Erməni partiyasının çağırışına Azərbaycandan CAVAB: Yeni yollar...

30/01/2019 - 09:12 1 135 0   0  

Ermənistanda “Daşnaksütyun” partiyası hakimiyyəti Dağlıq Qarabağda sülh nizamlanmasından imtina etməyə çağırıb. Daşnakların yeni sədri Armen Rustamyan ərazilərin Azərbaycana qaytarılmasına qarşı olduqlarını bəyan edib. O bildirib ki, hakimiyyət əraziləri qaytarmasa, onunla sıx əməkdaşlıq etməyə hazırdırlar. Əks halda, ən sərt müxalifət olacaqlar: “Ermənistanın inkişafı üçün güzəştə getməli olduğu deyilir. Lakin biz hesab edirik ki, Qarabağ məsələsi bizim üstünlüyümüzdür, güzəştə getməməliyik”.

Publika.az-a açıqlama verən sabiq diplomat, siyasi şərhçi Fikrət Sadıxov bildirib ki, Ermənistanı çıxılmaz vəziyyətə salan elə “Daşnaksütyun” partiyasının uğursuz gedişləridir:
“Daşnaksütyun partiyası uzun illər ərzində bütün məsələlərdə çox radikal mövqe tutub. İstər Türkiyəyə, istər Azərbaycana qarşı radikal mövqeyi də Ermənistanı gətirib uçurumun kənarına çıxarıb. İndi “Daşnaksütyun” bu vəziyyətdən çıxmaq istəmirsə, qoy çıxmasın. Qoy heç bir güzəştə getməsin, qətnamələri yerinə yetirməsin. Ermənistan hakimiyyətini də tənqid etməkdə davam etsin. Mən təxmin edə bilmirəm ki, onlar bu niyyətlə nəyə nail olmaq istəyirlər. Ermənistan onsuz da, yoxsul vəziyyətdədir. Bundan sonra da belə qalacaq. Ermənistan əhalisinin yarısı ölkədən qaçıb, qalanlarla nəyə nail olmaq niyyətindədirlər? Əgər “Daşnaksütyun” həqiqətən Ermənistana belə həyat sürməyi layiq bilirsə, belə də davam etsinlər. Amma mən bu ifadələrin arxasında başqa bir məqsədlərin olduğunu sezirəm. Düşünürəm ki, “Daşnaksütyun” vəziyyətdən istifadə edərək yanıqlı olduqları hazırkı hakimiyyəti tənqid edir. Onlardan qisas almaq istəyirlər. Lakin siyasətdə belə ifadələrlə nəyəsə nail olmaq müşkül məsələdir”.
Politoloq qeyd etdi ki, “Daşnaksütyun” Ermənistan-Rusiya münasibətlərinin son dövrlərdə gərginləşməsindən xüsusilə istifadə edəcək:
“Əlbəttə, heç kimə sirr deyil iki sözügedən tərəfin münasibətləri gərginləşməkdədir. Bunu hər kəs görür. Bu da Ermənistanın yeni hakimiyyətinin yürütdüyü siyasi kursun nəticəsidir. Ermənistan müxalifəti də bundan öz maraqların uyğun şəkildə istifadə edə bilər. Lakin tənqid etməklə məsələ həll olunmur. “Daşnaksütyun” konkret proqram təklif etməlidir. Yeni yollar göstərməlidirlər”.