Cahangir Hacıyevin adamı, bankın sabiq sədri ifadə verdi - Allahverdiyevə ayrılan 15 milyonluq kredit işi

29/01/2019 - 17:04 1 435 0   0  

Azərbaycan Beynəlxalq Bankının 15 milyonunu mənimsəməkdə ittiham edilən şəxs hakim qarşısına çıxarılıb.
Suveren.az musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən Rauf Allahverdiyevin cinayət işi üzrə məhkəmə iclası keçirilib. Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Emil Mustafayev ifadə verib.
Emil Mustafayev Beynəlxalq Bankın İdarə heyətinin sədri vəzifəsində çalışıb. Cahangir Hacıyev bankın sədri vəzifəsində çalışarkən Emil Mustafayev sədr müavini idi. Hacıyevin həbsindən sonra Emil Mustafayev bir müddət sədr vəzifəsini icra edib. Daha sonra isə vəzifədən kənarlaşdırılıb. Cahangir Hacıyevə qarşı irəli sürülən ittihamdan aydın olurdu ki, bankdakı özbaşınalıqlar və qanunsuz əməliyyatlar məhz Mustafayevin ifadəsi əsasında üzə çıxıb.
Rauf Allahverdiyevə 15 milyon manat kredit ayrılması epizodu üzrə dindirilən E.Mustafayev qeyd edib ki, hazırda bankda zəmanət kimi təqdim edilən obyektlərin satılmasında problem var. Mustafayevin sözlərinə görə, Rauf Allahverdiyevin götürdüyü kreditin müqabilində banka zəmanət kimi göstərdiyi obyektlərin sənədləri saxtalaşdırılıb. Ona görə də obyektin satılaraq borca yönləndirilməsi mümkün deyil. E.Mustafayev qeyd edib ki, həmçinin obyektlərin başqa sahibləri olduğu üçün onlar da Moskvada məhkəməyə müraciət ediblər.
Rauf Allahverdiyev qeyd edilən məsələləri 3 ay ərzində həll edib, banka olan borcunu tam olaraq bağlaya biləcəyini deyib. Təqsirləndirilən şəxs buna görə azadlığa çıxmaq istəyir: "Mən burada qəfəsə qədər gedirəm. Burdan o tərəfə heç nə edə bilmərəm. Razılıq olsun, özüm çıxıb məsələni həll edəcəm".
Məhkəmə prosesi fevralın 1-də davam etdiriləcək.
Azərbaycan Beynəlxalq Bankının nümayəndəsi məhkəməyə mülki iddia təqdim edib. Nümayəndə banka vurulan ziyanın 15 milyon manat olduğunu, pulun 3 milyon manatının ödənildiyini qeyd edib. İttihama görə, iş adamı Rauf Allahverdiyev bankın Moskva filialından 15 milyon manat kredit götürüb. Lakin, sonradan krediti qaytara bilməyib.