DÖVLƏTİN YARIM MİLYON MANATINI TALADI, DAHA YÜKSƏK VƏZİFƏYƏ TƏYİN OLUNDU - Sahil Babayevin işçiləri nazirin təyinatına qarşı çıxırlar...

22/12/2020 - 12:42 522 0   0  

Nazir Məmməd Ələkbərovu cəzalandırmaq əvəzinə, onu 3 saylı Ərazi Məşğulluq Mərkəzinin müdiri vəzifəsinə təyin edib

Adı külli miqdarda yeyintidə hallanan müdir Bakı Şəhər Baş Polis İdarəsi rəisinin əməliyyat işləri üzrə müavini Vüqar Ələkbərovun qardaşıdır

Bugünlərdə redaksiyamızın elektron ünvanına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) 3 saylı Ərazi Məşğulluq Mərkəzinin yeni təyin olunmuş müdiri Məmməd Hidayət oğlu Ələkbərov barəsində şikayət məktubu daxil olub. Sözügedən mərkəzin işçiləri tərəfindən ünvanlanan məktubda deyilir ki, əməkdaşlar, nə az, nə çox düz 500 min manat yeyintisi olan Məmməd Ələkbərovla çalışmaq istəmirlər.

Məmməd Ələkbərov 1 saylı Ərazi Məşğulluq Mərkəzinin müdiri olduğu vaxt nazirlik mərkəzdə yoxlama aparıb və 500 yüz manat vəsaitin mənimsənildiyi müəyyənləşdirilib

Bu barədə ətraflı məlumat verməzdən öncə nəzərinizə çatdıraq ki, 3 saylı Ərazi Məşğulluq Mərkəzi paytaxtın Sabunçu, Suraxanı və Nizami rayonlarını əhatə edir. Məmməd Ələkbərov isə bir müddət əvvələ qədər Yasamal, Səbail və Qaradağ rayonlarını birləşdirən 1 saylı Ərazi Məşğulluq Mərkəzinin müdiri vəzifəsində çalışıb. Redaksiyamıza ünvanlanan müraciətdə də məhz bu fakt təsdiqlənib və qeyd olunur ki, Məmməd Ələkbərov 1 saylı Ərazi Məşğulluq Mərkəzinə rəhbərlik etdiyi müddətdə külli miqdarda, daha dəqiq desək, 500 min manatlıq yeyintiyə yol verib. Elə bu səbəbdən də 3 saylı Ərazi Məşğulluq Mərkəzinin əməkdaşları yeni müdirlə çalışmaqdan imtina edirlər. Onlar Məmməd Ələkbərovun 1 saylı Ərazi Məşğulluq Mərkəzində törətdiyi əməlləri yeni müdir təyin olunduğu 3 saylı Ərazi Məşğulluq Mərkəzində də təkrarlayacağından narahatdırlar. Şikayətçilər iddia edirlər ki, Məmməd Ələkbərov 1 saylı Ərazi Məşğulluq Mərkəzinin müdiri olduğu vaxt Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi mərkəzdə yoxlama aparıb və 500 yüz manat vəsaitin artıq ödəmə olduğu, yəni mənimsənildiyi müəyyənləşdirilib. Lakin buna baxmayaraq, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev törətdiyi əməllərə görə, Məmməd Ələkbərovu qanunamüvafiq formada cəzalandırmaq, aidiyyatı qurumlar tərəfindən barəsində cinayət işinin açılmasını təmin etmək əvəzinə, onu 1 saylı Ərazi Məşğulluq Mərkəzinin müdiri vəzifəsindən 3 saylı Ərazi Məşğulluq Mərkəzinin müdiri vəzifəsinə təyin edib. Məgər, 500 min manatlıq yeyintiyə yol verməyin cəza budur?!

"Çatar-çatmaz köhnə müdirin işdən çıxardığı Könül xanımı (əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli qohumu) işə bərpa edib"


Bundan başqa, verilən məlumatda o da deyilir ki, Məmməd Ələkbərov 3 saylı Ərazi Məşğulluq Mərkəzinə təyinat zamanı özü ilə əvvəlki iş yerindən idarənin "Nissan" markalı avtomobili və qeyri-rəsmi iki köməkçisini də gətirib: "Köməkçiləri idarənin əməkdaşları olmasa da, iş başındadırlar. Çatar-çatmaz köhnə müdirin işdən çıxardığı Könül xanımı (əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli qohumu) da işə bərpa edib. O, artıq öz komandasını formalaşdırır. Sabiq müdir Rövşən Teyyub oğlu Məmmədov işinin öhdəsindən layiqincə gəlirdi, lakin yeni müdirin arxası güclü olduğundan sabiq müdir Şabran rayonuna kiçik vəzifəyə göndərilməklə yer boşaldılmışdır".

Məmməd Ələkbərovun "Ulduz" metrostansiyasının yanında zavodu olduğu və vaxtını daha çox orada keçirdiyi qeyd olunur

Redaksiyamıza ünvanlanan elektron məktubda o da bildirilir ki, 3 saylı Ərazi Məşğulluq Mərkəzinin yeni müdiri Məmməd Ələkbərov Bakı Şəhər Baş Polis İdarəsi rəisinin əməliyyat işləri üzrə müavini polis polkovniki Vüqar Ələkbərovun qardaşıdır: "Buradan da Məmməd Ələkbərovun statusunu anlamaq olar. Onu da qeyd edək ki, 3 saylı Ərazi Məşğulluq Mərkəzinin işçiləri yeni müdirlə əlaqə yaratmaqda əziyyət çəkirlər. Nə zaman zəng etsək, "İndi Mustafa müəllimlə (Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli) yemək yeyirəm, boş olanda yığacam" bildirməklə kifayətlənir". Hələ bu, harasıdır. Verilən informasiyada 3 saylı Ərazi Məşğulluq Mərkəzinin yeni müdiri Məmməd Ələkbərovun "Ulduz" metrostansiyasının yanında zavodu olduğu və vaxtını daha çox orada keçirdiyi qeyd olunur.
"Hürriyyət"
P.S. Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.