Cərrah Fərman Ceyranlının həbs müddəti azaldılıb – Yaxında azadlığa çıxacaq

21/12/2018 - 11:55 1 006 0   0  

Gürcüstanda həbsdə olan cərrah, “Lancet” klinikasının həmtəsisçisi Fərman Ceyranlının cəzası azaldılıb. Qərarı dekabrın 20-də Gürcüstan Apellyasiya Məhkəməsi qəbul edib.
Ceyranlının qızı Lalə Hüseynli bildirib ki, atasının 6 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökmdən bu ilin yazında verilmiş apellyasiya şikayətinə baxış nəhayət başa çatıb.
“Məhkəmə bu gün qərarını elan etdi. Atama verilmiş 6 il azadlıqdan məhrumetmə cəzası 2 il 3 ayadək azaldıldı”, Hüseynli bildirib. O, qərarın detalları haqda hələlik məlumatlı olmadığını deyib.
L.Hüseynlinin sözlərinə görə, atası və vəkilləri məhkəmədən bəraət hökmünün çıxarılmasını, dərhal azadlığa buraxılmasını xahiş edib. Sonrakı hüquqi prosedurlar barədə bu günlərdə qərar verəcəklər.
Fərman Ceyranlı artıq 18 aydan çoxdur ki, həbsdədir. Onun 2 il 3 aylıq cəzası gələn ilin avqust ayında başa çatacaq.
Əslən Gürcüstandan olan Ceyranlı 1980-ci illərdən Azərbaycanda yaşayıb, burada təhsil alıb və işləyib. 1994-cü ildə Topçubaşov adına Elmi Cərrahlıq Mərkəzinin direktor müavini, 1995-ci ildən isə həmin mərkəzin direktoru vəzifələrində çalışıb. O, bir neçə il əvvəl Gürcüstana gedib. Orada “Lancet” klinikasının yaradıcılarından biri olub və ötən il mayın 22-də həbs edilib.
Fərman Ceyranlı Gürcüstan Cinayət Məcəlləsi ilə dələduzluqda, insanların həyatı və sağlamlığına təhlükə yaradan informasiyanı gizlətməkdə ittiham olunur. Cinayət işi klinikada 2017-ci ildə qaraciyər köçürülməsindən sonra vəfat etmiş bir xəstənin qohumunun şikayəti əsasında qaldırılıb.
Tbilisi Şəhər Məhkəməsi bu il fevralın 8-də ona 6 il həbs hökmü çıxarıb. Hökmdə vurğulanır ki, məhkəmə zamanı cərraha qarşı irəli sürülmüş dələduzluq ittihamı təsdiqini tapıb.
Ceyranlı bildirib ki, o, Azərbaycandan verilən sifarişlə həbs edilib. O, bunu Azərbaycan müxalifəti ilə yaxın olması, həm də Gürcüstandakı müəyyən məmurların onun biznesini ələ keçirmək istəməsi ilə izah edib. Belə ki, həbsdən öncə ona təklif olunub ki, klinikanı çox ucuz qiymətə sataraq Gürcüstanı tərk etdin. Ancaq o, bundan imtina edib. (Amerikanınsesi)