“Diqlas”dakı qanunsuzluqlara niyə göz yumulub? - ARAŞDIRMA

01/04/2019 - 16:01 4 795 0   0  

“Diqlas” yanandan sonra ortaya çıxan mövzulardan biri də sığorta məsələsi oldu. Ölkə başçısı İlham Əliyev hadisə ilə bağlı keçirdiyi müşavirədə Azərbaycanda sığorta sahəsində boşluqların olduğunu vurğuladı.

Bu boşluqlar həm fərdi evlərin, həm də inzibati binaların sığortalanmasında özünü göstərir.

“Diqlas nümunəsi”

Oxu.Az fərdi evlərin icbari sığortası ilə bağlı məsələyə toxunduğundan bu dəfə “Diqlas”ın nümunəsində inzibati binaların sığortası ilə bağlı vəziyyətə aydınlıq gətirməyə çalışacaq.

Maraqlıdır ki, daşınmaz əmlakların sığortalandığı əsas şirkətlərdən biri olan “Azsığorta” deyir ki, “Diqlas”ın onların müştərisi olub-olmadığını araşdırırlar. Özünü innovativ qurum kimi qələmə verən bu şirkət üç gün ərzində hələ araşdıra bilməmişdi ki, bu müştəri onda var, yoxsa yox.  Halbuki onun ətrafındakı daha xırda obyektlər barədə məlumata malik idi.

Sonra “Diqlas”ın direktoru elan etdi ki, 10 il ərzində binanın sığortası olmayıb. Niyə - ona görə ki, o ancaq pulu yığıb sahibkara verib, sahibkar da sığortaya ehtiyac görməyib. Ancaq nəzərə alaq ki, daşınmaz əmlakın sığortası avtomobil sığortası kimi məcburidir və olmadığı halda cərimə qaydası da var. “Diqlas”a bu cərimələrin tətbiq olunduğu barədə hər hansı sənəd isə hələ ortada yoxdur.

Bəs bu 10 il ərzində ticarət mərkəzinin bu qaydada işləməsinə niyə göz yumulub? Ümumiyyətlə, “Diqlas” nə qədər sığorta ödəməli idi və bunu etməməklə nə qədər vəsait gizlədilib?  

“Diqlas”ın yerləşmə yerini nəzərə alsaq və indiki nəticələrə baxsaq (ona aid olmayan, ətrafındakı yeddi obyektə zərər dəyib - red.), onun minimum iki sığortası olmalı idi: daşınmaz əmlakın sığortası və daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası.

Qanun nə deyir?

İcbari Sığorta Bürosunun məlumatına görə, daşınmaz əmlakın icbari sığortası “İcbari sığortalar haqqında” Qanunun Xüsusi bölməsinin 2-ci fəslində nəzərdə tutulub. Daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədilə tətbiq edilir.

Bu məqsədlər üçün hüquqi və fiziki şəxslərə məxsus tikililərin, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış evləri, binaları və mənzillərin, habelə dövlət əmlakının sığortası icbaridir.

Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası isə “İcbari sığortalar haqqında” Qanunun Xüsusi bölməsinin 3-cü fəslində nəzərdə tutulub.

Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası müvafiq əmlakın istismarı, o cümlədən, həmin əmlakın ərazisində inşaat, təmir, yenidənqurma və ya digər işlərin həyata keçirilməsi zamanı üçüncü şəxslərin sağlamlığına və əmlakına dəyən zərərin əvəzinin ödənilməsi məqsədilə tətbiq edilir.

Bu məqsədlər üçün əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin sığortası icbari olan əmlak dedikdə, hüquqi şəxslərin öz fəaliyyətini, həmçinin, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin sahibkarlıq fəaliyyətini həyata keçirməsi üçün istismar etdiyi daşınmaz əmlak olan binalar, tikililər, qurğular, sahələr başa düşülür.

Yuxarıda sadaladığımız hər hansı əmlakın istismarı ilə bağlı üçüncü şəxslər qarşısında mülki məsuliyyətin sığortası da icbaridir.

Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin sığortası icbari olan əmlak dedikdə, hüquqi şəxslərin öz fəaliyyətini, həmçinin, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin sahibkarlıq fəaliyyətini həyata keçirməsi üçün istismar etdiyi daşınmaz əmlak olan binalar, tikililər, qurğular, sahələr başa düşülür.

“Diqlas” nə qədər sığorta ödəməli idi?

İcbari sığorta Bürosundakı Daşınmaz əmlak kalkulyatorundan istifadə edib hesablama aparaq. “Diqlas”ın direktoru düşdüyü vəziyyətin nə qədər acınacaqlı olduğunu göstərmək üçün ticarət mərkəzinin bazar dəyərini açıqladı: 25 000 000 manat.

Hesablama aparsaq, nəticələr belədir:

Sığorta məbləği

Azadolma

Sığorta haqqı

25 000 000

2 500

40 000

Deməli, “Diqlas”ın daşınmaz əmlak üzrə illik icbari sığortası 40 min manatdır. Yəqin ki, bu məbləğin ildə heç olmasa 50 faizi müəyyən yollarla kimlərəsə ödənilib ki, rəsmi sığortanın olmaması görməzlikdən gəlinib.

Bu qədər sığorta məbləğini ödəmək sərfəlidirmi?

Yanan obyektin bazar dəyərini - 25 000 000 manatı illik 40 000 manata bölsək, neçə illik sığorta edir?

25 000 000: 40 000 = 625 il

Yəni 625 il hər il 40 min manat ödəsəniz, 25 milyon manat edir. Bu isə onu göstərir ki, sığorta etdirmək sərfəlidir və bu sahibkarı, eləcə də, hər bir əmlak sahibini riskdən qormağın ən yaxşı yoludur.  

Əgər sığortası yoxdursa, cəriməsi nə qədərdir?

“Diqlas” kimi inzibati binaların sığortasını Fövqəladə Hallar Nazirliyi, fərdi yaşayış evlərinin sığortasını isə yerlərdəki icra hakimiyyətləri yoxlayır.

Deməli, hüquqi şəxslər istismar etdikləri daşınmaz əmlakı sığortalamadığı halda, Fövqəladə Hallar Nazirliyi protokol tərtib etməli və ona 200 manat dəyərində cərimə yazmalıdır.

Ümumiyyətlə, icbari sığorta müqaviləsinin bağlanmamasına görə hansı cərimələrin tətbiq olunması İnzibati Xətalar Məcəlləsinin 569-cu maddəsi ilə tənzimlənir. İcbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslərə 30 manat, vəzifəli şəxslərə 80 manat, hüquqi şəxslərə isə 200 manat cərimə nəzərdə tutulub. 

Yəni məsul olan qurum baxır ki, sığorta müqaviləsi yoxdur, 200 manat cərimə edir və vaxt verir. Həmin vaxt bitəndə yenidən sığorta tələb edilir və yoxdursa, təkrar cərimə edir.

50-60 manatlıq sığortalar necə meydana çıxır?

Problemlərdən biri də budur ki, sahibkarlar çox vaxt “sığorta sənədi” almaq xatirinə sığorta edir. Yəni sığorta olunan məbləğlər çox azdır və əmlakın bazar dəyərinə uyğun gəlmir. Əslində qanunla sığortada bazar dəyəri istifadə olunur, amma heç kim sığortaya bazar dəyərini qoymur.  Bunun səbəbi odur ki, real göstərdikdə ödənilən əmlak vergisi çox götürülür.

Çünki “Vergi Məcəlləsi”ndə əmlakın qiymətinin bəyan edilməsi üçün müəyyən yollar var. Bunların arasında bazar dəyəri ilə yanaşı, alternativ variant kimi qalıq dəyəri (balans dəyəri) də mövcuddur. Bazar dəyəri ölçüləndə əgər sığorta şəhadətnaməsi varsa, sığorta məbləği həcminə uyğun şəkildə əmlak vergisi müəyyən edilir.

Yəni vergi gəldikdə, sığorta şəhadətnaməsini açır və baxır ki, bina 25 milyon manata sığortalanıb, halbuki balans dəyəri beş milyon yazılıb. Vergini balans dəyəri ilə tutsa, az əmlak vergisi çıxacaq, ona görə də vergi əmlakın dəyəri kimi sığortanı əsas götürür. 

Buna görə də daşınmaz əmlak sahibləri sığortanı aşağı məbləğdə etdirirlər. Nəticədə, milyonluq dəyəri olan obyektlər 50-60 manatlıq sığorta olunur. Bu arada, qeyd edək ki, kommersiya qurumlarında əmlak vergisi illik 1 faizdir.

Qeyd etdiyimiz məsələ ilə bağlı “Vergi Məcəlləsi”ndəki hissəni BURADAN əldə edə bilərsiniz.

“Gülməli rəqəmlər”

Əmlak bazarı üzrə ekspert Ramil Qasımzadənin sözlərinə görə, həqiqətən də bu problem var və əmlak vergisinin hesablanması üçün bir neçə alternativin göstərilməsi bu cür hallara yol açır. Balans dəyəri əmlakın başa gəlmə dəyəri kimi başa düşə bilər, amma Azərbaycan 2019-cu ildən beynəlxalq maliyyə uçotu standartlarına keçib. Ona görə də bazar dəyəri əsas götürülməlidir.

“Elə götürək “Diqlas”ın açıqlanan bazar dəyərini. 25 milyon manat real məbləğ deyil, çünki orada 17 min kvadrat metr ərazidir və onun qiyməti minimum 1500 manat yox, 2000 manatdan hesablanmalı idi. Əmlak vergisi zamanı balans dəyərinin əsas götürülməsi düzgün deyil, ədalətli yanaşma odur ki, bazar qiyməti ilə hesablansın. Sahibkarlar da, dövlət müəssisələrinin bəziləri də əmlak vergisini ödəməmək üçün balans dəyərindən istifadə edirlər. Elə binalar var ki, dəyəri həddindən artıq “gülməli rəqəmlər”lə ifadə olunur”.

R.Qasımzadə bildirib ki, bu sahədə tədbirlərə başlanılıb. Artıq Nazirlər Kabineti müvafiq tapşırıqlar verib və əmlakların yenidən dəyərləndirilməsi və bazar qiymətinin çıxarılması üçün işlər görülür.

“Artıq bütün qurumlarda balans dəyəri deyil, bazar dəyəri hesablanacaq. Düzdür, bazar dəyəri ilə balans dəyəri arasında fərq var. Balans dəyəri dedikdə, işlənməsi, yəni amortizasiyası da nəzərə alınır. Amma hökumət bunun üzərində ciddi dayanıb və tapşırıq verib ki, bütün daşınar və daşınmaz əmlakların dəyəri bazar qiymətinə uyğun hesablansın”.

Beləliklə, “saxta sığorta kağızları”nın qarşısını almaq üçün gəlinən qənaət odur ki, daşınmaz əmlak sığortası bazar dəyəri əsasında formalaşmalıdır və bununla bağlı “Vergi Məcəlləsi”ndə əmlak vergisinin hesablanması zamanı qoyulan alternativ metodun, yəni qalıq dəyərinin tətbiq edilmə imkanları ya tam ləğv edilməli, ya da tətbiqi çox sərt halda məhdudlaşdırılmalıdır.

İlhamə Abdullayeva