəsidir ki, Ermənistanın indi nə qonşusu, nə də etibarlı münasibətləri var”.

Onun fikrincə, Ermənistan və Qazaxıstan arasında KTMT ilə bağlı fikir ayrılığı əvvəlcədən proqnozlaşdırılmışdı, çünki Nikol Paşinyan postsovet ölkələrinin liderlərindən fərqli olaraq, “başqa” oyun oynayır.

Karaqandada baş verən hadisələrə gəlincə, qazax politoloq bildirib ki, kütləvi dava etnoslararası xarakter daşımayıb.

“Ermənilərin əvəzinə başqası da ola bilərdi. Problem qazaxların ictimai narazılığı ilə bağlıdır: insanlar ulu babalarının torpaqlarında özlərini ikinci dərəcəli hesab edirlər. Ermənistan KİV bu məsələni şişirtməməlidir”, - A.Sarım deyib.(oxu.az)