"Deputatlar düşünülən qədər nüfuzlu və ciddi təsirə malik insanlar deyil" - QALMAQAL

24/01/2019 - 10:48 8 668 0   1  

Deputat Xanhüseyn Kazımlının “Yapı Kredi Bank Azərbaycan” QSC-yə borc müqabilində girov qoyulan Novxanıdakı villasının əlindən alınması müzakirələrə səbəb olub. Məsələnin mahiyyəti budur ki, deputat 2014-cü ilin fevralında “Yapı Kredi Bank Azərbaycan” illik 12 faiz olmaqla 36 ay müddətinə 400 min manat məbləğində kredit alıb. Lakin müvafiq ödənişlər etməyib. Bank məhkəməyə müraciət edib və deputatın villası bankın sərəncamına keçib. Deputat isə Novxanı kəndində yerləşən ümumi sahəsi 301 kvadrat metr bağ evinin əlindən çıxması ilə razılaşmır. Bağ evi hərraca çıxarılaraq 700 min manat qiymət qoyulub. Lakin satılmayıb. Sonradan keçirilən hərraclarda qiymət 446 min 250 manata qədər endirilib və “Yapı Kredi Bank Azərbaycan” QSC tərəfindən alınıb. Xanhüseyn Kazımlı apelyasiya şikayətində ona məxsus evin ilkin satış qiyməti kimi müəyyən edilən 700 min manat məbləğin evin real bazar dəyərindən qat-qat aşağı hesablandığını vurğulayıb. Yaranmış durumu yenicag.az-a şərh edən tanınmış hüquqşünas Əkrəm Həsənov deyib ki, Xanhüseyn Kazımlı Milli Bankın İdarə Heyətinin sədri Elman Rüstəmovla yaxın münasibətinə görə banklardan sərfəli şərtlərlə iri məbləğli kreditlər götürə bilib:

“Əvvəla, Azərbaycanda deputatlar düşünülən qədər nüfuzlu və ciddi təsirə malik insanlar deyil. Xüsusilə Xanhüseyn Kazımlı kimi parlamentdə heç bir çıxışı və ya irəli sürdüyü qanun layihəsi ilə yadda qalmayanın biri. Sadəcə, bəzi şəxsi əlaqələri var. O cümlədən Elman Rüstəmovla yaxındır. Buna görə də oğlu Fəxri Kazımlı uzun illər Elman müəllimin adyutantı idi. Sonra da Elman müəllim onu İpoteka Fonduna rəhbər etdi. Halbuki nə bilik, nə də digər keyfiyyətlərinə görə həmin vəzifəyə layiq deyil. Heç bir neçə cümləni səhvsiz yaza bilmir. Buna görə də həmin fondu reallıqda həmişə Elman Rüstəmov idarə edib. Bu baxımdan ata və oğul Kazımlılar elə də ciddi çəkiyə malik insanlar deyillər. Sadəcə, Rüstəmovla yaxınlıq müqabilində banklardan sərfəli şərtlərlə iri məbləğli kreditlər götürə biliblər. Lakin bankların onlara borcu yoxdur ki. Xüsusilə Yapı Kredi Bank kimi ümumən sağlam və müstəqil bankın. Buna görə də təəccüblüsü bank tərəfindən deputatın əmlakına tutma yönəldilə bilməsi deyil. Təəccüblüsü odur ki, bu, niyə belə gec baş verib”.
Əkrəm Həsənovun sözlərinə görə, Xanhüseyn Kazımlının villasının təxmini qiyməti 260 min manatdır. Bunun üçün o, hələ də banka borcludur: “Bank uzun illər deputatla məhkəmələrdə vuruşub və yalnız indi qələbəyə müvəffəq olub. Böyük ehtimalla deputat bu proseslərdə də bütün əlaqələrindən istifadə edib. Amma əvvəl-axır məhkəmələr labüd qərarı verib: borc ödənilməli, girova tutma yönəldilməlidir. Necə ki, digər vətəndaşların kreditləri üzrə belə baş verir. Sadəcə, onların əlaqələri yoxdur deyə məhkəmələri daha tez uduzurlar. Göründüyü kimi, deputatın satılan əmlakının qiyməti təxminən 260 min manatdır. 400 min manat əsas borcdur. Deməli, banka hələ azı 140 min manat borcu qalıb. Yəqin ki, hələ faiz və cərimə borcu da var. Təbii, həmin 140 min manatı da ödəməlidir. Başqa əmlakı yoxdursa, deputat maaşının yarısı tutulmalıdır. Odur ki, şübhəli bir şey yoxdur. Şübhəli o olardı ki, villası yüksək qiymətləndirilərdi və hələ bankı da borclu çıxardardı ki, artıq pulu qaytar. Bütün bunlar iki şeydən xəbər verir. Bir: Azərbaycanda borc problemi getdikcə dərinləşir və hətta nə qədər təsadüfi adam olsalar da, deputat və dövlət fondunun rəhbəri də problemlərini əyri yollarla artıq həll edə bilmirlər. İki: bəzi qiymətləndiricilərin saxta optimist bəyanatlarına baxmayaraq, daşınmaz əmlakın qiyməti düşməkdə davam edir”.