“Doğrudan da böyük diqqət, böyük qayğıdır” - İmamverdi İsmayılov

30/01/2019 - 16:23 1 282 0   0  

“Şəhid ailələrinə diqqət və qayğı hər zaman dövlət başçımızın xüsusi olaraq nəzarətindədir. Ötən il Azərbaycan Prezidenti İlham Əliyev seçkilərdə inamlı qələbəsindən sonra ilk fərmanını məhz şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində vermişdi. Bu il də şəhid ailələri üçün əlavə vəsaitin ayrılması Azərbaycanda şəhidlərimizə göstərilən hörmət və ehtiramın əsas göstəricisidir”.

Bu sözləri Modern.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü İmamverdi İsmayılov deyib.
Deputat bildirib ki, dövlət başçısının növbəti humanist təşəbbüsü ilə əlavə olaraq 2264 şəhid hərbi qulluqçu və 461 şəhid polisin vərəsələrinə də birdəfəlik ödəmə veriləcək:
"Yeni fərmanla birdəfəlik ödəmələr artıq 12 268 şəhidin vərəsələrini əhatə edir və ödəniləcək vəsaitin həcmi 135 milyon manata çatır. Cənab Prezidentin mühüm sosial əhəmiyyət kəsb edən və şəhid ailələrinə böyük diqqət və qayğının növbəti təcəssümü olan Fərmanı ictimaiyyətimiz tərəfindən də çox yüksək dəyərləndirilir. Bu il, həmiçinin həmin kateqoriyadan olan vətəndaşlara azı 800 mənzilin verilməsi də planlaşdırılır. Azərbaycanda hər bir şəhid ailələrinə mənzillər təqdim edilir, müavinətlər, Prezident təqaüdü verilir. Şəhid ailələrinin bir sıra üstünlükləri var, onların işə düzəlməsində güzəştlər olunur, şəhid ailələrinin övladlarının ali məktəbdə oxuması üçün dövlət təminatı var, güzəştli şərtlərlə mənzil tikmək üçün torpaq, güzəştli ipoteka kreditləri verilir. Bütövlükdə Azərbaycanda şəhid ailələrinə həm maddi, həm də mənəvi diqqət göstərilir. Bütün bunlar dövlət başçısının şəhid ailələrinə olan diqqət və qayğısının ifadəsidir”.
İmamverdi İsmayılov xatırladıb ki, bu günlərdə Prezidentin İlham Əliyevin ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında imzaladığı növbəti Sərəncamı bu kateqoriyadan olan insanlar, eyni zamanda, xalq tərəfindən böyük sevinc və minnətdarlıqla qarşılanıb:
“Sərəncama əsasən, ərazi bütövlüyümüz, müstəqilliyimiz və konstitusiya quruluşumuzun müdafiəsi ilə bağlı əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı tədbirlərin davam etdirilməsinə 35 milyon manat ayrıldı. Doğrudan da böyük diqqətdir, qayğıdır. Düşünmürəm ki, dünyanın hansısa ölkəsində vətəndaşa bu qədər qayğıkeş münasibət olsun”.