Deputat Əsabil Qasımovun qardaşı vətəndaşın 49 min manatını qaytarmır - İTTİHAM

25/10/2018 - 12:09 1 714 0   0  

Bakı şəhər sakini İlqar Əliyev bu günlərdə redaksiyamıza şikayətlə müraciət edib. Şikayətçi bildirib ki, deputat Əsabil Qasımovun qardaşı, “A-Trans Motors” MMC-nin direktoru Vüqar Qasımov onun 49 min 20 manatını qanunsuz şəkildə mənimsəyib: “2012-ci ilin avqust ayında ”A-Trans Motors" MMC-dən alqı-satqı müqaviləsi əsasında kreditlə dəyəri 67 min manat olan “SHAQMAN” yük maşını almışdım. Həmin ilin avqust ayında şirkətə 26 min manat ilkin ödəniş edib, daha sonra hissə-hissə 49 min 20 manat pul vermişəm. Müqavilənin şərtinə əsasən, tam məbləğ ödəndikdən sonra avtomobil mənim adına keçməli olsa da, şirkət müqavilənin şərtlərini kobud şəkildə pozaraq avtomobili zorla mənim əlindən aldı və ödədiyim 49 min 20 manat pulu geri qaytarmaqdan imtina etdi. Şirkətin icraçı direktoru Üzeyir Tağıyev mənə dedi ki, Vüqar Qasımov ona bildirib ki, 12 min manat verdikdən sonra avtomobil 10 gün müddətində mənim adıma qeydiyyata salınaraq veriləcək. Mən də öz evimi dəyərindən ucuz sataraq bu məbləği düzəldib Üzeyir Tağıyevə verdim. Amma onlar bu məbləği məndən nağd alıb qəbz vermədilər. Bundan sonra məni 7 ay süründürərək sonda bildirdilər ki, Vüqar Qasımov avtomobili mənim adıma qeydiyyata salmağa razı deyil".

Şikayətçinin sözlərinə görə, bundan sonra şirkət hissə-hissə 4 ay müddətinə 12 min manatı geri qaytarıb, lakin əvvəl ödənilən 49 min 20 manat geri qaytarılmayıb, dəyərini ödədiyi yük maşınını sataraq mənimsəyiblər. İlqar Əliyev onu da bildirib ki, dəfələrlə deputat Əsabil Qasımov və qardaşı Vüqar Qasımovla görüşməyə çalışsa da, heç bir nəticə əldə edə bilməyib: “Nəhayət, 2016-cı ildə Nəsimi Rayon Məhkəməsinə müraciət etdim. Məhkəmə məni zərərçəkmiş kimi tanıyaraq pulun qeydiyyata salınmış hissəsini, 45 min 420 manatın ”A-Trans Motors" MMC tərəfindən geri qaytarılması barədə qərar çıxartdı. Lakin qarşı tərəf Bakı Apelyasiya Məhkəməsinə müraciət edərək qərarı öz xeyirlərinə ləğv etdirməyə nail olublar".

Şikayətçi İlqar Əliyev qanunsuz yolla mənimsənilən pulunun geri qaytarılması üçün aidiyyəti orqanlara müraciət edib: “Bütün aidiyyəti orqanlardan xahiş edirəm, bu məsələnin ədalətli həlli üçün mənə köməklik göstərilsin”.

Məsələ ilə bağlı “Yeni Müsavat”ın əməkdaşı kimi qarşı tərəfin, o cümlədən Əsabil Qasımov və Vüqar Qasımovun da rəyini öyrənməyə çalışdıq. Lakin dəfələrlə əlaqə yaratmağa çalışsaq da, telefon zənglərimiz cavabsız qaldı.

Onu da xatırladaq ki, bundan əvvəl də deputatın qardaşı Vüqar Qasımovun adı müxtəlif dələduzluq ittihamlarında hallanıb.