Ermənistanda bütün dərdlərin kökü Qarabağa gedir - TƏHLİL

18/12/2018 - 09:56 439 0   0  

Ermənistanda bütün yollar Qarabağa gedir. Bu ölkədə daxili, iqtisadi, hərbi-təhlükəsizlik və xarici siyasətdə hər hansı bir problem yaşandıqda və yaxud qırılma nöqtəsi olduqda, bütün problemlərin təməlində Dağlıq Qarabağın dayandığı üzə çıxır. Hətta bir çox hallarda problemin özü bir kənarda qalır və Dağlıq Qarabağ problemi əsas mövzu kimi müzakirə edilir.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Hatəm Cabbarlı deyib. O bildirib ki, belə hadisələrdən biri də Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə arasında yaşanan baş katib problemidir:
“Ermənistan hökuməti 2008-ci ildə keçirilən prezident seçkilərinin nəticələrinə etiraz edənlərə qarşı hərbi gücdən istifadə edilməsi zamanı öldürülən təxminən 15 nəfərin məsuliyyətini sabiq prezident Robert Köçəryana və o zaman baş qərargah rəisi vəzifəsində olan Yuri Xaçaturova yükləyir. Köçəryan ikinci dəfə həbs olundu və istintaq gedir. Ermənistan hökuməti Yuri Xaçaturovu da vəzifəsindən geri çağraraq məsuliyyətə cəlb etmək istəyir”.
Politoloq vurğulayıb ki, Ermənistanda Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra bu ölkənin post-sovet məkanında və MDB ölkələri arasında siyasi imici olduqca zəifləyib:
“Bu, eyni zamanda, Paşinyanın MDB məkanında siyasi elitanın zirvəsində olanlar tərəfindən onun yetkin bir siyasətçi kimi qəbul edilməməsi ilə əlaqədardır. Ermənistan hökuməti özü daxili problemlərini KTMT müstəvisinə çıxarıb təşkilatın siyasi və hərbi imicini korlayır, eyni zamanda, təşkilata üzv olan dövlətlərdən bu barədə yekdil müsbət rəy gözləyərək yenidən öz namizədinin bu təşkilata baş katib seçilməsinə ümid edir.
Ermənistanın bu təşkilat çərçivəsində ciddi bir ağırlığı yoxdur. Nə siyasi olaraq, nə də hərbi olaraq Ermənistan bu təşkilatın işinə ciddi yardım edir, əksinə, son zamanlarda problem çıxarır. Paşinyan təsadüfən hakimiyyətin zirvəsinə qalxıb və yəqin ki, “təsadüfən” də bu zirvədən enəcəkdir”.
Politoloqun sözlərinə görə, son günlər Belarus Prezidenti Lukaşenkonun Paşinyanın ünvanına səsləndirdiyi fikirlər, Dağlıq Qarabağ probleminin həll edilməsi məsələsində Ermənistan hökumətinin uzlaşmaz mövqeyi barədə söylədikləri Ermənistanda geniş müzakirə edilir:
“Maraqlı odur ki, istisnasız bütün KİV-lər Belarusu Azərbaycanın dostu olmaqda ittiham edir. Bu barədə fikir bildirənlərin heç biri real siyasət anlayışı çərçivəsində məsələyə baxa bilmir. Lukaşenko Ermənistana təzyiq etmir. O, Paşinyanın KTMT-nin işini iflic etdiyi, Dağlıq Qarabağ probleminin həll edilməsi prosesində Ermənistanın uzlaşmaz müvqeyinin bölgə və beynəlxalq təhlükəsizlik mühitini zədələdiyi üçün haqlı iradlarını bildirir. Yəni Lukaşenkonun Ermənistan və Paşinyan haqqında dediklərinin iki ölkə arasındakı münasibətlərə qətiyyən aidiyyəti yoxdur.
Ermənistan hökuməti və KİV-ləri isə bir qaşıq suda tufan qopararaq Lukaşenkonu sosial mediada az qala linç edəcəklər. Ermənistanda bu məsələyə soyuqqanlı yanaşıb, baş verən hadisələri doğru təhlil edəcək nümunə üçün bir dənə də olsun mətbuat yoxdur”.