"BƏZİ ADAMLARIN QARŞISINDA QUL KİMİ BAŞ ƏYİRSİNİZ..." - Deputat yenə Ramiz Mehdiyevi hədəfə aldı

31/07/2020 - 22:43 646 0   0  

Fəzail Ağamalı: “Görək, yenə də AMEA-nı özünün qərargahına cevirəcək, yoxsa, dayanacaq...”

“Bu, nə vaxtdan istiqlalçı olub? Nə vaxtdan dövlət müstəqilliyi uğrunda mübarizə aparanlardan biri olub?”

 

“Mən Ramiz Mehdiyevin həmin müraciəti oxudum. O, əslində xaricdə oturan bəzi jurnalistlərə –məncə, əsasən Sevinc Osmanqızını daha çox hədəfə alır, adını çəkmir, ancaq yaxşı olardı ki, ad da çəkilərdi – xitabən bunu ifadə edir. Eyni zamanda özünün ideyalara sadiqliyini bir daha önə çəkib. Bu, artıq üçüncü yazıdır ki, o, Heydər Əliyevə, cənab prezidentimizə, Azərbaycan dövlətçiliyinə sadiq olduğunu təkrarlayır”. 

Muxalifet.az xəbər verir ki, bunu müsavat.com-a müsahibəsində Ana Vətən partiyasının sədri, deputat Fəzail Ağamalı bildirib.

Deputat AMEA prezidentinin üç dəfə mətbuata çıxıb, hər dəfə sadiq olmasını vurğulamasına diqqət çəkir: “Adətən, sadiq adamlar bir dəfə deyər ki, mən sadiqəm və yaxud kənardakılar deyirlər ki, bu, sadiqdir. O halda heç təkzibə də ehtiyac olmaz, deyirlər görünən kəndə nə bələdçilik? Əgər bu, doğrudan da sadiqdirsə, onda bir dəfə dedi, kifayətdir, niyə 3 dəfə təkrarlayır? Bu, bir az istər-istəməz diqqətcil olan sizin kimi jurnalistlərdə müəyyən suallar doğurur. Mənə belə gəlir ki, gedən yazılar, ciddi tənqidi fikirlər nəsə onu düşünməyə vadar edib.

İndi baxaq, görək, yenə də AMEA-nı özünün qərargahına cevirəcək, yoxsa, dayanacaq...Sadəcə olaraq mən ona cansağlığı arzulayıram. 100 yaşasın, ancaq düz yaşasın! Azərbaycan dövləti ilə işi olmasın! 

 Azərbaycan dövlətçiliyi üçün canımızı qoymuşuq, canını qoyanlardan da biri mənəm. Mənim taleyimdir Azərbaycanın azadlığı və müstəqilliyi, dövlətçiliyi. 19 yaşımdan bu yolla gəlirəm, min bir işgəncələrə, təqiblərə, təzyiqlərə məruz qalmışam. Heç açığını deyim ki, bu gün də o təzyiqlərdən kənarda deyiləm. Şəhid vermişik, qan tökmüşük. 20 Yanvar faciəsindən keçmişik, Xocalı soyqırımı kimi faciələri yaşamışıq. 20 fazi torpağımızı itirmişik müstəqilliyə görə. Bu gün də Azərbaycanın müstəqilliyinə qənim kəsilən qüvvələr var. Sadəcə olaraq hər kəs işiylə məşğul olsun, Azərbaycan dövlətilə, onun müstəqilliyi ilə kimsənin işi olmasın!"

 

 

Partiya sədri R. Mehdiyevin həmin müraciətdə “əqidə qumar daşı deyil ki, dəyişsin” cümləsinin üstündə dayanıb: “Siyasi əqidə məsələsi...Bu, nə vaxtdan istiqlalçı olub? Nə vaxtdan dövlət müstəqilliyi uğrunda mübarizə aparanlardan biri olub? Sadəcə olaraq rəhmətlik ulu öndərimizin, cənab prezidentimizin tapşırıqlarını yerinə yetirib, tapşırıqlarda da bilirik nə var, nə yox. Açığı, mən bu məsələlərə bir daha qayıtmaq istəmirəm. Çünki məni də aparıb xaricdəki jurnalistlərlə eyniləşdirər, yanaşı qoyarlar ki, baxın, mən bunu demişəm, bu da xarici jurnalistlərin yanındadır. 

Bu, bir “priyom”dur ki, bizi də çəksinlər ora, elə bir təəssürat yaratsın ki, buyurun, xaricdə oturan jurnalistlərlə daxildə Ramiz Mehdiyev haqqında deyilən fikirlərin və insanların arasında bir bağlılıq var. Bu, bir “priyom”dur, ona görə də üzərində çox dayanmaq istəmirəm. Sadəcə olaraq bir daha təkrar edirəm, heç kəsin Azərbaycanın müstəqilliyi, dövlətçiliyi ilə işi olmasın! Kim bu dövlətçiliyin əleyhinə gedəcəksə, birinci ölkə Prezidentinin iradəsinin qarşısında cavab verməli olacaq, birmənalı şəkildə.

Çünki 2003-cü ildən üzübəri, 17 il ərzində İlham Əliyev sübut etdi ki, Azərbaycan dövlətçiliyinə, milli istiqlalına son dərəcədə sədaqətlidir, Vətənə birmənalı şəkildə bağlıdır və heç bir çətinlik, təhdid, xoşagəlməz vəziyyət onu bu yoldan döndərən deyil. O, bunu dəfələrlə sübut edib. Birinci ölkə prezidentinin iradəsi var ortalıqda. İkinci də Azərbaycan xalqının iradəsi var. Baxın, Tovuz döyüşlərində gənclərimiz meydanlara çıxdı, bu gün siyasi əqidəsindən asılı olmayaraq, gənclərimiz Amerikada, Avropada, dünyanın ayrı-ayrı ölkələrində Azərbaycan dövlətinin və ordusunun yanındadır. Ermənistanın işğlaçı siyasətinə son qoymaq üçün bütün iradəsini ortaya qoyub, budur Azərbaycan xaqlı! Bunun qabağında ayrı-ayrı şəxslər nostalji hisslərlə yaşayanda neyləyəcəklər?"

Deputat onu sifarişlə danışmaqda ittiham edənlərə də sərt cavab verib: Baxın, biz yazı yazırıq, fikirlərimizi ifadə edirik, Ramiz Mehdiyevin bəzi əlaltıları, iş, görəv verdiyi, imkanlar yaratdığı adamlar götürüb mətbuatda yazırlar ki, Fəzail Ağamalı sifarişlə yazı yazır. Nə sifariş? Sifarişlə işləyən sizsiniz ki, onun, bunun köləsi kimi tapşırıqlarla düzlənir, bəzi adamların qarşısında qul kimi baş əyirsiniz. Tam məsuliyyətlə deyirəm ki, əvvəllər yazdıqlarım da mənim öz düşüncələrimin məhsulu idi və qələmə almışdım. Ona görə də həmin adamları məni özlərilə dəyişik salmasınlar. Adını çəkmək istəmirəm. Çəksəm, böyük şərəfə minəcəklər. Vaxtilə öz şərəf və ləyaqətini qoruya bilməyənlər indi mətbuata çıxıb söz söyləyir. Belə şeylər var, bu, konyukturadır. Bu insanlar ya özləri fikirləşib, müəyyən nəticə çıxardıb cəmiyyətdən kənara durmalıdırlar, yaxud onlar tamamilə təcrid edilməlidirlər, ifşa olunmalıdırlar, ictimai rəydə onlar birmənalı şəkildə fikir burulğanından kənara çəkilməlidirlər. Ümumilikdə götürdükdə isə, mən hər hansı ciddi təhlükəni görmürəm. Dediyim kimi, ölkədə cənab Prezidentin iradəsi var. Onun yanında ideyalarımıza, dövlətçiliyimizə, Vətənimizə son dərəcədə sədaqətli olan Birinci vitse-prezident var. Prezidentimizlə xalqımızın möhkəm vəhdəti, birliyi var və bu birliyin qarşısında kimsə nəsə eləyə bilməz. Sadəcə olaraq edilənlər ürək bulandırmaqdan başqa bir şey deyil".