Eldar Əzizov “Torqovı”dakı restoranların “balkon”unu yığışdırır - FOTOLAR

07/03/2019 - 10:43 2 818 0   0  

Şəhərin mərkəzində bəzi məşhur restoranlar bağlanıb, Fəvvarələr meydanında və bulvarda uşaqlar üçün cibə uyğun obyekt yoxdur, ərəblər isə...

Bakının mərkəzində - Nizami küçəsindən (“Torqovı”)başlayaraq  ta Fəvvarələr meydanına, oradan bulvara qədər olan ərazidə cibə uyğun, uşaqlara uyğun   iaşə obyekti yoxdur.

Bu sətirləri jurnalist Xaqani Səfəroğlu facebook səhifəsində yazıb. Onun sözlərinə görə, yalnız dönərxana və qəhvəxanalar var: “Heç şirniyyat dükanı belə yoxdur. Deyəcəksiniz bəs ”McDonalds"? Orada qiymətlər baha, yeməklər isə naməlum respetlə bişirilmiş əcaib dadı olan fast-fudlardır. Uşaq qidası deyil".

Həmkarımızın fikrincə, sovet vaxtı Bakının gəzinti yerlərində uyğun qiymətə bulka, şirinçörək, qurabiyyə, çay, kakao, limonad satılan böyük kafelər və şirniyyat dükanları vardı: “Belə çıxır ki, ”Torqovı"da gəzib, yemək üçün “Neftçilər” metrosuna tərəf getməliyik? Varlılardan başqa, bu küləklər şəhərində “qara camaat” da yaşayır axı... Külək onları süpürüb atmayıb hələ".

Həmkarımızın dediklərinin izi ilə biz də müşahidələr apardıq. Həqiqətən də uşaqlara aid şirniyyatlar olan kafelər yoxdur. Yalnız lahmacun, dönər, pide, köftə kimi ayaqüstü yeməklər verilən kafe-restoranlar açıqdır. Bundan əlavə isə qiyməti baha olan restoranlardır ki, orada da uşaqlara aid yeməklər tapa bilmədik.

Orta statistik azərbaycanlı ailəsi 2 uşağı ilə birlikdə mərkəzdəki kafelərin birində oturub “fri” deyilən kartof qızartması, dönər, köftə, ayran, kola sifariş verirsə, azı 40 manat xərci çıxacaq.

Yeri gəlmişkən, “Torqovı”da şahidi olduğumuz dəyişikliklərdən biri bəzi restoranların bağlanmasıdır. Məsələn, Natəvan heykəli yaxınlığındakı məşhur “Özsüt” metronun “Elmlər Akademiyası” istiqamətinə köçdüyünü elan edib.

Onun yanındakı restoran da qapadılıb. Habelə, Nəsimi heykəlinə çatmamış “Albatros” restoranı bağlanıb. Öyrənirik ki, bəzi restoranlar yer haqlarına görə, bəziləri təmirə dayanıb.

Bakı Şəhər İcra Hakimiyyəti isə “Torqovı”da restoranların qarşısındakı “balkonları” - yəni piyada yolunun zəbt edilib açıq havada stol-stul qoyulmasını yığışdırmağa başlayıb.

Çünki onlar piyada yollarını “işğal” ediblər, şəhərdə hərəkət etməyə dar cığır saxlayıblar. Bu da narazılıq yaradıb. “Torqovı”da olarkən öyrəndik ki, BŞİH rəhbərliyi restoranların çıxışını, küçəni da restorana çevirənlərə xəbərdarlıq edib.

Baxmayaraq ki, bəzi obyektlər bu tələbə hələ ki əməl etməyiblər,  yaxın vaxtlarda küçədə stol-stul qoyulub açıq havada  restoran xidməti tamamilə ləğv ediləcək.

Şəhəri gəzməyə çıxan sakinlər də deyirlər ki, “Torqovı”da bu gedişlə ayaq qoymağa yer qalmayacaq. Nizami küçəsində, onunla kəsişən yollarda, Natəvan heykəli ətrafında yerləşən restoranların çıxardığı “balkon” piyadaların yolunu zəbt edib.

“Mado”, “Fisncan”, “Pizza İnn” və onlarla belə restoranlar piyadaların yolunu, səkinin tən ortasını özəlləşdiriblər. Bu restoranlar “yay balkonu” açaraq müştərilərin açıq havada oturmasını təmin edirlər. Düzdür, Avropa ölkələrində də bu təcrübə var. Ancaq onlar piyadaların yolunu kəsərək,  hərəkəti məhdudlaşdıraraq bunu etmirlər. 

“Torqovı”da diqqət çəkən nüanslardan biri ərəb turistlərin az gözə dəyməsidir.  Şəhərin mərkəzində ərəb turistlər olsa da, əvvəlki qədər çox deyillər. Deyilənə görə, martın sonunda Fəvvarələr meydanında, bulvarda ərəb və iranlı turistlərin əlindən tərpənmək olmayacaq.

“Cəmi 10 gün qalıb, bayramqabağı turist çox gələcək. Maydan isə ərəblər lap çox axın edəcəklər. Dəniz mövsümü yaxınlaşdıqca ərəb turistlər artır. May-iyun aylarında həm İsmayıllı, Quba kimi yerləri gəzib-dolaşırlar, həm də iqlim onlar üçün mülayim olur. İndi hava soyuqdur, ərəblər çox qala bilmirlər.  Olanlar da çoxu cavanlardır, əylənməyə gəliblər. Ailəvi gələn ərəb turistlər yay-yaz fəsillərini seçirlər”, - deyə İçərişəhərdəki hostellərdən birini işlədən tanış şəxs bizimlə söhbətində danışır.

Onun sözlərinə görə, bəzi milyonçu ərəblər özlərinə ev alırlar, restoran açırlar: “Son vaxtlar iraqlı ərəblər azalıb. Bu da vizaya görədir. Onların gəlişi çətinləşib. Deyirlər ki, guya özlərini yaxşı aparmırlar.  Amma belə deməzdim, iraqlılar digərlərindən daha mədəni davranırlar. Sadəcə, onların bir blogeri Bakıda gecə klubları barədə reportaj hazırladı, aləmi qarışdırdı”.

Hostel sahibi bildirir ki, hazırda turistlərin qalması üçün orta qiymətlər 20-50 manat arasında dəyişir: “Bakının ən mərkəzi yeri üçün münasib qiymətdir.  Bundan aşağı edə bilmərik, öz xərclərimiz var. Mərkəzdən kənarda isə hostel açmaq sərfəli deyil, turist gəlməyəcək. Gərək yaxşı təbliğat getsin, necə ki Gürcüstanda kənar ərazilərdə də turistlər qalırlar. Gürcüstana, yaxud Avropaya gedin, orada da hostellərdə gecələmək təqribən eyni qiymətədir. Ancaq hostellərin çoxalmasına ehtiyac var. Rus, ərəb turistlər hotellərdə yox, hostellərdə qalmaq istəyirlər. Turistə bahalı yerdə qalmaq yox, gəzinti maraqlıdır”. 

“Yeni Müsavat”
Fotolar müəllifindir