"Dövlət başçısı hər bir azərbaycanlının probleminə diqqətlə yanaşır"

25/01/2019 - 16:56 5 917 0   1  

"Cənab Prezidentin hər zaman vurğuladığı kimi dövlət siyasətinin əsas məqsədi torpaqlarımızın işğaldan azad olmasıdır. Lakin bununla yanaşı məcburi köçkünlərin mövcud problemlərinin həlli də diqqət mərkəzindədir".

Bu sözləri Publika.az-a açıqlamasında millət vəkili Elman Məmmədov deyib.
Millət vəkili bildirib ki, məcburi köçkünlərin mənzil probleminin yaxşılaşdırılması diqqətdən yayınmır:
“Məcburi köçkünlər ötən əsrin 90-cı illərinin əvvəlindən acınacaqlı durumda-çadır şəhərciyində, vaqonlarda, relslərin üzərində, uçuq daxmalarda yaşayırdılar. İlham Əliyev Prezident seçildiyi ilk vaxtlardan ölkədə çadır şəhərciklərinin ləğv ediləcəyi ilə bağlı açıqlama verdi. Dediyi sözə əməl etdi, qısa müddətdə çadır şəhərcikləri ləğv edildi, pis vəziyyətdə yaşayan digər məcburi köçkünlərin yeni mənzillərlə təminatı üçün iş aparılır. Bu müddət ərzində Cənab Prezidentin apardığı sosial siyasət nəticəsində respublika ərazisində 100-dən çox yaşayış massivi salınıb, 300 mindən çox insan yeni mənzilə köçürülüb və bu proses davam edir. Təbii ki, bu yaşayış massivlərində bütün infrastruktur qurulub, məktəblər, xəstəxanalar, bağçalar inşa edilib. Təkcə ötən il 5 mindən çox ailə üçün mənzillər tikilib istifadəyə verildi. Gələn ilin dövlət büdcəsindən də bu sahəyə kifayət qədər vəsait ayrılıb. Qəzalı vəziyyətdə olan binalarda yaşayan məcburi köçkünlər daim Prezidentin diqqət mərkəzindədir. Həm məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılmasına diqqət ayrılır, həm də sosial problemləri həll edilir. İşlə təminat, xırda biznes, kənd təsərrüfatı ilə məşğul olanlara dəstək, özünüməşğulluğa cəlb edilməsi istiqamətində işlər görülür. Bütün bunlar isə dövlət başçısının hər bir azərbaycanlının probleminə diqqətlə yanaşdığını, xüsusən qaçqınlar və məcburi köçkünlər, Qarabağ müharibəsi əlilləri, şəhid ailələrini daim diqqət mərkəzində saxladığını göstərir”.
Millət vəkili Avropanın miqrantlarla mübarizəsini xatırladaraq onların bu problemin həllində aciz qaldığını deyib:
“Avropada 500 milyondan çox insan yaşayır və üstəlik dünyanın ən varlı dövlətləri orada cəmlənib. Avropada bir neçə yüz min miqrantın həyat şəraitinin yaxşılaşdırılması üçün barmaq hərəkət etdirməyiblər. Əksinə sərhəddə tikanlı məftillər yaradılıb. Hələ 90-cı illərin əvvəlində Azərbaycan qəfildən bir milyondan artıq qaçqın problemi ilə üz-üzə qaldı. Lakin Ulu öndər Heydər Əliyevin uğurlu siyasəti nəticəsində problem həlli istiqamətində ciddi addımlar atıldı. Bu gün isə Prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirir”.