Elmar Məmmədyarovun “vurulması” kimlərin göstərişidir…- / SENSASİON İDDİALAR

27/05/2020 - 00:55 4 846 6   0  

Xarici işlər naziri Elmar Məmmədyarov son günlər Azərbaycan mətbuatının və sosial şəbəkələrin ən çox haqqında bəhs etdiyi məmurlardan biridir. Nazir və onun ailə üzvləri barəsində yayılan bəzi informasiyalar isə, xüsusilə, diqqətçəkəndir. Belə ki, Məmmədyarovun oğluna Nyu-Yorkda 4,2 milyon dollara iki mənzil alması, övladının toyunda guya “erməni mahnısı”na oynadığı haqda məlumatların gündəmə atılması və s. bu prosesin arxasında maraqlı qüvvələrin durduğu görüntüsünü meydana çıxarır. Öncə onu qeyd edək ki, bu yazıda məqsədimiz heç də Elmar Məmmədyarovu müdafiə etmək deyil, sadəcə, bütün tənqidlərlə yanaşı, nazir haqqında bəzi həqiqətləri və çoxlarına bəlli olmayan keyfiyyətləri ilə bağlı oxucularımızı bilgiləndirməyi peşə borcumuz hesab edirik.

Şübhəsiz, indiyədək xarici işlər nazirinin ən çox tənqid olunmasına səbəb Azərbaycan türkcəsində səlis danışa bilməməsi olub. Əslində, bu səbəbdən onun daim mətbuatda və sosial şəbəkələrdə tənqid olunması, hətta bəzən gülüş hədəfinə çevrilməsi müəyyən mənada başadüşüləndir. Hətta bu tənqidləri tamamilə təbii qəbul etmək də lazımdır. Ən azı ona görə ki, hakimiyyətdəki əksər məmurlardan fərqli olaraq milliyətcə təmiz türk olan E.Məmmədyarovun öz ana dilində daha yaxşı danışa bilməsi vacib olmaqla yanaşı, bir vətəndaş kimi də onun borcudur. Ölkənin ən önəmli vəzifələrindən birinə sahib olan məmur kimi isə onun dövlət dilində səlis danışa bilməsi, öz fikirlərini aydın şəkildə ifadə edə bilməsi, xüsusilə, vacibdir. Amma xarici işlər nazirinin Azərbaycan dilində yaxşı danışa bilməməsini qəbahət hesab etmək, bunu “yarıtmaz məmur”, “savadsız kadr” və s. olması kimi təqdim etmək qərəzli və yanlış olar. Ən azı ona görə ki, E.Məmmədyarov daşıdığı vəzifənin adına və prinsiplərinə uyğun olaraq, bir neçə xarici dildə mükəmməl danışa və ölkəmizi beynəlxalq tədbirlərdə, dövlətlərarası toplantılarda ləyaqətlə təmsil edə bilirsə, nazirin işinə də məhz bu kontekstdən yanaşmaq lazımdır.

Etiraf etməliyik ki, Elmar Məmmədyarov xarici işlər naziri kimi, ölkəmizin beynəlxalq aləmdə tanınmasında önəmli rol oynayan məmurlardan biridir. Həmçinin istər hakimiyyət daxilində, istər də rəhbərlik etdiyi qurumda çoxları onu prinsipial mövqe sahibi, diplomatiyamızın inkişafına töhfə verən, gənc kadrların daima önə çıxmasına çalışan məmurlardan biri kimi də tanıyır. Hətta etibarlıq qaynaqlara əsasən deyə bilərik ki, E.Məmmədyarov Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin “qılıncının” dalı da, qabağı da kəsən dövrdə lazım gələndə ona açıq şəkildə qarşı çıxan, yeri gələndə sözünü ən sərt şəkildə deməyi bacaran azsaylı məmurlardan olub. Məhz bunun nəticəsi idi ki, bütün nazirliklərdən fərqli olaraq Xarici İşlər Nazirliyində R.Mehdiyevin sözü keçmir, ruspərəst kadrlara meydan verilmirdi. Hətta R.Mehdiyevin göstərişi ilə vəzifədən uzaqlaşdırılan, rəhbərlik etdiyi qurum ləğv olunan bir sıra məmurları, “boz kardinal”ın etirazlarına rəğmən, Elmar Məmmədyarovun XİN-də yüksək vəzifəyə gətirdiyi haqda faktlar da az deyil…

Əlbəttə, bu faktları sadalamaqla heç də Elmar Məmmədyarovun “əvəzsiz kadr” olduğunu iddia etmək fikrində deyilik. Amma bu informasiyalar nazirin iş prinsipləri, necə bir kadr olması haqda dəyərli oxucularımızda az-çox obyektiv rəy formalaşdırmaq üçün yetərli ola bilər. Bütün bunlara rəğmən, 16 il Azərbaycan Xarici İşlər Nazirliyi kimi önəmli bir posta rəhbərlik edən Məmmədyarov haqqında əksər hallarda ədalətsiz və qərəzli mövqelərin şahidi olmaqdayıq. Halbuki, onun rəhbərlik etdiyi nazirlik Azərbaycanda ən şəffaf, barəsində mətbuatda ən az neqativ məlumatlar yazılan qurumlardan biri, bəlkə də birincisidir. Amma, məsələn, bu gün onun oğluna Nyu-Yorkda mənzil alması elə təqdim olunur ki, sanki Məmmədyarov bu dövlətin sərvətini talan edən məmurların başında gəlir. Doğrudur, bəzi mənbələr nazirin oğluna aldığı 2 mənzil üçün 4,2 milyon dollar ödədiyi haqda sənədlər ortaya çıxarıb. Lakin bu həqiqət olsa belə, 16 illik naziri ovladına mənzil aldığına görə ittiham etmək, “dar ağacına çəkmək” heç də ədalətli deyil. Əlbəttə, indi çoxlarınız düşünəcəksiniz ki, bu adam ayda filan qədər maaş alırsa, 4,2 milyonu necə əldə edib?! Şübhəsiz, bu mənzillər E.Məmmədyarovun özünün və ailə üzvlərinin maaşlarından geri qalan vəsaitlərini toplamaq hesabına alınmayıb. Axı, Azərbaycan müstəqillik qazandıqdan sonra kim öz maaşından artan vəsait hesabına özünə bahalı ev ala bilib ki?! Çünki indi dövlət hesabına ev verilmir və maaşımızın həcmi də hər birimizə yaxşı bəllidir. Digər tərəfdən, əgər bir “JEK” müdiri Bakının mərkəzində özünə dəyəri 5-6 milyonluq, hətta daha baha qiymətə olan villa tikdirə bilirsə, E.Məmmədyarovun oğluna Amerikada ev almasını skandala çevirmək nə dərəcədə məntiqlidir?! Üstəlik, həqiqətləri bilmədən, bu pulların qanuni yollarla qazanıldığı ehtimalı da inkar edilməməlidir. Hətta israrla bizim fikrimizə qarşı çıxan olsa belə, unutmaq lazım deyil ki, hakimiyyətdə E.Məmmədyarovdan da az müddət vəzifədə çalışan nazirlər, məmurlar var ki, sərvətlərinin həcmi milyonlarla deyil, yüz milyonlarla, milyardlarla ölçülür. Hansı ki, onların nəinki ABŞ və Avropada mənzil, hətta bütöv məhəlləni, bütöv adanı satın aldığı haqda çoxsaylı faktlar da var. Lakin nədənsə bizim  bəzi “müstəqil” mediamız, sosial şəbəkələrimizin bəlli “qəhrəmanları” bu həqiqətləri dilə gətirməkdən ehtiyat edirlər…

Bu günlərdə Elmar Məmmədyarovun oğlunun toyunda “erməni mahnısına” oynadığı haqda informasiyaların mətbuata və sosial şəbəkələrə ötürülməsi də təsadüf hesab olunmamalıdır. Əksinə, nazirə qarşı bu “qara piyar” kampaniyasının məqsədli şəkildə və antimilli qüvvələr tərəfindən aparıldığı istisna deyil. Üstəlik, bu çirkin oyun o dərəcədə qeyri-peşəkar və primitiv şəkildə hazırlanmışdı ki, istənilən ağıllı adam nazirin oğlunun toyundan olan görüntülərin montaj olduğunu anlamaya bilməzdi. Hansı ki, sonradan gerçək görüntülər ortaya çıxarkən nazirin tanınmış müğənnimiz Eyyub Yaqubovun “Azəri torpağı” musiqisinin sədaları altında rəqs etdiyi, lakin bu mahnının erməni musiqisi ilə dəyişdirilərək montaj edildiyi bəlli oldu. Şübhəsiz, erməni kəşfiyyatının, yaxud da ermənilərə xidmət edən hansısa qüvvəllərin burada rolunun olduğu da istisna edilməməlidir. Amma təəssüflə qeyd edirik ki, cəmi bir neçə ay əvvəl nazirin öz övladının toyunda oynaması haqda xəbəri, eləcə də video-görüntüləri böyük maraqla oxucularına təqdim edən əksər saytlar, o cümlədən sosial şəbəkə iştirakçıları erməni marağına xidmət edən bu faktı “böyük tapıntı” kimi ölkə gündəminə ötürməyə çalışırdılar.

Bütün bunlar bir daha onu deməyə əsas verir ki, Azərbaycan XİN rəhbərinə qarşı hansısa qüvvələr tərəfindən qarayaxma kampaniyası aparılmaqdadır. Təbii ki, bütün vəzifələr əbədi olmadığı kimi, E.Məmmədyarov da o vəzifədə əbədi deyil. Hətta son illər Dağlıq Qarabağ problem ilə bağlı aparılan danışıqların heç bir səmərə verməməsi, əksinə uzun illər sonra yenidən “sıfır nöqtəsi”nə qayıdılması onu deməyə əsas verir ki, bir çox yüksək rütbəli məmurlar kimi E.Məmmədyarovun da vəzifəsinin dəyişdirilməsinə ciddi zərurət var. Doğrudur, Dağlıq Qarabağ problemi kimi önəmli bir məsələdə xarici işlər nazirinin şəxsi mövqeyi həlledici ola bilməz, danışıqların bütün detalları dövlət siyasətinə uyğun həyata keçirilməlidir. O baxımdan, gələcəkdə E. Məmmədyarovu əvəzləyəcək şəxsin kimliyindən asılı olmayaraq, dövlət siyasəti dəyişməyəcəyi təqdirdə bu siyasətdən kənara çıxa bilməyəcəyi də şübhəsizdir. Amma E.Məmmədyarovun dəyişməsi ona görə zəruridir ki, hazırda ölkədə həyata keçirilən gəncləşdirmə siyasəti, yaxında ümumiyyətlə, sistemin dəyişməsi ilə nəticələnə bilər. Bu halda isə, biz bir çox məsələlərdə olduğu kimi, Qarabağ məsələsində də ciddi nailiyyətlər əldə edə bilərik.

Qafqaz TÜRKOĞLU,

Suveren.az