"Çeçen xalqı qardaş Azərbaycanın köməyini heç zaman unutmayacaq!" - – AVROPADAKI ÇEÇENLƏRDƏN AZƏRBAYCANA DƏSTƏK! / Prezidentə müraciət

13/10/2020 - 16:52 547 2   0  

“Çox istərdik ki, Avropa ölkələrindəki hərbçilərin doğma torpaqlarının azad olunması kimi müqəddəs amal uğrunda əlindən gələni etməsi üçün Vətənə qayıtmasına icazə verəsiniz”

Avropadakı Çeçenlərin Milli Assambleyası Ağsaqqallar Şurasının sədri Əhməd Dokudayev Azərbaycan prezidenti İlham Əliyevə Qarabağ savaşı ilə bağlı müraciət ünvanlayıb.  Suveren.az həmin müraciətin tərcüməsini oxucularına təqdim edir:

“Hörmətli İlham Heydər oğlu!

Biz, Avropa ölkələrindəki Çeçenlərin Milli Assambleyasının Ağsaqqallar Şurasının üzvləri, 2020-ci ilin 7 oktyabrında keçirilmiş konfransından Sizə müraciət edirik...

Rusiya tərəfindən çeçen xalqının açıq genosidi aparılan çətin zamanlarda ölkədə Ermənistanın işğal etdiyi Dağlıq Qarabağ və 7 rayondan 1 milyondan çox qaçqının olduğuna baxmayaraq, qardaş Azərbaycan Çeçenistandan on minlərlə qaçqını qəbul etdi və onlara sığınacaq verdi. Sizin ölkənizin çox dəyərli yardımı sayəsində arasında Ağsaqqallar Şurasının üzvlərinin də olduğu çeçen qaçqınları həyatda qaldılar. Çeçen xalqı bu qardaş köməyini heç zaman unutmayacaq!

İndi, 26 ildən sonra Azərbaycanın Silahlı Qüvvələri öz işğal edilmiş ərazilərini erməni işğalçılarından azad edirlər və biz ümid edirik ki, Böyük Allahın köməyi ilə bu ərazilər tam azad olunacaqlar və nəhayət ki, zülm çəkmiş azərbaycanlı qaçqınlar işğalçıların zəbt etdiyi və dağıtdığı evlərinə geri dönəcəklər.

Biz, Ağsaqqallar Şurasının üzvləri, Azərbaycan xalqını bu əsl müqəddəs işdə - torpaqların işğaldan azad olunmasında tam dəstəkləyirik. Biz Azərbaycan rəhbərliyi ilə bu məsələdə həmrəyik ki, suveren Azərbaycanın ərazisində Ermənistanın işğalçı ordusunun heç bir üzvü qalmamalıdır.

Belə bir fikir var ki, Dağlıq Qarabağın statusuna beynəlxalq səviyyədə qərar verilməlidir. Amma Avropa ölkələrindəki Çeçenlərin Milli Assambleyasının Ağsaqqallar Şurasının mövqeyi budur ki, mövcud status Azərbaycan xalqı və rəhbərliyi tərəfindən Dağlıq Qarabağ ərazisində yaxın keçmişdə əli qana batmamış erməni xalqının nümayəndələrinin yaşaması nəzərə alınaraq həll olunmalıdır.

Hörmətli İlham Heydəroğlu!

Biz, həmçinin çox istəyərdik ki, Avropa ölkələrindəki hərbçilərin – bu çətin zamanda Azərbaycanın Silahlı Qüvvələrində layiqli yer tuta biləcək əsl Azərbaycan vətənpərvərlərinin doğma torpaqlarının azad olunması kimi müqəddəs amal uğrunda əlindən gələni etmək üçün Vətənə qayıtmasına icazə verəsiniz. Onların əksəriyyəti Azərbaycanın, Çeçenistanın, bütünlükdə Qafqazın müdafiəsi üçün Avropa ölkələrindəki Çeçenlərin Milli Assambleyasının Ağsaqqallar Şurasının konfranslarında iştirak edərək, aktiv fəaliyyət aparırlar.  

Böyük Allaha etdiyimiz dualarımızda biz onun qardaş Azərbaycan xalqına hər cür kömək göstərməsini istəyirik və əminik ki, O, bizim dualarımı qəbul edəcək və qardaş Azərbaycanın torpaqlarının işğaldan azad olunmasında ədalət qələbə çalacaq!

Əhməd Dokudayev,

Avropadakı Çeçenlərin Milli Assambleyası Ağsaqqallar Şurasının sədri

10 oktyabr 2020 il