DÇ: Daha bir güləşçimiz ermənini məğlub etdi

26/10/2018 - 16:36 5 701 0   0  

Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə dünya çempionatı (DÇ) davam edir.

Suveren.az bildirir ki, yarışın yeddinci günündə daha üç yunan-Roma güləşçimiz mübarizəyə qoşulub.

Onlardan biri təsnifat, ikisi isə 1/16 final mərhələsindən mundiala start verib.

Avropa çempionatının gümüş medalçısı Murad Məmmədov (60 kq) qırğız güləşçi ilə görüşdə 8:1 önə keçsə də, ikinci hissədə ani diqqətsizlik nəticəsində tuşe ilə uduzub.

İslam Həmrəyliyi Oyunlarının qalibi Kamran Məmmədov (67 kq) 1/16 finalda erməni güləşçi Karen Aslanyanla qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən prinsipial görüşdə həmyerlimiz iki xalı birbaşa qazandığı üçün növbəti mərhələyə adlayıb. Kamranın növbəti mərhələdəki rəqibi ukraynalı olacaq.

Yeri gəlmişkən, bu, indiki dünya çempionatında idmançılarımızın ermənilər üzərində ikinci qələbəsidir. Belə ki, dünən Taleh Məmmədov (63 kq) 1/8 finalda Slavik Qalstyana qalib gəlmişdi – 3:1.

Gənclər arasında ikiqat dünya və üçqat Avropa çempionu İslam Abbasov (87 kq) isə 1/16 finalda yamaykalı rəqibinə qalib gəlib. O, növbəti turda Yunanıstandan olan idmançı ilə qarşılaşacaq.