Diaspora Komitəsi XİN-ə birləşdirilsin - TƏKLİF

15/01/2019 - 18:45 8 872 0   0  

Humanitar Təqdiqatlar Mərkəzinin rəhbəri Əvəz Həsənov Diasporla İş Üzrə Dövlət Komitəsinin ləğv olunaraq, XİN-ə birləşdirilməsi təşəbbüsü ilə çıxış edib.

Gununsesi.org-a açıqlamasında Əvəz Həsənov mövzu ilə bağlı fikirlərini açıqlayıb.
Onun sözlərinə görə, Diaspolra iş üzrə Dövlət Komitəsinin məqsədi dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın və həmvətənlərimizin müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, onlar arasında birliyin və həmrəyliyin təmin olunması, habelə Azərbaycan icmaları, cəmiyyət və birliklərin fəaliyyətinin gücləndirilməsi və əlaqələndirilməsi ilə bağlı məsələlərin birgə müzakirəsindən ibarətdir:
“Yeni rəhbərliyin təyin olunmasına qədər olan müddətin analizi göstərir ki, ölkədən kənarda yaşayan Azərbaycanlıların fəaliyyətinin ölkə ilə əlaqələndirilməsi istiqamətində çox az uğurlar olmuşdur. Yeganə olaraq Dünya Azərbaycanlılarının Bakıda keçirilən qurultayında biz bu güclü əlaqənin işartılarını görürdük. Bu tədbir isə komitə ilə Xarici İşlər Nazirliyinin birgə tədbiri olurdu. Bu qədər zəif əlaqənin əsas səbəblərindən biri ondan ibarət idi ki, Xarici İşlər Nazirliyi ilə Diasporla iş üzrə Dövlət Komitəsi arasında ölkə vətəndaşlarının xaricdə təmsil olunması baxımından strateji yanaşma olmadığından hər iki qurum az qala fərqli strategiyanı icra edirdi. Azərbaycan diasporası xaricdə çox zəifdir. Onun informasiya təbliğatı aparmaq strategiyası çox aşağıdır. Azərbaycan diasporasının təbliğat sesiyasında çox az sayda əcnəbi qonaqlar iştirak edir. Əsasən diasporanın üzvləri bu tədbirə qatılır. Maksimum Türkiyə və İrandan olan iştirakçılar bu tədbirlərdə görünür. Bizim diaspora təmsilçilərinin də yaşadıqları ölkəyə inteqrasiyası çox aşağı səviyyədədir. Təsəvvür edirsinizmi 20-30 il bundan əvvəl Avropaya köçən insanlar yerli şəraitə öyrəşə bilmir, evlərində rus telekanallarına baxırlar, yerli qonşular ilə təmasda olmur, bir-birinə qız verib, qız alırlar. Avropanın mərkəzində əsil Azərbaycan kəndində olduğu kimi toy məclisləri keçirirlər, Bakıdan həmin toylara müğənnilər, aşbazlar dəvət edirlər”.
QHT rəhbəri onu da əlavə edib ki, Diasporla iş üzrə Dövlət Komitəsi Azərbaycan vətəndaşlarının yaşadıqları ölkəyə inteqrasiyası üçün çalışmayıb:
“Əksinə inteqrasiyanı de-inteqrasiyaya çeviriblər. Diaspora təşkilatları arasında konfliktlər səngimək bilmir. Cəmiyyətlət arasında koordinasiya yaxşı deyil, onlar ancaq Bakıda Dünya Azərbaycanlılarının qurultayı olanda bir araya gəlirlər. Belə olan halda diaspora üzvlərinin fəaliyyətinin əlaqələndirilməsindən necə danışmaq olar. Nə üçün diasporla iş Xarici İşlər Nazirliyinə verilməlidir? Bu arzu olunan olmasa da ən optimal variantdır. Azərbaycanın dünyada diaspora imkanları o qədər də yüksək deyil. Onlar hələ formalaşa bilməyiblər. Diaspora təşkilatlarının xarici ölkələrdə fəaliyyət prinsipləri və mexanizmlərini nazirlik komitədən daha yaxşı təsəvvür edir. Diaspora ilə fəaliyyəti düzgün qurmaq üçün sistemli xarici siyasəti bilməyə ehtiyac vardır. Bunu isə yalnız nazirlik bilir və onu komitə ilə bölüşmür. O baxımdan disapora ilə fəaliyyətin xarici siyasəti həyata keçirən eyni orqandan koordinasiyası daha məqsədəuyğundur”.